Azərbaycan-Rusiya sağlıq turizmi əlaqələri genişləndirilir - FOTO

10:20 12.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 6-8-də Bakıda sağlamlıq turizminin inkişafına həsr olunmuş SWIC - Spa and Wellness International Congress adlı tədbir keçirilib. Rusiya Sağlamlıq və Wellness Turizm Assosiasiyasının sədri Yelena Trubnikova tədbirin SPA və Wellness industriyasında maliyyə göstəricilərinə həsr olunmuş bölümündə çıxış edərək qeyd edib ki, hər iki istiqamətin investisiya cəlbediciliyini və iqtisadi efektivliyini artırmaq üçün təcili tədbirlərin həyata keçirilməsi lazımdır.  Y.Trubnikova nümunə olaraq Rusiyanın "Top 100"nə daxil olan sanatoriya-kurort müəssisələrinin son 5 il ərzində bu istiqamətdə gördüyü işlərdən və əldə etdiyi uğurlardan danışıb.   

Hafta.az xəbər verir ki, Azərbaycan  Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev isə Azərbaycanın sağlıq turizmi sahəsindəki imkanlarından bəhs edib. Assosiasiya rəhbəri bildirib ki, ölkəmizdə bu turizm növünün demək olar ki, bütün istiqamətlərinin inkişafı mümkündür, potensial var və lazımi tədbirlər həyata keçirilir.

Rusiya Sağlamlıq və Wellness Turizm Assosiasiyasının sədri Yelena Trubnikova səfər çərçivəsində Azərbaycan  Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) üzvləri ilə görüşüb.

AHTTSA-nın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Sahibkarlar Konfederasiyasının mənzil-qərargahında baş tutan görüşdə ölkəmizin sağlamlıq turizmi sahəsindəki potensialı, mövcud imkanlardan səmərəli istifadə yolları, bu istiqamətdə görülən işlər və qarşıdan gələn 2020-ci ildə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb. Görüşdə eyni zamanda sağlamlıq turizmi sahəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında birgə fəaliyyətlə bağlı hər iki ölkənin assosiasiyaları arasında memorandum imzalanıb. Sənəddə qarşılıqlı biznes forumların, infoturların keçirilməsi haqqında müddəalar öz əksini tapıb.

Səfər çərçivəsində Yelena Trubnikovanın daha bir görüşü Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətovla baş tutub. Qonaq ali təhsil ocağının auditoriyalarına daxil olaraq tələbələrlə də görüşüb, fikir mübadiləsi aparıb. Görüşlərdə həmçinin tələbələrin Rusiya sağlamlıq turizmi təsisatlarında təcrübə keçmək imkanları və bu istiqamətdə ustad dərslərinin keçirilməsi barədə müzakirələr aparılıb.