Salam doğma məktəb

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
Ömrün unudulmaz yaddaqalan anları çox olur. Qayğısız məktəb illəri yaddaşımızın dərin qatlarına kök salaraq, zaman-zaman bir kino lentitək gözümüzün önündən gəlib-keçir. Yaşımızın hansı çağında olursa-olsun bizi kövrəldir, ötənlərə qaytarır. İlk dəfə əlimizə çanta alıb, məktəbə yollandığımız ürkək baxışlarla ətrafı seyir edib, yeni dərs gününün zəngini gözlədəyimiz o həyəcanlı anlardan çox illər ötsə də, şirin xatirəyə dönən məktəb illərini heç zaman unuda bilmirik.

Məktəb partası arxasında əyləşib titrək barmaqlarımızla ilk dəfə “Ana“ və “Vətən“ sözlərini bizə yazmağı öyrədən müəllimlərimizi həmişə böyük hörmətlə, məhəbbətlə xatırlayırıq. Odur ki, hansı peşəyə, sənətə yiyələnməyimizdən asılı olmayaraq hər birimiz ilk növbədə özümüzü müəllimlərimizə borclu sayırıq. Məktəb illəri mənim də yaddaşıma xoş izlər qoyub. On il gedib-gəldiyim doğma məktəbi əziz mehriban müəllimlərimi həmişə böyük minnətdarlıq hissləri ilə xatırlayıram. Beynəlxalq Müəllimlər Günü ərəfəsində bu dəfə yolumu bu məbədgahdan saldım. Salam doğma məktəb deyərək içəri daxil odum. Növbəti dərsin başlanmasına az qalmışdı. Səliqə ilə geyinmiş qızlar-oğlanlar muncuq kimi cərgəyə düzülərək zəngin çalınmasını gözləyirdilər. Ruhu oxşayan insanı mübarizəyə səsləyən əzəmətli himnin sədası ətrafa yayılmışdı. Məktəbin direktoru Nailə Məmmədova uşaqları salamlayaraq onlara tapşırıq və tövsiyələrini verdi. Haqqında söhbət açmaq istədiyim 187 saylı orta məktəb Bakının Maştağa qəsəbəsində fəaliyyət göstərir.
Öz zəngin ənənələrilə seçilən bu təhsil oçağı təkcə Sabunçu rayonunda deyil, eyni zamanda, Bakı məktəbləri arasında da tanınır. Məktəb 1936-cı ildən fəaliyyət göstərir. Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə məktəb 1955-ci ildən görkəmli dramaturq Cəfər Cabbarlının adını öz ünvanında qürurla yaşadır. Onu da qeyd edim ki, burada gözəl bir ənənənin əsası qoyulub. Məktəbdə böyük dramaturq C.Cabbarlının anadan olması ilə əlaqədar olaraq hər il martın 20-də Bahar oğlu adlı ədəbi bədii gecə silsilə tədbirləri keçirilir.
2007-ci ildən bu nümunəvi təhsil ocağına gözəl pedaqoq, bacarıqlı təşkilatçı Nailə Məmmədova rəhbərlik edib. Gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli, pedaqoji fəaliyyətinə görə Nailə xanım 2008-ci ildə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi“ döş nişanı ilə təltif edilib. Nailə xanım məktəbin uğurlarından danışdı və qeyd etdi ki: “Hal-hazırda məktəbdə 2290 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 158 müəllim məşğul olur. Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Məktəbin uğurları ildən-ilə artır. Ötən tədris ilində məktəbimiz “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamıyla “İlin ən yaxşı ümumtəhsil məktəbi“ müsabiqəsinin qalibi olub. Bu tədris ilində də uğurlu nailiyyətlər əldə etmək üçün pedaqoji kollektivimiz, böyük ruh yüksəkliyi ilə yeni dərs ilinə başlayıb. Məktəbimizdə bacarıqlı, peşəsini, işini sevən müəllimlərimiz də çoxdur. Riyaziyyat müəllimi Məlahət Adullayevanın, rusdilli müəllimi Şərəbanı Hüseynovanı, biologiya müəllimi Təhminə Məmmədovanın ibtidai sinif müəllimi Şəfiqə Məmmədovanın, eləcə də Kəmalə Novruzovanın, tərbiyə işlər üzrə direktor müavini Üffət Bağırovanın adını qürurla çəkə bilərəm. Bu müəllimlərin çoxu Təhsil Nazirliyi tərəfindən müxtəlif fəxri fərmanlarla təltif ediliblər. Gənclərimizin tərbiyəsində milli adət-ənənələrimizi, milli dəyərlərimizi yaşadan, həmçinin tarixi günlərlə bağlı məktəbdə keçirilən müxtəlif tədbirlərin əhəmiyyəti böyükdür. Ötən il Sabunçu Rayon İcra Hakimiyyəti ilə birlikdə hazırladığımız “Xocalı soyqırımının ildönümünün qeyd olunması ilə bağlı “Bu qan yerdə qalan deyil“. “Hər il olduğu kimi I-IVsiniflər və V-VIII siniflər arasında “Azərbaycanım mənim“ şeir müsabiqələri, “Ana yurdum Qarabağ mahnı festivalı“, “Bir payız axşamı“, “Bir qış gecəsi“, “Bir yaz səhəri“ adlı ədəbi bədii gecələr öz rəngarəngliyi ilə yaddaşlarda qaldı. Bundan əlavə tez-tez məktəbimizdə müxtəlif fənlər üzrə viktorinalar, dəyirmi masalar keçirilir. Şagirdlərimizin istər idman, istərsə də yaradıcılıq sahəsində əldə etdiyi uğurlardan söz salmamaq mümkün deyil. Məktəbin X sinif şagirdi Aytac İsmayılzadə fənn olimpiadalarında, şəhər turunda Azərbaycan dili və ədəbiyyat fənnindən iştirak edib. Rayon turunda ingilis dilindən Züleyxa Məmmədova 1-ci yerə, XI-sinif şagirdi Günay Quliyeva 2-çi yerə layiq görülüb. Məktəbimizin şagirdləri “Şahin“ hərbi idman oyunlarında dəfələrlə müxtəlif yerlərə layiq görülüblər. Bundan əlavə məktəbimizin kollektivi “Təhsil, zaman və biz“ mövzusunda keçirilən baxış sərgisində fəal iştirakına görə Bakı Şəhər üzrə Təhsil İdarəsi tərəfindən fəxri fərmana layiq görülüb“.
Bəli, mən də doğma məktəbdən xos təəssüratla ayrıldım. İnanıram ki, respublikamızda nümunəvi qabaqcıl təhsil ocaqlarından biri olan C.Cabbarlı adına 187 saylı orta məktəb və onun kollektivi bu tədris ilində də daha yüksək uğurlara imza atacaq.
İradə Cavadova
Oxunma sayı 79