Azərbaycan-Ukrayna turizm əlaqələri genişləndirilir - FOTO

10:00 09.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 8-də Bakıda “Kiyev günləri” adlı tədbir çərçivəsində Ukrayna və Azərbaycan arasında turizm əlaqələrinin genişləndirilməsi və məlumat mübadiləsinin aparılması məqsədilə sözügedən ölkələrin turizm təsisatları arasında işgüzar ikitərəfli görüş və təqdimat mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə turizm təşkilatları və turizm təyinatlı  assosiasiyaların təmsilçilərinin  iştirakı ilə qastronomik, sağlamlıq, işgüzar turizmin təşviqi  seqmentlərində post-pandemiya dövründə əməkdaşlıq prespektivləri müzakirə olunub.

Tədbir çərçivəsində Ukraynanın turizm potensialı haqqında ətraflı məlumat verilib və turizm bölgələrinin təqdimatı həyata keçirilib. Sonda ikitərəfli B2B formatında görüşlər təşkil edilib. Görüş Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Ukrayna Gəlmə Turoperatorları Assosiasiyası (AITOU) və Ukrayna İşgüzar Turizmi Assosiasiyası (BTAU) arasında, eləcə də Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA ) və Ukrayna Tibbi Turizm Assosiasiyası  (UAMT) arasında assosiativ birgə əməkdaşlıq haqqında memorandumların  imzalanması ilə başa çatıb.

Məlumat üçün bildirək ki, Qlobal Sağlamlıq Turizm Şurasının V Forumu-Zirvə görüşü 16-18 iyun tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək. Azəbaycan 2019-cu ildə Qlobal Sağlamlıq Turizm Şurasının IV Forumu-Zirvə görüşünə ev sahibliyini həyata keçirərək, rotasiya üzrə quruma rəhbərlik estafetini Ukraynaya təhvil verib. Bu platformada uzunmüddətli əməkdaşlıq davam etdirilir.

Oxunma sayı 601