“Zəvvarların hərəkət marşrutunun dəyişdirilməsi problem yaratmayacaq“

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt

Qafqaz Müsəlmanları İdarəsində azərbaycanlı müsəlmanların təhlükəsizliyi ilə bağlı ciddi addımların atıldığını bildirirlər

Oktyabrın 25-26-da azərbaycanlı zəvvarlar Həcc ziyarətinə yollanacaqlar. Qeyd edək ki, bu il Azərbaycandan ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq 2 500-ə yaxın zəvvar avtobus və təyyarələrlə müqəddəs məkanlara yola düşəcək. Ziyarət səfərləri avtobuslarla 2650 manat (keçən il 2500 manat olub), təyyarə ilə səfər edənlər üçün isə 3750 manat (keçən il 3500 manat olub) dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.
Builki yeniliklərdən biri də Qafqaz Müsəlmanları İdərəsinin Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların marşrutunda dəyişiklik etməsidir. Belə ki, ötən illərdə Səudiyyə Ərəbistanına İraqdan daxil olan zəvvarlar bu il Suriyada baş verən hadisələrlə əlaqədar Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcək. Amma İraqda mövcud siyasi vəziyyətin Suriyadakı durumdan o qədər də fərqlənməməsi zəvvarlarımızın təhlükəsiziliyinin hansı formada həyata keçiriləcəyi aktuallaşdırıb.
QMİ-dən aldığımız məlumata istinadən, zəvvarlar Həcc ziyarətinə gedərkən və qayıdarkən İraqdakı müqəddəs yerləri, o cümlədən Kərbəlanı da ziyarət edə biləcəklər: “Bu il Həcc ziyarətinə gedənlərin təhlükəsizliyi tam təmin olunub. Bununla bağlı bütün məsələlər İraq hökuməti ilə danışılıb və lazımi sənədlər imzalanıb. Bundan başqa, ziyarət gedənlərin sərhəd-keçid məntəqələrindən problemsiz keçməsi ilə bağlı İranla da danışıqlar aparılıb. Belə ki, bir müddət öncə Şeyxülislam Hacı Allahşükür Paşazadə İrana səfəri zamanı bu ölkənin daxili işlər naziri Məhəmməd Nəccarla görüşüb. Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərlə yanaşı, bu il Həccə gedəcək zəvvarların təhlükəsizliyi, sərhəd-keçid məntəqələrindən problemsiz keçməsi ilə bağlı danışıqlar aparılıb. İraq hökuməti ilə aparılan danışıqlarda belə bir nəticə əldə olunub ki, bu ölkənin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətinin əməkdaşları azərbaycanlı zəvvarları daşıyan avtobusun İraq ərazisinə daxil olmasından etibarən həmin marşrutlar mühafizə ediləcək. Zəvvarlarımız İraqda iki gün qalacaqlar. Sonra isə Məkkəyə yola düşəcəklər. Yəni, inşallah zəvvarlarımızın təhlükəsizliyi ilə bağlı heç bir problem yaranmayacaq“.
Qeyd edək ki, ölkəmizdə Qurban bayramı noyabrın 6-7-də qeyd olunacaq. Azərbaycandan Həcc ziyarətinə yollanacaq 2500 nəfər zəvvarın 1300-ə yaxını avtobusla yola düşəcək. Zəvvarların ziyarəti üçün 45 avtobus və 5 təyyarə ayrılıb.

Oxunma sayı 60