Azərbaycan və Avstriya dəmir yolları arasında əməkdaşlıq müzakirə olunub

14:21 12.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən hafta.az-a verilən məlumata görə, qurumun sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, tranzit potensialının artırılması istiqamətində görülən işlər barədə danışıb.

O, bildirib ki, coğrafı mövqeyinə rəğmən beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşmasında aktiv iştirak edir. Bakı-Tbilisi-Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsi təkcə iştirakçı ölkələrin deyil, eləcə də digər region ölkələrinin inkişafında əhəmiyyətli rol oynayacaq, ölkələrimizin iqtisadi-ticarət əlaqələrini genişləndirəcək.

Görüşdə Azərbaycan və Avstriya dəmir yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardt bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr genişlənir. Avstriya tərəfi olaraq biz bu əlaqələrin intensivləşdirilməsində, infrasrtuktur layihələrinin icrasında iştirak etməyə maraqlıyıq.

Müzakirələr zamanı ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.