“Bizə yalan söylədilər“

15:15 21.10.2011
Yazını böyüt
Yazını kiçilt

Qan Tural: “İldə bir roman çap olunan ədəbi prosesdən nə gözləmək olar?“

““Mustafa“da gerçəkliyin təsviri var“. Bu fikirlər onun yenicə işıq üzü görmüş kitabı haqqında dedikləridir. Qısa zamanda kifayət qədər oxucu qazanan “Mustafa“da fəlsəfənin əyləncəsini yazmağa çalışan yazarla elə söhbətimiz də bu barədə oldu. “Mustafa“ və özü haqda bilmədiklərimizi bir az da Qan Turalın öz dilindən eşidək...

- Son dövrlər tez-tez gənc yazarların kitabları işıq üzü görür. Bir yazıçı kimi, sizcə, “Mustafa“nın digər kitablardan üstün cəhəti nədir?
- Naşirim belə hesab edir ki, bu kitab o biri kitablardan açıq-saçıqlığının olmaması ilə fərqlənir. Yəqin ki, başqa fərqlər də var. Buna oxucular qərar versə yaxşıdır. Bizim bəzi yazıçılar hətta öz romanlarının janrını müəyyən edib onu ədəbiyyat tarixinə yerləşdirməyə də çalışır. Amma buna ehtiyac yoxdur. Yazıçı ancaq mətni yazmalıdır. Orxan Vəli zarafatla deyirdi ki, sevgilimin adını ədəbiyyat tarixçiləri tapsın.
- Belə bir söz var, “mus-mus“ deyincə, “Mustafa“ de. Siz artıq “Mustafa“ dediniz. Davamı gələcəkmi?
- Yəqin ki. İndi beynimdə bir neçə süjet var. Yazmaq zamanı gələndə yəqin ki, onların heç biri qalmayacaq, başqa bir süjeti yazacağam. “Mustafa“ da belə olmuşdu. Amma növbəti kitabım esselərdən ibarət olacaq. İşçi adı “Bizə yalan söylədilər“ olan kitabda klassiklərimiz-Mirzə Cəlil, Ömər Faiq, Nərimanov, Cavid əfəndi, Əhməd bəy Ağaoğlu haqda tarixi esselər olacaq. Üç essesini yazdığım kitab üçün indi araşdırmalar aparıram. Yəqin ki, kitab gələn ilin ilk yarısında hazır olacaq.
- İndi gənc yazarların əksəriyyəti roman yazır. Bəs siz bundan sonrakı yaradıcılığınızda digər janrlara müraciət etməyi düşünürsünüzmü? Məsələn, mənsur pyes...
- Yəqin ki, ancaq esse və roman yazacağam. Şeir yaza bilmirəm, pyes isə yazmağı hələlik düşünmürəm. Amma hər şey mümkündür. Bəziləri romanların çox yazıldığını deyir, roman bumundan danışır. Bu söhbətlərin bir əsası yoxdur. Nə qədər çox roman yazılırsa, o qədər yaxşıdır. Ədəbi proses canlı olmalıdır. İldə bir roman çap olunan ədəbi prosesdən nə gözləmək olar?!
- Kitabları maraqlı edən xüsusiyyətlərdən biri də ön sözdür. Ancaq “Mustafa“da bu yox idi. Bunun üçün heç kəsə müraciət etməmisiniz, yoxsa...?
- Bu sovetdən qalma şablondur. Ədəbi tənqid romanı partiyanın görmək istədiyi şəkildə şərh edir və bu şərh oxucuları romanı oxumağa yönləndirirdi. Yazıçı ilə oxucunun arasına heç kim girməməlidir. Kimin romanla bağlı məqaləsi varsa, müxtəlif mətbu orqanlara təqdim edə bilər. Bu, daha faydalıdır. Ayrıca, ön sözün faydalı yox, ziyanlı bir şey olduğunu düşünürəm. Bu yaxınlarda məşhur şairlərdən biri demişdi ki, guya mənim şeir kitabıma ön söz yazıb. Amma mənim şeir kitabımda ümumiyyətlə ön söz yoxdur.
- Dedektiv yazar Aqata Kristi qeyd edirdi ki, mən oxucularımın hisslərinə hörmətlə yanaşdığımdan açıq-saçıq ifadələrdən istifadə etmirəm. “Mustafa“da da erotik səhnələrə rast gəlmədik. Siz də Aqata kimi düşünüb bu addımı atmısınız, yoxsa bunun başqa səbəbi var?
- Sadəcə, Mustafanı erotik bir səhnədə təsəvvür etmədim. Onun xarakteri belə deyildi. Bir də erotik bir yer yazsam, mənim verdiyim mesajlar kənarda qalacaq, müzakirələr bu məqam üstündə cəmləşəcəkdi. Bu da yazıçı üçün qorxulu şeydir. Amma tutaq ki, bir fahişə haqda roman yazsaydım, erotika yazardım, əlbəttə! Mövzudan asılıdır erotika. Romançı özünü boğmamalı, bir çərçivəyə salmamalıdır. Bir çox hallarda süjet romançının əlindən bir balıq kimi sürüşüb-çıxır. Buna görə də nəyisə yazıb-yazmamağı qabaqcadan müəyyənləşdirmirəm.
- Dostoyevski, Kamyu, Bulqakov və digərlərinin əsərlərini oxuyanda hansısa tanınmış yazarın sitatına rast gəlməmişəm. Ancaq indi yazılan kitabların əksəriyyətində Kamyudan, Kafkadan sitatlara tez-tez rast gəlirik. Eləcə də “Mustafa“ da belə sitatlarla boldur. Bu, nədən irəli gəlir?
- Üslub baxımından buna ehtiyac vardı. Çünki Mustafa proseslərdən çox kitablarla yetişir. Mən sizə başqa bir əsər deyim: Cek Londonun “Martin İden“i. Orada Spenserdən bol sitatlar var. Eləcə də başqa yazıçı və filosoflardan. Bu üslub məsələsidir. Mənim seçdiyim üslub-Mustafanın dərin mükalimələr, mütaliədən doğan düşüncələr esseistika tələb edirdi. Buna görə də kitab intellektual kitab təsiri bağışlayır.
- Maraqlıdır ki, sitat gətirdiyin yazıçılar arasında azərbaycanlı yazıçı yoxdur. Səbəbi nədir bunun? Sizcə, bizdə sitat gətiriləcək yazar yoxdur?
- Afaq Məsuddan bir sitat vardı. Bizim çox güclü yazıçılarımız var. Mən o ənənəni davam etdirirəm. Onlardan sitat olmağının səbəbi isə konteksə uyğun bir sitat xatırlamamağımdır. Yeri gəlmişkən, mən Azərbaycanın ən böyük yazıçısı İsa Hüseynovu hesab edirəm. Onun ədəbiyyatımıza gətirdiyi nəfəs hələ də tükənməyib. Amma neçəmiz onu oxuyub ki?! Ya da başqa dahi yazıçı, İsi Məlikzadə. Ondan xəbərsiz olanlar ədəbiyyatdan danışır.
- Mustafanın yuxusundakı imtahan səhnəsi xoşuma gəldi. Xüsusilə də Markla söhbət. Bu epizod mənə Seyran Səxavətin “Nekroloq“unu xatırlatdı. Bu əsərin “Mustafa“nın yuxusuna aidiyyatı var, yoxsa tamam təsadüfdür?
- Seyran Səxavətin “Nekroloq“ romanını, təəssüf ki, oxumamışam. Amma onu çox güclü yazıçı hesab edirəm. Yuxuya gəldikdə isə mən bir şeyi vermək istəyirdim: Təhsil sisteminin məhvini. Mark Avreli öz fəlsəfəsindən olan suala görə kəsilir. Əsas ideya budur. Başqa bir məqsədim də vardı. Fəlsəfəni hamı universitetdən mürəkkəb bir fənn kimi xatırlayır. Hamının beynində fəlsəfə müəlliminin əzazil bir obrazı mütləq var. Mən isə fəlsəfənin əyləncəsini yazmağa çalışmışam. Orada heç bir uydurma yoxdur. Tutaq ki, Maonun xış sürməsini. Mao marksizmdə kəndlilərin rolunu çox böyüdən bir filosofdur. Nitsşe atı qucaqlayıb ağlamışdı. Plexanovla Lenin düşmən idilər. Bir sözlə, orada real faktların alleqoriyası var.
- Sizcə, “Mustafa“da məğlubiyyətin, mübarizənin effektsizliyinin təbliği yoxdurmu?
- Yoxdur. Bunu etmək istəsəydim, bir esse yazardım, nəinki roman. “Mustafa“da gerçəkliyin təsviri var, nəinki hansısa çağırışlar. Bu cür çağırışların olduğu ifrat ideolojik kitabları bizim nəsil zibil yeşiyində gördü. Bu barədə fikrim Mustafa ilə səsləşir. Mustafa da bir dönəmində fikrin yayılması üçün fəlsəfəni əsas sayırdı, nəinki ədəbiyyatı.
- Solçular romanı necə qarşıladı?
- Düzü, mənə bu barədə bir siqnal gəlməyib. Mənim solçuları seçməyimin də səbəbi sadədir. Çünki sosializm ən romantik cərəyandır, üstəlik kitablarla dostdur.
- Mustafanın mübarizə yolunda özünüzü görürsünüzmü? Yəni Qan Turalının da mübarizəsi belə başladı və belə bitir?
- “Mustafa“ bir obrazdır, onun mənimlə üst-üstə düşən məqamları var. Lakin mən heç zaman kənd müəllimi ola bilməzdim, darıxardım orada. Flober kimi həvəslə “Madam Bovari mənəm“ deyə bilmərəm. Amma məndən çox şeylər var orada. Sadəcə, onları hamının anlayacağı, hamının orda özündən nəsə tapacağı səviyyəyə qədər ümumiləşdirmək lazım idi. Deyəsən, bunu bacarmışam.
Nigar İxtiyarqızı
Oxunma sayı 316