Azərbaycanda D vitamini çatışmazlığından əziyyət çəkənlərin sayı artır - TƏHLÜKƏ

14:34 17.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bu gün gənc və yaşlı nəsildə D vitaminin çatışmazlığı halları artır. D vitamini immunitet sistemini gücləndirərək orqanizmi xəstəliklərdən qoruyur, sümüklərin kövrək olmasının qarşısını alır. D vitamini çatışmayanda isə, sümüklər kövrək və  bədən halsız olur.

Türkiyəli travmatoloq Yavuz Yalçınbildirir ki, hamilə qadınlarda D vitamini az olarsa, sümük əriməsi müşahidə olunur: “Hamiləlik zamanı D vitamini çatışmazlığı kalsiumun azalmasına da səbəb olur. Dolayısı ilə yetərsiz çəki amili, halsızlıq, yorğunluq, əzələ və sümük ağrıları kimi şikayətlərin yaranmasına yol açır. Bu hallarda həkimlər hamilə qadınlara D vitamini qəbul etməyi tövsiyə edir. D vitamini qəbulunu süd dövrünün 6-ci ayına qədər davam etdirmək vacibdir. Həkimin sözlərinə görə, D vitamininin səviyyəsi aşağı olan hamilə qadınlarda doğuş çox vaxt qeysəriyyə yolu ilə həyata keçir. D vitaminini günəş vasitəsilə qəbul etmək həm asan, həm də ucuz başa gəlir. Günəşli bir gündə ən az 15-20 dəqiqə qədər gəzmək belə gündəlik D vitamini çatışmazlığını aradan qaldırmaq üçün kifayətdir. Lazımi günəş işığı miqdarı insanın yaşı, dəri rəngi və ya qaralma müddətinə görə dəyişir. Dəri rəngi tünd olan insanlar yetərli qədər D vitamini qəbul etmək üçün, xüsusən qış aylarında uzun müddət gün işığında gəzməlidir. Günəşin az olduğu qış aylarında D vitamini çatışmazlığı yaşamamaq üçün qidalanma rejiminə diqqət göstərilməlidir. Yağ baxımından zəngin olan alabalıq, sardana, skumbriya və ton balığı istehlak edilməli, habelə süd, süd məhsulları və yumurtanın da qidalanma rejiminə əlavə olunması lazımdır. Bitkilərdən cəfəri, gicitkən və yoncada D vitamini bol olur”.

Həkimlər D vitaminə olan gündəlik tələbatın 13-15 mkq və bir qədər artıq olduğunu bildirirlər. Bəs bu gün D vitamininə olan təlabatımızı tam ödəyə bilirikmi, istifadə etdiyimiz qidalar buna adekvatdırmı? Nəzərə alsaq ki, Azərbaycan yetərincə günəşli ölkədir . Xəzər dənizinin ölkə üzrə paylanması isə kifayət edir ki, insanlar çimərlik dövründə və ya günəşli günlərdə dənizə tez-tez getsinlər.

Tibb məsələləri üzrə ekspert, professor Adil Qeybulla hafta.az-a açıqlmasında dedi ki, Azərbaycanda vitamin D çatışmazlığı insanlarda getdikcə çoxalır:

“İnsanlar son vaxtlar çox tənbəlləşiblər. Qidalanmalarında problem var. Ya həddindən artıq qidalanma və keyfiyyətsiz qidalanma, ya da ümümiyyətlə qida normalarına əməl etməmə bu çatışmazlığa gətirən bir amildir. Ən başlıca amil odur ki, insanlar maksimum dərəcədə günəş şuası qəbul etməlidirlər. Vitamin D həmçinin kalsium mübadiləsini tənzim edən bir vitamindir. Hətta immun sistemini gücləndirən, kifayət qədər orqanizm üçün vacib olan bir vitamindir. Son vaxtlar həm uşaqlarda, həm böyüklərdə vitamin D çatışmazlığı halı artıb. Uşaqlar günəş şuasından az qəbul edirlər. İnsanların fiziki işdən uzaq olmaları, həddindən çox yatmaları və s. vitaminin azlığına gətirib çıxaran səbəbdir. Təəssüflər olsun ki,bu hallar getdikcə artır. Ona görə də həyat tərzimizi dəyişməliyik. İdmana meyillik, qida normalarına fikir vermə, daxil olan kalori ilə çıxan kalori arasındakı fərqlərə fikir vermək və s lazımdır. Bu da uşaq vaxtından bu həyat tərzinə uyğunlaşdırılmalıdır. Siqaretin, alkaqolun istifadəsini məhdudlaşdırmaq lazımdır. Bədəndə maddələr mübadiləsinin pozulması təkcə vitamin D –yə bağlı deyil. Digər vitaminlər lazım olduqda orqanizm kompensasiya edə bilmədikdə maddələr mübadiləsi pozulur. Sağlam həyat tərzinə aparan vasitələrdən istifadə etmək lazımdır.

Yay mövsümündə dənizə getmək, günəş şuası qəbul etmək, dəniz qumundan istifadə etmək belə anomal halları aradan qaldıra bilərmi, soyuq mövsümündə D vitaminin azalmasının necə qarşısını ala bilərik? – sualına ekspert dedi ki, bu gün bu məsləhətlərə çox az əməl olunur və ya heç əməl olunmur:

“Bu gün Azərbaycan çimərliklərinin çoxundan istifadə mümkün deyil. İnsanlar çox vaxt getmirlər. Gedənlər də bundan çox az yararlanırlar. 10-15 gün getməklə bu çatışmazlığı bərpa etmək mümkün deyil. Təkcə çimərliklə də bağlamaq olmaz. İnsanlar fiziki işə də meyilli olmalıdırlar. D vitaminin sümüklərdə azalması bədəndə halsızlıq da yaradır. Yay vaxtı vitamin D-nin təyinatı payız qış vaxtlarına baxanda yüksək olur. Vitamin D-nin riquliyasiyası üçün vacib olan günəş şuasıdır. Digər vitaminləri payız-qış mövsümlərində də müxtəlif keyfiyyətli qidalardan, quru meyvələrdən, yağlı balıqlardan, yumurta, kərə yağı, şirin kartof, bitki yağlarından, süd və s almaq olar”.

Ekspertlər yayın bu isti günlərində çimərliklərə üz tutataraq bolluca gün vannası qəbul etməyi məsləhət görürlər.