Azərbaycanda ətraf mühitin mühafizəsi

18:22 01.07.2019
Yazını böyüt
Yazını kiçilt

Bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi dövlətin əsas prioritetləri sırasındadır

Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi istiqamətində də mühüm işlər görülür. Qeyd edək ki, Azərbaycanda hələ 2003-cü ildə Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli proqram qəbul olunub. Minilliyin İnkişaf Məqsədlərindən biri olan Ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət planına əsasən davamlı inkişaf prinsipləri dövlət siyasəti və proqramlarına daxil edilib. Bu istiqamətdə çirklənmiş ərazilərin bərpası, meşə ilə örtülü ərazilərin miqyasının artırılması, biomüxtəlifliyin mühafizəsi, arid ərazilərdə torpaqların münbitləşdirilərək yaşıllaşdırılması, Xəzər dənizinin dəniz ətraf mühitinin qorunması, iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması, hidrometeoroloji müşahidə sistemlərinin və monitorinq şəbəkəsinin modernləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq, əhalinin ekoloji şüur səviyyəsinin artırılması fəaliyyət istiqamətlərindən olub. Hazırda  ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir.

Bununla yanaşı tullantıların, o cümlədən plastik tullantıların idarə olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir, tullantıların təkrar emalının təşkili üçün təşviqat işləri aparılır. Digər tərəfdən meşə ilə örtülü ərazilərin miqyasının artırılması istiqamətində aparılmış  meşəsalma və meşəbərpa tədbirləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsi hazırda ölkə ərazisinin 12 faizini təşkil edir.  Son 17 ildə 152,4 min ha meşəsalma və meşəbərpa tədbirləri aparılmış, 96,445 milyon ağac əkilib. Qeyri-meşə fondu torpaqlarında yaşıllaşdırma tədbirləri çərçivəsində arid ərazilərlə səciyyələnən ərazilərdə ümumilikdə 4438 hektar ərazidə 5 386 min ağac əkilib. Yaşıllaşdırma layihələrinin davamlılığının təmin edilməsi üşün ərazilər damcılı suvarma sistemləri ilə təmin olunub. Suvarmada alternativ su mənbələrindən - duzsuzlaşdırılmış dəniz suyundan, həmçinin tullantı sularından təkrar istifadə olunur. Bundan başqa, məhsul verən ağaclara, o cümlədən zeytun və digər meyvə ağaclarının əkilməsinə üstünlük verilir.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildəki 478 min hektardan 893 min hektara qədər artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılın (10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı).  Bundan başqa su hövzələrində bioloji resursların artırılması istiqamətində son 17 ildə  7 milyard ədədə yaxın balıq, o cümlədən nərə cinsli və qızıl balıq körpələri yetişdirilərək su hövzələrinə buraxılıb. 

Müasir dövrdə həm də enerji təhlükəsizliyi və ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişmələri bəşəriyyəti narahat edən əsas problemlərdəndir.  Bütün dövlətlər özlərinin yanacaq-enerji balansına yeni enerji mənbələrinin cəlb edilməsinə çalışırlar. Bu yarışda külək, günəş, biokütlə, dalğa, qabarma-çəkilmə, kiçik çayların hidroloji enerjisi kimi qeyri-ənənəvi enerji mənbələri xüsusi yer tutur. 

Ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə yer verilir. “Yaşıl iqtisadiyyata” sərmayələrin cəlb  olunması üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş  istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilir.

Digər tərəfdən Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə yüksək dərəcədə həssas  bir ölkədir və ölkə artıq iqlim dəyişmələrinin mənfi təsirlərini - daşqınlar, sellər, quraqlıq, istilik stressləri və s. kimi təbiət hadisələrinin sayının artmasını özündə hiss edir. Bu da adekvat adaptasiya tədbirlərini ön plana çəkir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 2015-ci ildə Paris şəhərində keçirilmiş 21-ci Tərəflər Konfransında qlobal iqlim dəyişmələri üzrə 2020-ci ildən sonrakı dövr üçün iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səviyyəli beynəlxalq-hüquqi sənəd olan Paris Sazişi qəbul edilib. Paris Sazişi, Konvensiyanın həyata keçirilməsinin genişləndirilməsi ilə davamlı inkişafa nail olmaq və yoxsulluğu aradan qaldırmaq üzrə səylər kontekstində iqlim dəyişmələri təhlükəsinə qlobal cavab tədbirlərini gücləndirmək məqsədini daşıyır.

Yeri gəlmişkən, xatırladaq ki, Prezident İlham Əliyevin 2010-cu ili ölkədə "Ekologiya ili" elan etməsi bu sahəyə diqqəti daha da artırıb. "Ekologiya ili" çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlət başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir. Müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilib.

Ölkənin sosial-iqtisadi həyatının bütün sahələrinin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərilən gündəlik qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində ölkəmizdə ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Keçmişdən miras qalmış ekoloji problemlərin aradan qaldırılması və səmərəli idarəetmə sisteminin yaradılması da Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasına təkan verib.

Hazırda ölkəmizin zəngin təbiətini qorumaq, bərpa etmək üçün yeni layihələr həyata keçirilir. Ekoloji tarazlığın qorunması, təbii ehtiyatların, o cümlədən, faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində mövcud olan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və digər dövlət proqramları çərçivəsində mövcud ekoloji problemlərin həlli istiqamətində müvafiq tədbirlər reallaşdırılır. Məsələn, uzun illər ərzində neft sənayesinin fəaliyyətindən əmələ gəlmiş tullantılar Abşeron yarımadasında bir sıra ərazilərin həddindən artıq çirklənməsinə səbəb olub. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2018-ci ildə Suraxanı rayonunda müxtəlif ərazilərdə, Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində uzun illər formalaşan gölməçələrin qurudulması, neft və neft şlamı ilə çirklənmiş ərazilərin təmizlənməsi işləri aparılır. Yarımadada göllər üzrə araşdırmalar aparılmış, 9 gölün (Xocasən, Binəqədi, Lökbatan, Qaradağ, Qu, Zabrat, Zığ, Bülbülə və Böyükşor)ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi prioritet hesab edilib.

Digər tərəfdən Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişini 2016-cı ilin oktyabrında ratifikasiya edərək 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz  azalmanı hədəf kimi götürüb. Mütəxəssislərin fikrincə, bu öhdəliyi yerinə yetirmək üçün ətraf mühitə dost texnologiyalar tətbiq etməklə infrastruktur layihələri icra olunmalı, tükənməyən enerji mənbələrindən istifadə, enerji səmərəliliyinin artırılması və digər istiqamətlərdə müvafiq layihələr həyata keçirilməlidir.

Onu da vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən "Hərəmiz bir ağac əkək" layihəsi də bu sahəyə böyük töhfələr verib. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıb. Bundan başqa, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-dən fəaliyyətə başlayan İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən dəyərin göstəricisidir.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 

Oxunma sayı