Azərbaycanda hidrometeorologiyanın inkişafına dair proqram hazırlanacaq

20:39 20.05.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Bu il dövlət investisiyası hesabına Şamaxı və Göygöldə dopler radar sistemi quraşdırılıb. 2030-cu ilədək daha 3 müasir radar sisteminin ölkəmizdə quraşdırılması nəzərdə tutulur ki, bu da bütün ölkə ərazisində təhlükəli hava hadisələri ilə bağlı erkən xəbərdarlıq sisteminin əsas halqasını təşkil edən radiometeoroloji müşahidələrin aparılmasını tam əhatə edəcək”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva jurnalistlərə müsahibəsi zamanı deyib.

O vurğulayıb ki, yaxın zamanlara qədər buludlar üzərində müşahidələr keçən əsrin 70-ci illərinin istehsalı olan, mənəvi və texniki cəhətdən köhnəlmiş meteoroloji radiolokatorlar vasitəsi ilə həyata keçirilirdi: “Bu gün bütün dünyada hidrometeoroloji xidmətin əhəmiyyətini və vacibliyini daha çox anlamağa başlayıblar. Dövlətimiz tərəfindən bizim təşkilatın statusu artırılaraq departamentdən xidmətə çevrilib. Bu, bir daha hidrometeorologiya sahəsinə göstərilən yüksək diqqətin göstəricisidir. Bu gün xalq təsərrüfatının hər hansı bir sahəsinin inkişafını, hava-iqlim faktorunu nəzərə almadan təsəvvür etmək mümkün deyil. İqlim dəyişmələri ölkələrin davamlı inkişafı üçün əlavə risklər yaradır. Hava ilə bağlı təhlükəli hadisələrin tez-tez təkrarlanması iqtisadiyyata ziyan vurur, insanlar əziyyət çəkir. Bu gün iqtisadiyyatın iqlimdən asılı sahələrində, hidrometeoroloji proqnozlar və xəbərdarlıqlar nəzərə alınmaqla düzgün planlaşdırmanın aparılması, zərərdən yayınmağa, onu minimuma endirməyə, həm də qabaqlayıcı tədbirləri görməklə insan həyatını qorumağa imkan verir. Hazırda qarşımıza 2030-cu ilədək Hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramının hazırlanması ilə bağlı ciddi məsələ qoyulub”.

Qurum rəsmisi vurğulayb ki, bu proqramın əsas tezisləri, ilk növbədə, modernləşdirmə, optimallaşdırma, effektivliyin artırılması və keyfiyyət olacaq: “İstənilən meteoxidmətin əsasını müşahidə şəbəkəsi təşkil edir. Bu istiqamətdə mərhələli avtomatlaşdırma nəzərdə tutulur. Artıq bu il ölkənin əsas çayları üzərindəki hidroloji müşahidə məntəqələrində, bizim meteoxidmətin tarixində ilk dəfə olaraq su sərfi və səviyyəsini ölçən sensorlarla təchiz edilmiş müasir hidroloji avtomat stansiyalar quraşdırılacaq. İqlimin sürətlə dəyişdiyi şəraitdə, su ehtiyatlarının deqradasiyası fonunda çayların sululuğunun dəqiq uçotunun aparılması sudan səmərəli istifadə baxımından əsas olacaqdır. Hidrometeoroloji məlumatların kənd təsərrüfatı üçün əhəmiyyəti, şübhəsiz ki, hamıya bəllidir. Bununla əlaqədar bu il ərzində struktur dəyişikliyi çərçivəsində 30 faizə qədər hidrometeoroloji stansiyaların təyinatı dəyişdirilərək aqrometeoroloji stansiyalara çevriləcək. Əvvəllər onların sayı 5 faizi keçmirdi. Fermer təsərrüfatları aqrometeoroloji icmallarla təmin olunacaq. Bu sahədə Kənd Təsərrüfatı Nazirliyi ilə daha sıx və əlaqələndirilmiş işi qeyd etmək istərdik. Bir neçə kəlmə də bizim fəaliyyətimizin əsasını təşkil edən hava proqnozu barədə. Qlobal iqlim dəyişmələri fonunda müxtəlif transformasiyalar baş verir və atmosferdə qlobal rəqəmli modellərlə təsvir edilməsi çətin olan, proqnozlaşdırılması mümkün olmayan proseslər fiksə olunur. Sinoptik-meteoroloqların leksikonuna yeni anlayışlar daxil olub – isti və soyuq dalğaları. İqlimşünaslığın klassiklərinin kitablarında biz bu terminlərlə rastlaşmırıq. İqlim dəyişmələri ümumdünya problemlərindən biridir. Belə ki, əgər 30 il əvvəl gözlənilən iqlim dəyişmələrindən danışılırdısa, hazırda indiki nəsil bu transformasiya şəraitində yaşayır. Yeni şərait, yeni çağırışlar yaradır. Mümkün təhlükələr barədə erkən xəbərdarlığı yaymaqda məsul olan bir təşkilat kimi meteoxidmətin rolu artmaqdadır. Müasir iqlim çağırışlarına, ekstremal hadisələrə hazırlıq texniki vasitələrin və imkanların daha da təkmilləşdirilməsini zəruri edir”.

U.Tağıyeva, həmçinin qeyd edib ki, hazırda mövcud strukturun mərhələli optimallaşdırılması prosesi gedir: “Müasir şəraitdə öz əhəmiyyətini itirmiş ayrı-ayrı bölmələr ləğv edilib. Fəaliyyətlərinə görə yaxın, bəzi hallarda isə bir-birlərinin funksiyalarını təkrarlayan departamentlər birləşdirilib. Bu ildən Milli Hidrometeorologiya Xidmətinin məsuliyyət dairəsinə o cümlədən hava keyfiyyətinin monitorinqi də verilib. Bu sahədə də bəzi yeniliklər edilib. Ölkə ərazisində havanın keyfiyyətini müşahidə edən 5 onlayn avtomat stansiya quraşdırılıb. Bu xidmətin tərkibində havanın monitorinqini və ölkənin istənilən nöqtəsində ilkin analizi aparmağa imkan verən mobil laboratoriya vardır. Bakı, Neftçala, Qazax və Beyləqandakı laboratoriyalar, öz növbəsində, beynəlxalq standartlara uyğun olan avadanlıqlarla təchiz edilib. Neftçilərin əməyini və gəmilərin hərəkətinin hidrometeoroloji təhlükəsizliyini təmin edən, ən müasir avadanlıqlarla təchiz edilmiş 4 dəniz hidrometeoroloji stansiya avtomatlaşdırılıb. Yaxın gələcəkdə Xəzər üçün regional xüsusiyyətləri nəzərə alan lokal proqnozlaşdırma modelinin tətbiq edilməsi planlaşdırılır ki, bunun nəticəsində də bizim istehlakçıları dalğaların hündürlüyü və küləyin sürəti barədə daha dəqiq tərtib edilmiş 7 günlük proqnozlarla təmin etmək mümkün olacaq. Belə az bir müddətdə az iş görülməyib, lakin daha çox işlərin görülməsi qarşıda durur. Bütün bu uğurlar Xidmətimizə göstərilən böyük diqqətin nəticəsidir”.

Yeri gəlmişkən, son illər ölkəmizdə hava proqnozu sahəsində təqdim olunan məlumatların təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılmaqdadır. Məsələn, hazırda Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə şəbəkəsində struktur üzrə 54 Hidrometeoroloji Stansiya, 1 Aqrometeoroloji Stansiya, 1 İxtisaslaşdırılmış Göl Stansiyası, 2 Dəniz Hidrometeoroloji Stansiya, 6 Radiometeoroloji Stansiya, 1 Aeroloji Stansiya, 32 Hidrometeoroloji Məntəqə, 26 Hidroloji Məntəqə, 1 Buzlaq Məntəqəsi, 15 Meteoroloji Məntəqə, 8 Dəniz Hidrometeoroloji Məntəqəsi, 4 Aqrometeoroloji Məntəqə fəaliyyət göstərir. Respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında meteoroloji, hidroloji, aqrometeoroloji, aktinometrik müşahidələr, dəniz hidrometeoroloji müşahidələrin fasiləsiz olaraq aparılması təmin edilir.

Onu da qeyd edək ki, Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılmasına 2005-2006-cı illərdən başlanılıb, indiyə qədər 68 sayda avtomat tipli meteoroloji stansiyaların qurulması ilə meteoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılması tam təmin olunub. Bu stansiyaların 34 ədədi Finlandiya istehsalı olan VAİSALA MAWS-310 tipli, 16 ədədi MAWS-301 tipli, 18 ədədi isə WXT-520 tipli avtomat meteoroloji stansiyalardır. Personalsız fəaliyyət göstərən avtomat meteoroloji stansiyaların sayı 17-yə çatdırılıb. Bu avtomat meteoroloji stansiyalarda havanın faktiki, minimal və maksimal temperaturu, şeh nöqtəsi, nisbi rütubət, atmosfer təzyiqi, yağıntının miqdarı, torpağın temperaturu, küləyin istiqaməti, küləyin ani və maksimal sürətləri ölçülür.

İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 2017-ci ilin iyul ayında 0.10 ha sahədə yaşıllaşdırma işləri aparılaraq burada MAWS-310 tipli avtomat meteoroloji stansiya və həmin ilin iyun ayında Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Culfa rayonu ərazisində yerləşən hidrometeoroloji stansiyalarda MAWS-310 tipli avtomat meteoroloji stansiya quraşdırılaraq istifadəyə verilib. Bundan başqa, 2015-ci ilin noyabr ayında hidrometeoroloji məlumatların ötürülməsi və saxlanması prosesinin modernləşdirilməsi məqsədilə Milli Hidrometeorologiya Departamenti tərəfindən Fransanın “COROBOR Systems” şirkətinin MESSIR-COMM məlumatların toplanması-paylanması sistemi və MESSIR-CLIM iqlim məlumat bazası yaradılıb. Stansiyalardan daxil olan məlumatlar bu sistem vasitəsi ilə toplanılaraq arxivləşdirilir, beynəlxalq yayıma ötürülür və həmçinin mübadilə edilir. Digər tərəfdən, Ümumdünya Meteorologiya Təşkilatına (WMO) ötürülməsi məqsədi ilə Regional Meteoroloji Məlumat Kommunikasiya Şəbəkəsinə (RMDCN) qoşulmaq üçün İngiltərənin Interoute şirkəti tərəfindən lazımı avadanlıqlar quraşdırılıb və şəbəkəyə qoşulub. Regional Meteoroloji Məlumat Kommunikasiya Şəbəkəsi (RMDCN) vasitəsilə ilkin olaraq Türkiyə üzərindən sinoptik xəritələrin alınması və iqlim məlumatlarının Ümumdünya Meteorologiya Təşkilatı və Türkiyə Respublikası ilə mübadiləsi həyata keçirilməyə başlanılıb.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 2183