Azərbaycanda nikaha daxil olanların sayı azalıb

11:06 23.01.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 32 437 nikah qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Eyni zamanda ötən il rəsmi qeydiyyat orqanları tərəfindən 13 439 boşanma halları qeydə alınıb. Statistikaya görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.

Müqayisə üçün bildirək ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən 58 317 nikah və 15 635 boşanma halı qeydə alınmışdı.

Statistik məlumatlar da göstərir ki, ötən il Azərbaycanda nikaha daxil olanların sayı ciddi şəkildə azalıb. Buna əsas səbəb isə koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində kütləvi mərasimlərə, o cümlədən toyların keçirilməsinə qadağa qoyulmasıdır. Bəs, görəsən, bu vəziyyət gələcəkdə demoqrafik problemlər yarada bilərmi? Mövcud şəraitdə gənclər hansı səbəbdən sadə mərasimlə nikaha daxil olmaq istəmirlər? 

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, 2020-ci ildə nikahların sayı, 2019-cu illə müqayisədə təxminən 2 dəfəyə yaxın azalıb:

“Nihakların sayı 2019-cu ildə 58 min ərtafında idi, 2020-ci ildə isə 32 min ətrafındadır. Nikahların sayı ciddi şəkildə bu qədər azalıbsa, təbii ki, yeni doğulan uşaqların sayına da təsir göstərəcək. Ümumiyyətlə, ötən ildən bəşəri bəlaya çevrilən koronavirus pandemiyasının ən ciddi təsir etdiyi sahələrdən biri də demoqrafik proseslərdir. Əgər 2011-ci ildə deyək ki, doğulan uşaqların sayına görə hər min adama 18 usaq düşürdüsə, 2015-ci ildə bu rəqəm 17 oldu. 2018-ci ildə hər min adama doğulan uşaqların sayı 14-ə endi. Və ötən ildə birinci altı ayda min nəfərə düşən uşaqların sayı 12 nəfərə enmişdi. İlin axırında daha çox enmə müşahidə olunmaqdadır. Düşünürəm ki, indi hər min adama on uşaq düşə bilər. Bunun səbəbi koronavirus məsələsidir. Bundan əlavə, həm də elə dünyada ümumi bir proses gedir. Əsas səbəb insanların özünün ailəyə qarşı o münasibəti, ailədə olan gərginlik, sosial-iqtisadi vəziyyətdir. Bütün bunlar uşaqların azalmasına ciddi təsir edir. Çünki Azərbaycan ailəsi heç vaxt indiki qədər gərginlik içərisində olmayıb. Nəyə görə? Hələ biz deyirik keçən ilin birinci yarısında hər min insana on iki uşaq düşürdü. Bu uşaqlar pandemiyadan qabaq ana bətninə düşən uşaqlardı və doğulmuşdular. Yəni toylar çox olan vaxtı uşaqlar olmuşdu. Amma indi daha kəskin azalır. Ona görə ki, toyların, nigahların sayı ötən illə müqayisədə 2,2 dəfə azalıb. Təbii ki, bu uşaqların artımına çox ciddi təsir edəcək”.

Ekspert habelə vurğulayıb ki, əhali artımının çox olması da xoşagələn hal sayılmır: “Təbii ki, bunun da öz səbəbləri var. Əslində, hər bir ölkədə çalışmaq lazımdır ki, ümumi insanların sayını götürsək hər iki  nəfərə ən azı 2,1 , 2,2 uşaq doğulsun. Bu normadan aşağı düşəndə ölkədə demoqrafik vəziyyətə ciddi təsir edir. 2,1-dən yuxarı olanda ölkədə əhali artımı olur. Əhali artımının lap çox olması yaxşı deyil. Əvvəla, sürətlə ölkədə əhali artanda o əhalini təmin etmək problemləri yaranır. Digər tərəfdən də bilirsiniz ki, artıq beynəlxalq səviyyədə əhali artımının sürətli çoxalması arzuolunan hal sayılmır. Birləşmiş Millətlər Təşkilatı uzun illərdir bu sahədə işlər aparır. Və bir çox ölkələr də uşaq artımının çox olduğu ölkələri qısqanır, onlara neqativ münasibət bəsləyir. Həmin ölkələr adətən müharibə görə bilir.  Bu müharibələr insan artımının qarşısını alır. Ona görə də lap çox uşaqların olması da arzuolunan deyil, amma 2,1 normal haldır. Bu, ölkədə əhali artımını təmin edir. Başqa ölkələr, beynəlxalq təşkilatlar tərəfindən də normal qarşılanır. Elə bir vəziyyət yaransa ki, insana düşən artım ikidən az olsun onda bu ölkədə gələcəkdə xoşagəlməz vəziyyətlər yarana bilər. Bizim ölkəmizi hələ ki, elə vəziyyət gözləmir. Avropanın bir çox ölkələrindən artıq  o artım mənfi göstəricidir. Yəni əhali ildən-ilə azalır. Bizdə hələ o vəziyyət yoxdur. Demoqrafik siyasətimiz elə qurulmalıdır ki, o vəziyyət yaranmasın. Ən azı, doğulan uşaqlar lazımi qədər olsun və iki nəfərə doğulan uşaqların sayı 2,1-də 2,5 arasında olarsa çox yaxşı olar”.

Ə.Qəşəmoğlunun fikrincə, indiki vaxtda elmin də köməyindən istifadə etməklə müvafiq fəaliyyət proqramının hazırlanması vacibdir: “Nikahların sayının azalmasının səbəbi hazırda insanların toy etməmək istəyidir. Bunun da indiki zamanda iki səbəbi var. Birincisi odur ki, karantin rejimi ilə əlaqədar insanların kütləvi toplaşmasına məhdudiyyət tətbiq olunub. İkinci səbəb isə maddi vəziyyətlə bağlıdır. Belə ki, insanların bir çoxu gözləyir ki, pandemiya bitsin və böyük toy etməklə toyun sonunda pul yığa bilsin. Belədə nikahların sayı kəskin azalır. Həmin səbəbdən insanlarla maarifləndirmə işi aparmaq lazımdır. Yəni, biz bilməliyik ki, pandemiya bütün dünyanın bəlasıdır. Bu bəla səbəbindən evlənməyi təxirə salmaq olmaz. Şərt o deyil ki, toy edib, böyük şadlıq saraylarını dolduraq. Məhdud sayda qonaqla, yaxud elə toy olmadan da nikaha girmək olar. Bir tərəfdən də insanlar gözləməməlidir ki, karantin bitsin. Ənənəvi modeldən imtina etməliyik. Hələ karantinin tam sonlanacağı zaman bilinmir, vaksinasiyanın hansı effekt verəcəyi bəlli deyil. Bu baxımdan cütlüklər müddəti daha da uzatmamalıdır. Fikir verirsinizsə, xarici ölkələrdə də toylar daha kiçik formada, ailə içində qeyd edilir. Yəni əgər məqsəd toydan yığılan pulu gənclərin gələcək günlərinə xərcləməkdirsə, bunu dəbdəbəli toylar olmadan da etmək olar”.

Məsələyə münasibət bildirən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev də deyib ki, hazırda karantin tədbirləri səbəbindən bütün dünyada toyların qarşısı alınıb:

“Bu proses bütün dünyada gedir, kiçik istisnalarla məhdud şəkildə nikahlar bağlanır. Mən hesab etmirəm ki, bu, ciddi demoqrafik itkilərə gətirib çıxara bilər. Doğulan uşaqların statistikasında yeni evlənənlərin payı 25-30 faiz civarındadır. Hər il ölkədə 150 min uşaq doğulursa, onun 35-40 min nəfəri yeni evlənənlərin payına düşür. Karantin tədbirləri uzun müddət davam etsə, demoqrafik proseslərə öz təsirini göstərə bilər. Bu məsələdə dövlət nə edə bilər? Kimisə bugünkü qaydalara uyğun evlənməyə məcbur edə bilmərik. Elə gənclər var ki, hər hansı mərasim keçirmədən ailə üzvlərinin iştirakı ilə evlənir, nikah bağlayırlar. Bir qismi də gözləməkdədir ki, karantin rejimi bitsin və təmtəraqlı toy mərasimi ilə ailə qursunlar. Bu da onların seçimidir. Hesab edirəm ki, vaksinasiya prosesləri, müəyyən qədər immunitetin yaranması koronavirus pandemiyasının aradan qalxmasına səbəb olacaq və tədricən insanlar normal həyata qayıdacaqlar. Biz toyların əvvəlki qaydada izafi xərclərlə, çox böyük sayda insanın iştirakı ilə keçirilməsinin tərəfdarı deyilik. Pandemiyandan müəyyən dərslər çıxarmağımız yaxşı olardı”.

Millət vəkili eyni zamanda xatırladıb ki, bütün dünyada uşaq doğumlarının azalması prosesi gedir: xüsusən də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə bu, kəskin müşahidə olunur. Qeyd etdiyim hal gələcəkdə demoqrafik vəziyyətə öz təsirini göstərə bilər. Ümumilikdə, bu problem təkcə Azərbaycan üçün deyil, dünyanın bütün ölkələri üçün xarakterikdir. Azərbaycanın kifayət qədər gənc insan potensialı var. Bizim istər əmək bazarımızda, istərsə də hərbi müdafiə məsələlərimizdə yetərincə insan potensialımız mövcuddur. Bu gün bu məsələ bizi narahat etmir. Təbii ki, bir neçə il pandemiya bu şərtlərlə davam edərsə, o zaman ciddi demoqrafik çətinliklərlə üzləşə bilərik. Pandemiya dövründə əksər ailələrin gəlirləri azaldığından uşaqlara yönəlik sosial müdafiə proqramları olmalıdır.

Məlumdur ki, yaz aylarında pandemiya başlayanda 600 min insan 190 manatlıq birdəfəlik müavinətlə təmin olundu və ailələrə müəyyən qədər dəstək verildi. Digər tərəfdən, cənab Prezident uşaqlarla bağlı bir dövlət proqramı da imzaladı. Yəqin ki, bu proqramdan irəli gələrək, uşaqların müdafiəsi üçün başqa proqramlar da olacaq. Uşaqların sosial müdafiəsi üçün proqramların olması da ailələrdə yeni övladların dünyaya gəlməsi üçün stimul ola bilər”.

Oxunma sayı 367