Azərbaycanda ov mövsümü başa çatır

14:39 27.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gələn həftədən ölkədə ov mövsümü başa çatır.

Hafta.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Hikmət Əlizadə deyib.

O qeyd edib ki, martın 7-də artıq rəsmi olaraq ov mövsümü bitir: "Bu o deməkdir ki, artıq ayın 7-dən sonra ov icazələrinin verilməsi tam dayandırılacaq. Vətəndaşlar, ovçular bilməlidir ki, həmin tarixdən etibarən təbiətə ov məqsədilə getmək qadağandır. Bu, müəyyən hüquqi nəticələr doğura bilər. Hazırda ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Növlərin çoxalma dövrü artıq başlayır. Həmin dövrdə onlara ziyan dəyməməsi üçün ov mövsümü qadağan olunur".

H.Əlizadə növbəti ov mövsümünün vaxtını da açıqlayıb:

"Növbəti ov mövsümünün may ayının sonu, iyunun əvvəlində başlanılması gözlənilir. Başlayan zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində ov məsələləri üzrə Elmi Koordinasiya Şurasında müzakirələr aparılacaq. Həmin şuranın tərkibi bu il daha da genişlənib, daha çox mütəxəsis dəvət olunub.

Ov icazələri ilə bağlı hər il Elmi Koordinasiya Şurasında müzakirələr aparılır. Əvvəlki illərə nisbətən 2019-cu ildə ov icazəsi üçün daha çox lisenziya ayrılıb. Çünki müraciətlər daha çox idi. 2020-ci ildə nə qədər müraciət olacaq, bu şurada müzakirələr, həm vətəndaşların müraciəti, həm təbiətdə gedən proseslərdən, quşların say artımına görə limit müəyyən ediləcək. Müraciətlər əsasən orta yaşın nümayəndələri tərəfindən olur. Bizdə olan statistika göstərir ki, gənclər ova meyil etmirlər. Bu, sevindirici haldır. 35-40 və daha yuxarı yaşlı təbəqənin nümayəndələri müraciət edirlər".

Departament rəhbəri vurğulayıb ki, az sayda da olsa qadınların ov biletlərinin alınmasında marağı var:

"Hər zaman qadınlar ov icazəsi ilə bağlı müraciət edib. İndi də az sayda da olsa ovçu qadınlarımız var".

Oxunma sayı 136