Azərbaycanda “Özünüdəstək“ layihəsi genişləndirilir

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt

Nazim Məmmədov: “Bu proqram vətəndaşlarda işləmək və çalışmaqla gəlir əldə etmək vərdişlərini aşılayacaq“

Gələn ildən Azərbaycanda ünvanlı dövlət sosial yardım proqramı çərçivəsində “Özünüdəstək“ layihəsi tətbiq ediləcək. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimovun sözlərinə görə, hazırda bu pilot layihə yekun mərhələsindədir: “Əhali də “Özünüdəstək“ layihəsinə böyük maraq göstərir. Hətta bu məsələ vətəndaşlar arasında geniş rezonansa səbəb olub. Əgər başlanğıcda biz bu layihəni kənd təsərrüfatı sahəsində tətbiq etməyi düşünürdüksə, artıq indi başqa sahələrdən də bizə müraciətlər gəlir.

Layihə çərçivəsində, mal və ya materialın qiymətindən asılı olaraq, ailələrə biznes-layihələr altında eyni vaxtda illik və yarımillik ünvanlı yardımın miqdarı ayrılacaq. 2011-ci il ərzində analoji pilot işlər Masallı, İsmayıllı və Quba rayonlarında həyata keçiriləcək“.
Nazir müavini həmçinin bildirib ki, gələn il ölkəmizdə ünvanlı sosial yardım (ÜSY) alan vətəndaşların sayında kəskin artım gözlənilmir: “Ehtiyac meyarının səviyyəsinin qalxması ilə əlaqədar ÜSY alanların sayı artacaq, lakin il ərzində maaşlar, pensiyalar, sosial müavinətlər, yəni əhalinin gəliri də artır ki, bu da imkansızların sayına təsir edir. Buna görə də ÜSY alanların sayında kəskin artım gözlənilmir“.
İ.Rəhimov 2012-ci ilə qədər ehtiyac meyarının 80 manata çatdırılması imkanlarını da istisna etməyib.

Yardımlar birdəfəlik olacaq

Qeyd edək ki, Azərbaycanda ünvanlı yardımın yeni forması “özünüdəstək“ layihəsi Dünya Bankının tövsiyyəsi əsasında həyata keçiriləcək. Artıq pilot layihə kimi ölkə ərazisində ilk dəfə olaraq Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunun Vahidli kəndində layihə uğurla həyata keçirilir. Vahidli kəndində bu layihəyə 15 ailə cəlb edilib. Layihə çərçivəsində dövlət büdcəsindən ayrılmış vəsait hesabına aztəminatlı ailələrə təyin edilmiş ünvanlı sosial yardımın təxminən bir illik məbləği miqdarında birdəfəlik yardımlar veriləcək. 12 ay ərzində 3 ayda bir dəfə olmaqla yardımların təyinatı üzrə xərclənməsinə ciddi nəzarət olunacaq. Kənd ərazisində yaradılacaq şura üzvləri və digər təşkilatların nümayəndələrinin iştirak edə biləcəyi monitorinqin nəticələrinə əsasən, yardım alan ailələrin mövcud vəziyyətinə uyğun layihədən kənarlaşdırılmasına və yaxud yeni il üçün əlavə dəstəyin verilməsinə qərar veriləcək.
Bundan başqa vəsaitin təyinatı üzrə məhz göstərilən məqsədlə xərclənməsinə nəzarət etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları belə ailələrdə 3 aydan bir monitorinqlər aparacaqlar. Əgər ayrılan pulun başqa məqsədlə xərcləndiyi məlum olsa onlar pulu qəpiyinə kimi qaytaracaq və müəyyən müddətə bu proqramdan xaric olunacaqlar. Yəni, ailələr öz üzərlərinə götürdükləri vəzifələri yerinə yetirməsələr, proqramdan tamamilə kənarlaşdırılacaqlar.
Digər tərəfdən monitorinqin nəticələrinə görə, 1 ailə proqramda 1 il iştirak edəcək. Zərurət yaranarsa, bu müddət 6 və ya 12 ay uzadıla bilər. Yeni layihədə iştirak edəcək ailələr kənd ərazisində yaradılacaq şura tərəfindən Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim edilmiş meyarlar əsasında seçiləcək. Şuranın tərkibi kənd icra nümayəndəliyinin, bələdiyyənin nümayəndələri, ağsaqqallar və seçiləcək fəaliyyət növündən asılı olaraq mütəxəssislərdən ibarət olacaq. Monitorinqdə olduğu kimi, şuranın işində də müşahidəçi qismində müxtəlif təşkilatların nümayəndələri iştirak edə bilər.
Yardımın alınması üçün həmin vəsaitin hara və necə xərclənməsi barədə plan təqdim olunmalıdır. Şura isə öz növbəsində ailənin planını nazirliyə təqdim edəcək. Nazirliyin komissiyası müzakirələrdən sonra müvafiq qərar qəbul edəcək.

Gəliri az olan uşaqlı ailələrə üstünlük veriləcək

“Özünüdəstək“ proqramında ilkin olaraq ünvanlı sosial yardım alan ailələr iştirak edəcək. Yəni, özünə dəstək proqramına adambaşına aylıq gəliri 75 manatdan az olan ailələr qoşula biləcək. Seçim zamanı uşaqlı ailələrə üstünlük veriləcək. Amma proqramda iştirak etmək üçün ailələrin bəzi əmlaklarının olması da tələb olunur.
Məsələn, mal-qara saxlamaq üçün tövlə, tərəvəz becərmək üçün münasib torpaq sahəsinin olmasına və digər amillərə fikir veriləcək. Aztəminatlı ailə bu proqramda iştirak etmək istəyirsə, seçilmiş fəaliyyət növü ilə məşğul olmaq üçün əmək qabiliyyətli üzvünün olması vacibdir.
Qeyd edək ki, bu proqram hazırda İsmayıllı, Masallı və Qubada da uğurla sınaqdan keçirilir. Sözügedən rayonların hər birindən 20 ailə olmaqla, ümumilikdə 60 ailə layihədə iştirak edir.
Yeri gəlmişkən, indi ölkədə 132 mindən çox aztəminatlı ailə var və onlara ünvanlı sosial yardım verilir. Sosial cəhətdən zəif vətəndaşlara yardımların belə formalarının tətbiqi ötən son dörd il ərzində ünvanlı sosial yardım proqramlarının təhlilinin aparılmasından sonra qəbul edilib. Bu zaman əhalinin yoxsul təbəqələrinin sosial təminat proqramlarına cəlb edilməsinə böyük tələbatın olduğu aşkara çıxıb.
Analoji təcürbə Rusiyanın beş regionunda uğurla tətbiq olunur və azərbaycanlı mütəxəssislər onunla tanış olublar.
Azərbaycan 2006-cı ildən ÜSY sisteminə keçib. Sosial yardım 75 manatlıq yaşayış minimumu ilə ailənin bir üzvünün gəlirinin həcmi arasındakı fərqlə müəyyən edilir.

“Vətəndaşlar uzunmüddətli gəlir mənbəyi əldə edəcəklər“

Məsələni şərh edən sabiq millət vəkili, iqtisadçı Nazim Məmmədov deyir ki, Dünya Bankı ilə birgə yaradılan sosial yardımların verilməsi üzrə yeni proqram əhalinin aztəminatlı təbəqələri üçün şərait yaradılmasına kömək edəcək: “Əslində bu cür proqramların həyata keçirilməsi təqdir olunmalıdır. Çünki zaman-zaman ünvanlı sosial yardımların verilməsində müəyyən problemlər ortaya çıxıb ki, bu da cəmiyyətdə birmənalı qarşılanmayıb. Hətta bəzi ekspertlər ünvanlı sosial yardımların bu şəkildə verilməsini vətəndaşları tənbəlləşdirdiyini düşünürdülər. Bu fikirlə tamamilə razıyam. Belə ki, sosial yardım alan vətəndaşların əksəriyyəti heç bir işlə məşğul olmaq istəmirlər, onlar ancaq dövlətdən gələn aylıq yardımı gözləyirlər. Belə vətəndaşların işləmək üçün hansısa təşəbbüs göstərməməsi onların illərlə dövlətdən yardım alması ilə nəticələnir. Əslində bununla yoxsulluğu aradan qaldırmaq qeyri-mümkündür. Çünki aztəminatlı ailənin özündən hansısa iş görmək üçün təşəbbüs yoxdursa, sosial yardımla onun yaşayış şəraitini ancaq müvəqqəti yaxşılaşdırmaq mümkündür. Bu baxımdan hesab edirəm ki, “Özünüdəstək“ proqramı vətəndaşlara işləmək və çalışmaqla gəlir əldə etmək vərdişlərini aşılayacaq. Eyni zamanda, aztəminatlı ailələr bu proqramdan yararlanmaqla özləri üçün daimi bir gəlir mənbəyi əldə edəcəklər“.
Ekspert həmçinin vurğulayır ki, dövlət büdcəsindən ayrı-ayrı sosial qruplar üçün nəzərdə tutulan subsidiyaların verilməsi zamanı müəyyən nöqsanlara yol verilir: “Ümumiyyətlə, mən müxtəlif sosial qruplar üçün subsidiyaların ayrılmasının tamamilə əleyhinəyəm. Düşünürəm ki, dövlət büdcəsi ümumi vətəndaşlar üçün nəzərdə tutulmalıdır. Ayrı-ayrı sosial qruplara isə yardımlar qrant şəkilində verilməlidir. Bu həm büdcə vəsaitlərinin xərclənilməsində şəffaflığı təmin edəcək, həm də vətəndaşların ətalətliyinə son qoyacaq. Bu baxımdan “Özünüdəstək“ proqramının uğurla icra olunacağına və aztəminatlı ailələrin sözügedən layihədən faydalanacağına ümid edirəm“.
Sevinc
Oxunma sayı 43