Azərbaycanda satılan malların 70 faizinin rəsmi qiymət sənədləri yoxdur - Problem

14:47 17.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Yay mövsümü bitdi, havaların soyumağa doğru meyilliyi, isti aylarda geyinilən geyimlərə təlabatı da aşağı saldı. Bir çox hallarda satıcılar mövsüm dəyişikliyində ziyandan qurtulmaq üçün reklamlara üz tuturlar.

Belə ki, satış nöqtələrinin divarlarında "50-70 faiz endirim" kimi yazılara tez-tez rast gəlirik. Maraqlıdır yayda 30 AZN-ə satılan mal, istehlakçıya 9-10 manata təklif edilirsə, aradakı bu rəqəm fərqi bizim cibimizdən oğurluqların olmasından xəbər vermirmi? Necə olur ki, sahibkar 30 AZN-ə satdığı malı maya dəyərindən aşağı satmalı olur?

Bir çox alıcılar bu cür kampaniyalarda satışa çıxarılan məhsulların ilkin qiymətinin həddindən artıq şişirdilmiş olması, bununla da hüquqlarının pozularaq maddi ziyana düşdükləri qənaətindədirlər.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hafta.az-a açıqlamasında dedi ki, bu yeni bir iş deyil, bu kimi endirimlər bütün dünya ölkələrində mövcuddur:

“Azərbaycanda, o cümlədən başqa ölkələrdə 50, 70, bəzən 80 faiz endirimlər olur. Lakin endirimlərlə bağlı aşağıdakı problemlər yaranır:Elektron vasitələrdən baxarkən istehlakçı endirim görürür, yaxınlaşır dükana. Sonradan məlum olur ki, endirimlər o mallara aid deyil - müştəri aldadılır. Endirim yazılmış reklam materialını vətəndaş küçədən görürür, girir dükana. Məhsulu seçir, seçəndə deyirlər ki, yox, endirim bu mala aid deyil. Endirim kampaniyasında alınan mal istehlakçının tələbini ödəmədikdə onu dəyişmək və ya qaytarmaq istədikdə deyirlər ki, endirim kampaniyasında alınan mallara bu şamil olunmur. Hal-hazırda bu 3 növ problem ölkədə yaşanır. Qeyd edək ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə, malların etiketində məsul şəxsin imzası ilə ona qiymət yazılmalıdır. Yəni rəsmi sənəd olmalıdır. Əvvəlki qiymətin üstündən xətt çəkilib, ikinci qiymətlə satış etmək qanun pozuntusudur. İstehlakçının hüququ var: malın ilkin qiymətlərini göstərən sənədlər ona təqdim edilsin və onu sonrakı qiymətlərlə müqayisə edə bilsin, real endirim olub-olmadığını araşdıra bilsin. Təəssüf ki, Azərbaycanda satılan malların 70 faizinin rəsmi qiymət sənədləri olmur. Ümümilikdə qarşı tərəf istehlakçını aldatdığı üçün o, dövlət orqanlarına məlumat verərsə, yəni İqtisadiyyat Nazirliyinə məlumat verərsə və həmin qurum normal yoxlama apararsa, istehlakçının hüquqlarını qoruyarsa, saxta endirim edəni 1500 manata qədər cərimə gözləyir”.

İqtisadçı İlham Əzizov hesab edir ki, hal-hazırda geyim biznesi son 15 ilin ən zəif  dövrün keçirir.

İqtisadçıya görə, sahibkarlar xaricdən gətirdikləri malları satmaqda çətinlik çəkirlər: “Devalvasiyadan sonra bu biznes növü böhran içərisindədir. Bunun başlıca səbəbi əhalinin alıcılıq səviyyəsinin düşməsi, kirayə haqqlarının artması əvvəlki illərə nisbətən vergi və gömrük xərclərinin dəfələrlə yüksəlməsidir. Ona görə də sahibkarlar xarici ölkələrdən ucuz və keyfiyyətsiz mallar gətirməyə məcburdurlar. Mövsümü malların, mövsüm sonu endirimləri bütün azad ticarət ölkələrində mövcuddur. Hazırkı dövrdə dəbin gündəlik dəyişmə dinamikası məcbur edir ki, bu mösümün malı gələn mövsümə qalmasın. Əks halda həmin mallar bütün dəyərini itirir. Ölkədə yarım azad və vergi yükü az olan iri ticarət mərkəzləri olan “Binə” və “Sədərək” TM- də sahibkarlar da ağır iqtisadi vəziyyətdədir. Ona görə sahibkarlar malları mövsüm sonu neçəyə gəldi satmaga məcburdurlar ki, həm cari xərclərini baglasınlar, həm də mal əllərində qalmasın. Bu biznes iştirakçıları da bazar iqtisadiyyatı oyunçularıdır və maksimum faydalanmaq onların da hüququdur. Qaldı onların malları  əvvəl baha satmalarına bunu vergi qanunvericiliyi tənzimləyir. Əsas məqsəd həmin sahənin iştirakçılarına münbit şərait yaratmaq olmalıdır”.

 

Oxunma sayı 39