Azərbaycanda sərçələrin sayı sürətlə azalır

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt

Yolçu Xanvəli: “Yerli sakinlər bizə müraciət etsələr araşdırarıqg“

Yaxşı xatirimdədir. Əvvəllər doğulub-boya başa çatdığım Tərtər rayonunun Seydimli kəndinə baş çəkəndə evimizin damında və çardağımızın müxtəlif yerlərində yuva quran sərçələrin civiltisindən az qala qulaq tutulardı. Toyuq-cücəyə dən verəndə, yaxud həyətyanı sahəmizdə şum aparılanda və toxum səpiləndə dəstə-dəstə uçan sözügedən çöl quşlarına da tez-tez rast gələrdim. Taxıl zəmilərinə daraşan sərçələrin sayı-hesabı da bilinmirdi.

Amma son bir neçə ildə həmin quşların kökü kəsilməkdədir. Cari ildə təkcə Tərtərdə deyil, Azərbaycanın digər rayonlarında da olarkən barmaqla sayıla biləcək qədər sərçəyə rast gəldik. Baş çəkdiyimiz yaşayış massivlərində xoşagəlməz olayın səbəbini öyrənməyə çalışdıq. Həmsöhbətimiz olan yerli sakinlərdən bəziləri dedilər ki, sərçələr soyuqdan, yaxud naməlum xəstəlikdən məhv olublar. Digərləri isə onların ovlanması nəticəsində kütləvi qırıldıqlarını vurğuladılar. Tərtər rayonunun Seydimli kənd sakini Kamal Rəhimli isə bizimlə söhbət zamanı maraqlı bir məqama toxundu. Qeyd etdi ki, heyvanların hiss orqanları son dərəcə həssasdır və onlar mahir sinoptiklər sayılırlar. Məsələn, yağışlı hava gözlənilirsə, sərçələr dəstə ilə yer səthində toplaşırlar: “Bir vaxtlar Çində sərçələr kütləvi şəkildə məhv edilmişdi. Onların taxıl zəmilərinə ziyan vurduqlarını iddia edən Çin hökuməti bütün vətəndaşları sərçə ovuna səfərbər etmişdi. Ona görə də bütün sərçələr məhv edildi. Amma həmin hadisədən qısa müddət keçəndən sonra Çində taxıl sahələrini çəyirtkə və ziyanverici həşəratlar doluşdu. Taxıl qıtlığı ilə qarşı-qarşıya gələn Çin hökuməti pul verərək qonşu dövlətlərdən sərçə almaq məcburiyyətində qaldı. Son zamanlar Azərbaycanda da sərçələrin sayının azalması üzündən respublikamızın ayrı-ayrı rayonlarında nəinki əkin sahələrində, hətta şəhərlərimizin küçələrində, həyətlərdə və bağlarda da iri çəyirtkələr gözə dəyir. Hətta onların sayı ilbəil artır. Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Bitki Mühafizəsi Mərkəzi Mərakeş və Asiya çəyirtkələrinə qarşı mübarizə aparmaq və dərmanlanma işləri üçün hər il lazımi texnikalarla təminata, dərman preparatlarının alınmasına və dərmanlanma prosesinə kifayət qədər maliyyə vəsaiti xərcləyir. Ancaq sərçələri qoruyub saxlaya bilsəydik, bu qədər pulu xərcləməyə dəyməzdi. Ona görə də sərçələrin kökü tamam kəsilərsə, daha ciddi problemlərlə üz-üzə qalacağıq“.
Sözügedən problemlə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ilə əlaqə saxladıq. Həmsöhbətimiz öncə vurğuladı ki, bir neçə il öncə Azərbaycanın bir sıra rayonlarında çöl quşları kütləvi şəkildə qırılıb.
Amma bu məsələ “Quş qripi“ ilə əlaqəli olmayıb: “Çünki ölən quşların cəsədlərindən nümunələr götürülmüşdü və nümunələr Bakıdakı laboratoriyalara göndərilmişdi. Nümunələr yoxlandıqdan sonra bildirilmişdi ki, hər hansı bir “Quş qripi“ və ya digər qorxulu xəstəlikdən söhbət gedə bilməz. Quşlarda sadəcə olaraq, qurd xəstəliyi tapılıb. Ona görə də quşların öldüyü yaşayış massivlərində vaksinasiya işləri həyata keçirildi. Rayonlardakı bütün kəndlərdə ev quşlarına vaksin vuruldu. Quşların kütləvi məhvinin digər bir səbəbi isə havaların kəskin soyuması ilə əlaqədar idi“.
Sərçələrin sayının ilbəil azalmasına gəlincə, Y.Xanvəli bu barədə rəsmi məlumata malik olmadığını diqqətimizə çatdırdı: “Ümumiyyətlə, son illərdə çöl quşlarının, eləcə də sərçələrin kütləvi tələf olması barədə heç bir xəbər eşitməmişəm. Üstəlik bununla bağlı bizim quruma rəsmi məlumat daxil olmayıb. Ona görə də konkret fikir söyləməkdə çətinlik çəkirəm. Ancaq bununla belə deyə bilərəm ki, Azərbaycanda daim yaşayan çöl quşlarının “Quş qripi“nə yoluxması və onların kütləvi məhvi hələlik qeydə alınmayıb. Əgər qeyd etdiyiniz kimi sərçələr və digər çöl quşları məhv olurlarsa, yerli vətəndaşlar bu barədə bizə yaxud yerli şöbələrimizə mütləq məlumat versinlər. Biz və əməkdaşlarımız ölən quşların cəsədlərindən nümunələr götürək və laborator müayinələr aparaq. Yalnız həmin müayinələrin nəticələri bəlli olduqdan sonra çöl quşlarının tələf olma səbəbləri barədə danışa bilərik“.
Təbriz Vəfalı
Oxunma sayı 41