Azərbaycanda yeni meşələr salınacaq

18:30 04.09.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Yaxın vaxtlarda Azərbaycanda sənaye əhəmiyyətli meşələrin salınması planlaşdırılır. Bu məqsədlə tez böyüyən ağac cinslərindən istifadə olunacaq ki, həmin ağaclar kəsilib ağac emalı sənayesinin inkişafında davamlı olaraq istifadə edilsin". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin inkişafı departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib.

O deyib ki, meşə təsərrüfatından sənaye məqsədlərilə istifadə üçün yaxın perspektivdə bu sahədə geniş işlərin görülməsi nəzərdə tutulub: “Fiziki və hüquqi şəxslərə, iş adamlarına tövsiyə edirik ki, özlərinə məxsus torpaq sahələrində bu tip ağac cinslərini yetişdirsinlər. Bu işdə biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bütün müraciətlərə açığıq. Öz tövsiyələrimizi verə və ağac cinslərinin seçilməsində kömək edə bilərik. Eyni zamanda, meşə fondunun açıq sahələri də bu məqsədlə sahibkarlara icarəyə verilə bilər”.

Qeyd edək ki, dövlət başçısının 2017-ci il 9 mart tarixli 2718 nömrəli sərəncamı ilə meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək, həmçinin sahibkarlara əlverişli şərait yaratmaq məqsədilə Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 22-ci maddəsində dəyişikliklər edilərək meşə fondu torpaqlarının icarə müddəti 10 ildən 49 ilədək artırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeyd olunan sərəncama uyğun olaraq meşə fondunun açıq sahələri icarəyə verilir. Mütəxəssislərin fikrincı, bu da meşə örtüyünün artması ilə yanaşı yeni iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və ərzaq təhlükəsizliyinə töhfə verəcək. Həmin sərəncama müvafiq olaraq sahibkarlar, fiziki və hüquqi şəxslər görüləcək işlərin plan-layihəsini nazirliyə təqdim etməklə meşə fondunun açıq sahələrini icarəyə götürə bilər. Bunun üçün meşə fondunun açıq sahələrini icarəyə götürmək istəyənlər ETSN-də yaradılmış xüsusi komissiyaya müraciət etməlidirlər.

Məlumat üçün bildirək ki, meşələr öz funksiyalarına görə eroziyaya qarşı (torpaq qoruyucu), su qoruyucu (meşə döşənəyi), çay kənarlarındakı qoruyucu meşələr (Kür çayı sahili Tuqay meşələri), şəhər yaşıllığı (parklar və bağlar), yol kənarındakı qoruyucu meşələr, istirahət və sanitar məqsədli kurort ərazilərdəki meşə sahələri və s. qruplara bölünür. Son illərdə respublikanın əksər bölgələrində meşəçilik və meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsinə başlanılıb. Məqsəd meşələrin münbitliyini və məhsuldarlığını artırmaq, meşə fondu torpaqlarından daha səmərəli istifadə etmək, meşələrin ətraf mühitə müsbət təsirini və qoruyucu funksiyalarını yüksəltməkdən ibarətdir.

Araşdırmalara görə, respublikamızda meşə ilə örtülü sahələrdə bitki örtüyü cinslərə görə təqribən aşağıdakı kimi paylanılıb: şam 0,04 faiz, ardıc 2,37 faiz, fıstıq 31,68 faiz, palıd 23,4 faiz, vələs 26,01faiz, göyrüş 0,01faiz, ağcaqayın 0,22 faiz, qovaq 3,58 faiz, qızılağac 1,87 faiz, cökə 1,71faiz, qarağac 1,16 faiz, digər cinslər 7,95 faiz olduğu müəyyən edilib.Dünyada rast gəlinən bitki növlərinin demək olar ki, hamısı respublikamızda yayılıb. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir.

Azərbaycanın dövlət əhəmiyyətli meşə fondunun ümumi sahəsi 1159,2 min hektardır, o cümlədən meşə ilə örtülü 935,5 min ha, ümumi oduncaq ehtiyatı isə 124,54 min m3-dir. Ümumiyyətlə meşə sahələrinə və oduncağın ehtiyatına görə Azərbaycan azmeşəli (meşəsi çatışmayan) respublikadır. Burada hər adambasına 0,14 ha meşə sahəsi və 18,4 m3 oduncaq düşür.

Respublika ərazisinin meşəliliyi 11,4 faizdir və onlar ərazidə heç də bərabər şəkildə yerləşməyib. Meşələrin əsas sahəsi Böyük Qafqazın cənub yamacları hissəsindədir - 311,1 min ha, Qarabağda 187,7 min ha, Talışda isə 139,7 min ha-dır. Əgər dağ zonalarında meşəlilik 18-43faiz arasında dəyişirsə, aran rayonlarında 0,5-2 faizə qədər azalır. Burada tamamilə meşəsiz olan inzibati rayonlar da mövcuddur. Belə ki, dağ yamaclarında və dağ çaylarının vadilərində meşələr ərazinin 60-95 faizni tutduğu halda, dağətəyi və düzənlik sahələrin yalnız 2-15 faizi meşəlikdir, Naxçıvan MR-da isə 0,4 faiz təşkil edir.

Azərbaycanda dərman bitkilərinin 300-dən artıq növü yayılıb. Həmin bitkilərdən (bağayarpağı, yovşan, kəklikotu, qantəpər, moruq, çiyələk, dazıotu, gicitkan və s.) təbabətdə istifadə olunur. Eyni zamanda bizdə xeyli meşə ağac və kol cinsləri də məlumdur ki, onlardan da dərman bitkisi (cökə, dağdağan, şam, palıd, qoz ağacı, adi ardıc, yemşan, böyürtkan, itburnu, çaytikanı, sumax, nar və s.) kimi istifadə olunur.

Araşdırmalara görə, respublikada meşələrin əhali üçün rekreasiya məqsədlərilə istifadəsinin geniş perspektivləri vardır. Belə ki, meşələrin nəhəng oksigen istehsaledici qüvvəsi, təbiətdə rast gəlinən ayrı-ayrı mənfi halları və antropogen təsiri yox etmək və ya azaltmaq (sel axınlarının, güclü küləklərin, ciddi mənfi hərarətin, günəşin yüksək şüalanmalarının, hava hövzəsinin, torpağın, suyun çirklənməsinin, səs-küyün qarşısını almaq) qabiliyyəti inkaredilməzdir. Eyni zamanda havanı tozdan, küləkdən, tüstüdən, hısdən və s. kimi insanlara ziyan verən qarışıqlardan təmizləməkdə meşələrin çox böyük sağlamlaşdırıcı rolu mövcuddur. Müəyyən edilib ki, 1 hektar palıd meşəsi gün ərzində 56 ton, fıstıq meşəsi 68 ton, şam meşəsi 38 ton tozu öz çətirləri (yarpaqları) arasından süzdürür və tozdan təmizləyir. Bir sözlə, respublikanın meşələri təmiz və müalicəvi havanın əsl mənbəyidir, onu oksigenin aktiv forması ilə zənginləşdirir. Meşələr özlərinin müalicəvi və estetik xüsusiyyətləri ilə insanların yüksək dərəcədə iş qabiliyyətini təmin etməyə, səhhətlərini və uzunömürlülüyünü qorumağa qadirdir.

Meşələrin rekreasiya əhəmiyyəti, istirahət, müalicə və turizm məqsədilə kütləvi surətdə istifadəsində özünü göstərir. Rekreasiya obyekti kimi Böyük və Kiçik Qafqazın, həmçının Talış dağ meşələrini, eyni zamanda Xəzər dənizi kənarında yerləşən (Nabran) meşələri, Kür çayı boyundakı ağaclıqları və s. göstərmək olar. Təbii ki, meşələrin insan həyatı üçün yuxarıda qeyd edilən müsbət xüsusiyyətlərini vurğulamaqla yanaşı onların sahəsinin genişləndirilməsi, sıxlığının artırılması, cins tərkibinin yaxşılaşdırılması, aqrotexniki qulluq səviyyəsinin yüksəldilməsi, eyni zamanda yanğın təhlükəsizliyi məsələlərinə diqqət yetirilməsi də ön plana çəkilməlidir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən ekoloq Telman Zeynalov da hesab edir ki, Azərbaycanda sənaye əhəmiyyətli meşələrin salınması olduqca vacibdir. Onun fukrincə, Azərbaycanın iqlimi sahibkarlara hər növ ağaclardan ibarət meşə salmağa imkan verir: "Düzdür, Azəbaycanda meşə fondu ərazilərində açıq sahələr çox azdır. Ona görə orada belə meşələrin salınması mümkün deyil. Amma bələdiyyələrin açıq torpaq sahələri varsa, bunu niyə etmirlər ki? Bələdiyyə mülkiyyətində, ehtiyat fondda kifayət qədər açıq sahələr var. Bu məsələdə ən çətin mərhələ ilk 10-15 il sayıla bilər. 10-15 ildən sonra artıq ağaclar böyüyür və təsərrüfat hazır olur. Sahibkar istənilən vaxt lazım olan tələbatını ödəyə bilər".

Ekspert onu da vurğulayıb ki, qonşu dövlətlərdə vəziyyət bir qədər başqadır. Belə ki, Gürcüstan və Ermənistan ərasinin 35-40 faizini meşə örtüyü təşkil etdiyi halda, bu rəqəm Azərbaycan ərazisinin cəmi 11,8 faizini təşkil edir: “ Torpalarımızın 20 faizinin işğal altında olduğu faktı isə bu rəqəmi 8,6 faizə salır. Təbii ki, meşələrin sürətlə azalmasının səbəbi ağacların kəsilərək yerində ev və ya başqa obyeklərin inşa edilməsi, oduncaq kimi istifadə edilməsi, mebel sənayesində taxta materialların xammal kimi işlədilməsidir. Uzun illik meşə sahələrinin azalmasına Qarabağ müharibəsi də təsir göstərib, erməni işğalı nəticəsində düşmən tapdağında olan yüzlərlə hektar nadir ağac və bitkilərdən ibarət meşə sahəsi yandırılıb, talan edilib. Sözsüz ki, bütün bu amillər nəzərə alınaraq meşə təsərrüfatı genişləndirilməlidir”.

T.Zeynalov onu da bildirib ki, yeni meşələrin salınması ətraf mühitin mühafizəsi ilə yanaşı, həm də ölkə iqtisadiyyatı üçün əhəmiyyətli olacaq: “Sənaye əhəmiyyətli meşələrin salınması ilə həm ətraf mühit qorunacaq, həm də sənəye müəssisələrinin atmosferə buraxdığı zərərli tullantılar zərərsizləşdiriləcək. Eyni zamanda, məlum məsələdir ki, hazırda xüsusilə mebel sənayesində fəaliyyət göstərən sahibkarlar çox baha qiymətə xarici ölkələrdən taxta idxal edirlər. Əgər Azərbaycanda bu tip meşələr salınarsa, sahibkar xaricdən aldığı taxtanı öz ölkəsindən əldə edəcək. Nəticədə həm təbiət, həm də ölkə iqtisadiyyatı qazanacaq”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.