“Azərbaycanı bütün parametrlərdə Ermənistandan qat-qat üstündür” – Nəsib Məhəməliyev

11:40 14.01.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Cənab prezident 2019-cu ilin sosial-iqtisadi yekunları ilə bağlı keçirilən müşavirədə ilk növbdə faktları tam açıqlığı ilə ortaya qoydu. Hesab edirəm ki, Azərbaycan xalqı prezidentin səsləndirdiyi faktları çox böyük qürur hissi ilə dinlədi. Nəticə olaraq uzun illərdən bəri formalaşmış “erməni mifi”  hərbi sahədə olduğu kimi, cəmiyyətin digər sahələrində də dağıldı. İstər iqtisadiyyatda, istər sosial sferada,  idmanda, mədəniyyətdə, demoqrafik göstəricilərdə, bir çox istiqamətlərdə cənab prezident faktlarla sübut etdi ki, 21-ci əsrin Azərbaycanı bütün parametrlərinə görə 21-ci əsrin Ermənistanından qat-qat üstündür”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Ölkə başçısı İlham Əliyevin 2019-cu ilin sosial-iqtisadi yekunları ilə bağlı keçirilən müşavirədə səsləndirdiyi fikirlərə münasibət bildirən Nəsib Məhəməliyev bildirdi ki, sadalanan statistik göstəricilərin yekununa görə Ermənistanda əhali işğalçı ölkəni tərk edir, Azərbaycanda isə artım müşahidə olunur. Yəni, Azərbaycanda demoqrafik vəziyyət Ermənistanla müqayisə olunmayacaq səviyyədə artımla müşahidə edilməkdədir: “Ölkəmizdə əhalinin sosial vəziyyəti daha da yaxşılaşır.

Tikintinti-quruculuq işləri ilə bağlı, infrastruktur layihələrinə baxsaq görərik ki, Azərbaycan Ermənistandan qat-qat üstündür. Xarici telekanallar vasitəsi ilə Ermənistandakı əziyyəti gördükdə, oradakı əhalinin geyimindən sosial durumuna qədər müşahidə apardıqda görərik ki, Azərbaycan bütün parametrlərdə Ermənistandan qat-qat üstün mövqedə durub. Ermənistan bu kimi göstəricilərdə nəinki Azərbaycandan, eləcə də Gürcüstandan geri qalır. Bu baxımdan, səsləndirilən statistik göstəricilər və onların müqayisəsi hər bir Azərbaycanlı üçün fəxr etməli haldır”.

Millət vəkili bildirib ki, cənab prezidentin faktları bu formatda səsləndirməsi eyni zamanda gələcəyi hesablanmış rəqəmlərdir: “Prezident başda olmaqla bütün mərkəzi icra aparatı orqanlarının rəhbərləri, bütün məmurlar işlərini o istiqamətdə quracaq ki, həmin rəqəmlər daha da artsın. İrəliləsin. Dünya da görsün ki, hansı ölkədə hansı siyasət aparılır. Yəni, hansı ölkənin siyasi rəhbərliyinin öz xalqına qarşı münasibəti necədir. Bu format ən optimal, ən ideal formatdır. Gələcəkdə bu kimi müşavirələrdə biz yeni faktların şahidi olacağıq”.

“Bu rəqəmlər, iqtisadi göstəricilər nə zamansa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə öz müsbət təsirini göstərəcəkmi?” – sualını cavablayan Nəsib Məhəməliyev bildirib ki, mütləq şəkildə öz təsirini göstərəcək: “Dağlıq Qarabağ problemi bəsit deyil, olduqca mürəkkəb problemdir. Biz tarixə nəzər salaq, GUAM ölkələri də separatizmlə üzləşiblər. Nəzərə alaq ki, son 30 ildə Azərbaycanın üzləşdiyi problem Ukrayna, Moldova, Gürcüstanda da mövcuddur. Yəni, heç bir irəliləyiş əldə olunmayıb.

Əksinə, həmin ölkələr əlavə olaraq ərazi itkilərinə məruz qalıblar. Gürcüstan Abxaziyanın, cənubi Osetiyanın, Ukrayna Kırımın, Dombas, Donetsk və Luqanskın timsalında yeni ərazilər itirib. Amma Azərbaycan 2016-cı ildə Lələtəpə, 2018-ci ildə Naxçıvanda Günnüt əməliyyatlarında ordumuzun naliyyətlərini nəzərə alsaq, xeyli ərazi düşmən tapdağından azad edildi.

Naxçıvanda 11 min hektar ərazi yenidən muxtar respublikanın nəzarətinə keçdi. Qərb istiqamətində sərhəd məsələlərində bir neçə strateji məntəqələr yenidən Azərbaycanın nəzarətinə keçdi. Digər ölkələrə baxanda Azərbaycan münaqişənin həlli ilə bağlı müsbət irəliləyişə nail olub. Bu da prezident İlham Əliyevin apardığı dəqiq, balanslaşdırılmış siyasətə köklənib. Həmin siyasət olmasaydı biz daha ağrılı proseslər yaşaya bilərdik. Hesab edirəm ki, gələcəkdə Azərbaycan Dağlıq Qarabağ problemində daha çox üstünlüklərə nail olacaq.

Etiraf etmək lazımdır ki, bu münaqişənin geopolitik sərhədləri çox uzaqlara gedib çıxır. Adicə bir misal, ATƏT-in Minsk qrupunun üzvü olan hansı ölkələrdir? Həmin ölkələrin özlərinin də regionda maraqları mövcuddur. Bu baxımdan da, Dağlıq Qarabağ məsələsi bəsit konflikt deyil. Bu münaqişənin həllini əngəlləyən həm subyektiv, həm də obyektiv amillər mövcuddur”.

Oxunma sayı 210
Siyasət rubrikasından digər xəbərlər