Azərbaycanın abidələri işğal olunan bölgələrində yox edilir

13:39 23.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın tarixi, mədəni, dini abidələrinin Ermənistan tərəfindən işğal olunan bölgələrdə yox edilməsi ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun xətti ilə araşdırılmalar aparılıb və onları qısa zamanda təqdim etməyi planlayırıq” .

Hafta.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva cari ilin 22 sentyabr tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Koordinasiya Komitəsinin video-konfrans formatında keçirilmiş iclasında bildirib.

İclasda Türk Şurasının Baş katibi Bağdad Amreyev, TURKPA-nın Baş katibi Altınbek Mamayusupov, TURKSOY-un Baş katibi Duseyn Kaseinov, Türk Akademiyasının prezidenti Darhan Kıdırali iştirak ediblər.

İclasda pandemiya dövründə beynəlxalq təşkilatların fəaliyyəti, Türk əməkdaşlıq təşkilatları arasında koordinasiyanın təmin edilməsi üçün atılacaq vacib addımlar, 2020-ci il və növbəti illərdə həyata keçiriləcək proqram və layihələr, eləcə də digər məsələlər müzakirə olunub.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva iclasda çıxış edərək, pandemiya şəraitində təşkilat tərəfindən türk mədəni irsinin öyrənilməsi, qorunması, beynəlxalq aləmdə tanıdılması məqsədi ilə həyata keçirilən tədbirlərdən və gələcək planlardan söz açıb.

Günay Əfəndiyeva çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycan – Ermənistan sərhəd xəttində ermənilər tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulduğunu qeyd edib və bununla bağlı narahatlığını ifadə edib. O, Ermənistanın təcavüzkar siyasəti nəticəsində iyul ayında baş vermiş hadisələrlə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən dərhal bəyanat verildiyini bildirib.

İclas Türk əməkdaşlıq təşkilatların rəhbərləri arasında fikir mübadiləsi ilə başa çatıb.

Oxunma sayı 1409