Azərbaycanın beynəlxalq reytinqi ilbəil yüksəlir - TƏHLİL

12:37 06.12.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan "Doing Business-2019" reytinqinə görə, 190 ölkə arasında 25-ci yerdədir". Bunu Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşkilatçılığı ilə "Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: İxtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi" mövzusunda seminarda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib. Onun sözlərinə görə, "Doing Business-2020" hesabatında isə ölkəmiz islahatçı 20 ölkə arasına daxil edilib: "Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətqabiliyyətlilik İndeksi-2019" hesabatında Azərbaycan "qanunvericiliyin effektivliyi"nə görə 13-cü, "hökumətin dəyişikliklərə olan reaksiyası"na görə 5-ci və "hökumətin gələcəyə yönəlmiş fəaliyyətə, uzaqgörənliyə" görə isə 10-cu yerləri tutur".

O qeyd edib ki, bu cür dəyişikliklərin Azərbaycanın yeniləşməsinin növbəti, dördüncü sənaye inqilabının fəal iştirakçısı, sosial-iqtisadi islahatların reallaşdırılmasına malik olması əqli mülkiyyətin qorunmasında öz əksini tapıb:

"Son "Rəqabətqabiliyyətlilik" indeksinə görə Azərbaycan 141 ölkə arasında "mülkiyyət hüquqlarının qorunması" üzrə 37-ci və "əqli mülkiyyətin  qorunması" göstəricisinə görə  isə 30-cu yerdə qərarlaşıb. Burada diqqəti cəlb edən odur ki, 2015-2016-cı illərdən bu göstərici ardıcıl olaraq yaxşılaşır. Bu indeksdə 92-ci yerdən 2016-2017-ci illərdə 71-ci, 2017-2018-ci illərdə 37-ci, sonra 36-cı və nəhayət 2019-cu ildə  30-cu yerdə qərarlaşıb".

Yeri gəlmişkən, Azərbaycan Dünya Bankının hesabladığı “Hökümətin səmərəliliyi” sub-indikatoru üzrə 2007-2018-ci illərdə regionda ən çox irəliləyiş edib. Həmin dövrdə Azərbaycan 7, Qazaxıstan 6, Özbəkistan 5, Gürcüstan 5 və Qırğızıstan 2 pillə irəliləyə bilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, Azərbaycanda dövlət idarəetmə islahatları bundan sonra aparılacaq iqtisadi və sosial islahatların sistemliliyini və dayanıqlılığını təmin edəcək, ölkənin davamlı inkişafına zəmin olacaq: "Azərbaycan “Qlobal Rəqabətlilik hesabatı”nda 140 ölkənin arasında Məhkəmənin müstəqilliyi meyarına görə 39-cu, Hökümət tənzimlənməsinin yükü meyarına görə 3-cü, Hökümətin siyasətin davamlılığını təmin etməsi meyarına görə 11-ci, Hökümətin dəyişikliklərə reaksiyası meyarına görə 5-ci, Hökümətin uzunmüddətli vizyonu meyarına görə 10-cu pillədə qərarlaşıb. ASAN, DOST, ABAD, Bir Pəncərə İxraca Dəstək Mərkəzi, Şəbəkə və s. xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 100 faizə yaxındır. Ən əsası odur ki, islahatların sistemli, rəvan və hər hansı gərginlik olmadan aparılması islahatlara inamı artırır. Azərbaycan ictimai-siyasi kataklizmlər yolu ilə deyil, təkamül yolu ilə inkişaf edir. Hazırda dünyada rəqabət idarəetmə sistemləri arasında gedir. Azərbaycan məhz idarəetmənin səmərəliliyini artırmaqla qlobal səviyyədə rəqabətlilik potensialını gücləndirir".

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı ekspert Vüqar Bayramov da bildirib ki, dünyanın ən məhşur biznes agentliyi olan "Doing Business 2019” reytinq cədvəlində Azərbaycanın 25-ci yerdə qərarlaşması müsbət haldır: ""Doing Business 2019” reytinq cədvəlində Azərbaycan 25-ci olmaqla MDB ölkələri içərisində ən yaxşı yerdədir. Həmin hesabatda Qazaxıstan 28-ci, Rusiya 31-ci, Belarus 37-ci, Ermənistan 41-ci, Moldova 47-ci, Qırğızıstan 70-ci, Ukrayna 71-ci, Ökbəkistan 76-cı yerdədirlər. Aydın şəkildə görürük ki, Azərbaycan MDB ölkələri içərisində ən yaxşı nəticə qazanıb. Eyni zamanda Azərbaycan 2017-2018-ci illərdə ən çox islahat aparmış 10 ölkədən biridir. O cümlədən ölkəmiz aparılan islahatların sayına görə, sözügedən dövrdə dünyada birincidir. Azərbaycan 8 islahat aparıb. Ölkəmizdən sonra ikinci yeri tutan Türkiyə yeddi islahat aparıb”.

Ekspert vurğulayıb ki, “Doing Business 2020”də isə Azərbaycanın ən islahatçı 20 ölkə sırasında yer alması ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara verilən beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır: “Nəzərə alsaq ki, xüsusən 2015-ci ildən etibarən Azərbaycanda dərinləşmiş iqtisadi islahatlar aparılır. Bu da beynəlxalq hesabatların reytinqlərində, eləcə də Dünya Bankı kimi aparıcı qurumun “Doing Business” hesabatında özünü əks etdirir. Həmin hesabat həm dövlət, həm də sahibkar və xüsusən də investisiya həyata keçirmək niyyətində olan iş adamları üçün vacibdir. Çünki onlar investisiya qərarları verən zaman bir neçə mühüm hesabata diqqət ayırırlar ki, həmin hesabatların ən vaciblərindən biri də məhz “Doing Business” hesabatıdır. Beynəlxalq qiymət həm xarici investisiyaların cəlb edilməsi, ölkənin iqtisadi potensialının tanıdılması və təqdim olunmasına yardım edir, həm də islahatlar aparıldıqca ölkəmizin beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasına səbəb olur. Bu baxımdan “Doing Business” hesabatında mövqeyimizin yaxşılaşması birbaşa 2015-ci ildən dərinləşdirilən islahatların nəticəsi olaraq xarakterizə olunmalıdır”.

Onun sözlərinə görə, “Doing Business 2020”yə dair islahat icmalının təqdim edilməsi ondan xəbər verir ki, Azərbaycan hökuməti növbəti illərdə də islahatları davam etdirmək və dərinləşdirmək niyyətindədir: “ “Doing Business”in əsas fəlsəfəsi və qiymətləndirmə meyarı ondan ibarətdir ki, xidmətlərin alınması üçün tələb edilən günlərin, prosedurların sayında azalmalar olsun, iş adamları, vətəndaşlar daha az xərclər və xidmətlərdən faydalana və yararlana bilsinlər. Məqsəd beynəlxalq hesabatlarda mövqeyimizin yaxşılaşdırılması ilə yanaşı, iş adamlarının daha yaxşı biznes mühitindən faydalana, xidmətlərdən elektron qaydada yararlana bilmələridir. Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 65 faizdən çoxu məhz Azərbaycanın payına düşür. Ölkəmiz iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə dünya ölkələri arasında qabaqcıl yerlərdən birini tutur. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın potensial maliyyə və iqtisadi imkanlarını yüksək qiymətləndirirlər. Bütün bu uğurlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin nəticələrinə beynəlxalq təşkilatların verdiyi qiymət olmaqla yanaşı, milli sahibkar üçün də yeni imkanların yaradıldığından xəbər verir. Bütövlükdə hesabat göstərir ki, xüsusən elektron xidmətlərin daha çox istifadə olunması vətəndaşların, eləcə də biznesin dövlət xidmətlərinin elektron olaraq əlçatanlığın təmin edilməsi Azərbaycanın beynəlxalq hesabatlardakı mövqeyinə birbaşa təsir göstərib. Bu da bir tərəfdən təbii ki, 2015-ci ildən etibarən aparılan iqtisadi islahatların dərinləşməsinin qiymətləndirilməsidir. Nəticə olaraq bu, islahatların davamlılığı ilə bağlı beynəlxalq qiymətdir. Bu da onu göstərir ki, Azərbaycan növbəti dövrlərdə də dərinləşmiş islahatları davam etdirəcək”.

Oxunma sayı 61