“8-ci kilometr bazarı“nın qarşısı “Bermud üçbucağı“na çevrilib

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt

Yaşıl meşə zolağını antisanitariya ağuşuna alıb

Son vaxtlar paytaxtın bəzi yerlərinin təmizliyinə nəinki fikir verilmir, hətta daha da bərbad günə qoyulur desək yanılmarıq. Bir tərəfdən tikinti, abadlıq işləri aparılırsa, yollar asfaltlanırsa, digər tərəfdən də bəzi məmurların hesabına dağıntılıq, natəmizlik gözə dəyir.

Belə yerlərdən biri də 8-ci km qəsəbəsindəki Qara Qarayev küçəsi 87 saylı bina ilə üzbəüz, “Lotos“ ticarət mərkəzinin ətrafındakı ərazilərdir. Belə ki, “Neftçilər“ metrostansiyasından çıxanda “8-ci km bazarına qədər“ olan mərkəzi avtomobil yolunun sol tərəfində böyük bir ərazini yaşıllıq tutur. Şam və küknar ağaclardan ibarət meşə zolağı, yəni adıçəkilən bazara yaxın, “Lotos“ ticarət mərkəzinin yanı məişət tullantıları ilə dolub. ticarət mərkəzinin yanında 234, 341, 314, 15, 243 saylı marşrut avtobusları üçün standartlara uyğun təzə dayanacaqlar qoyulub. Dayanacağa və həmin yaşıl meşə zolağının içinə adam baxanda heyrətə gəlir. Axı, həmin dayanacağa külli-miqdarda vəsait xərclənib. Sərnişinlər dayanacağın içində yox, yolun qırağında dayanırlar. Avtobuslar da dayanacaqdan aralı dayanıb sərnişin yığırlar. Dayanacağın içi və çölü zibil içindədir. Zibillər isə həmin o meşə zolağına atılaraq yaşıl şam ağaclarının altında yandırılır. Ocağın istisi bir tərəfdən minbir zəhmət bahasına, nə qədər insanların alın təri ilə əkilmiş ağacları yandırıb, qurudursa, digər tərəfdən də zəhərli tüstüsü atmosferi çirkləndirir, ekologiyamıza böyük ziyan vuraraq şəhərin ağır olan havasını daha da ağırlaşdırır. Onu da qeyd etmək lazımdır ki, həmin yanan ocaqların içində plastik qablar da az deyil. Adının çəkilməsini istəməyən 234 sayla avtobusun sürücüsü zibilin içində oturub çay içdiklərini dedi: “Vallah üfunətdən nəfəs ala bilmirik, natəmizlik ətrafı bürüyüb, sərnişinlər salona dolana qədər açıq havada oturub bir stəkan çay içə bilmirik, çünki mikroblu tozlar çayın içinə dolur“. 234 saylı marşrutun dispetçeri Fərruz Əliyev 2-ci qrup əlil olduğunu bildirdi. “Hər yan mikrob içindədir. Məişət tullantıları bir yana qalsın, üstəlik bu ərazini də natəmizliyə çeviriblər. Görəsən ətrafda ayaqyolu yoxdurmu? Görünür, bəzilərinin mədəniyyəti bura qədərdir“. Ticarət mərkəzinin arxa tərəfinə yaxın avtomobil yolu isə alverçilərin küçə ticarətinə və maşın dayanacağına çevrildiyinə görə tıxaclar əmələ gəlir, marşrutların və avtomobillərin, eləcə də bazara gələn və oradan keçən piyadaların hərəkətinə mane olur. Bütün bunlar təbii ki, nəzarətsizlik və biganəlikdən irəli gəlir, görəsən nə vaxtadək?!
Qələndər Xaçınçaylı