Azərbaycanın CoronaVac peyvəndi seçimi – Müzakirə

16:05 17.01.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Dünya artıq bir ildir ki, koronavirus adlı bəlanın cəngindədir. Müxtəlif ölkələrdə pandemiya əleyhinə vaksinlər hazırlanır və sınaqdan keçirilir.  Azərbaycanın seçimi Pekində yerləşən Sinovac şirkətinin "CoronaVac" peyvəndi oldu. Şirkət koronavirus vaksinindən başqa, hepatit A və B, H5N1 quş qripi virusu, H1N1 donuz qripi və mövsümi qrip viruslarına qarşı peyvəndlər hazırlayır.

Bəs görəsən yerli həkimlər peyvəndin gəlişini nə cür qiymətləndirir? "CoronaVac" vaksininə etimad hansı səviyyədədir?

Hafta.az yaranmış sualların müzakirəsini peşəkar həkimlər ilə apardı. İlk olaraq həkim-pediatr Vaqif Qarayev öz fikirlərini bizimlə bölüşdü.

Həkim deyir ki, bütün bu tipli epidemiya və pandemiyalarda insanları qorumaq üçün iki çıxış yolu var. Ya karantin, ya da peyvənd. Bu hər iki amil müalicə metodu deyil, sadəcə qorumaq məqsədilə görülən tədbirlərdir.

"Karantindən təbii ki heç kəs razı deyil, lakin, özümüzü qorumağın başqa yolu yoxdur. Elə cəmi bir aylıq sərt karantinin tətbiqi öz effektini verdi. Daha öncə elə sosial şəbəkələrdə də kimə baxsan hamısı koronaya yoluxmuşdu.  Mənim hazırda şəxsi fikrim karantinin qüvvədə qalması, bununla paralel peyvəndləmənin həyata keçirilməsidir".

V.Qarayev onu da vurğuladı ki, İmmunitet yaranması üçün, vaksinasiya mütləq şəkildə vacibdir. Ölkəmizdə istifadə olunacaq Çin vaksininə gəldikdə isə onu bütün dünya qəbul edib:

"Peyvəndlər bəlli şərtlər əsasında qəbul edilir.

  1. Təhlükəsizlik

Təhlükəli yan təsirləri olmamağı,

  1. Effektivlik

İmmunitet yaratsın.

  1. Saxlanma, daşınma və qiyməti münasib olsun.

Bu gün dövriyyədə olan bütün peyvəndlər bu standartlara cavab verir. Almaniya istehsalı olan vaksin var ki, o yüksək mənfi temperaturda saxlanmalıdır. Bunun üçün xüsusi soyuducu konteynerlər lazımdır. Poliklinikalarda belə vaksinlərin saxlanması üçün şərait yoxdursa, deməli bu peyvənd əlverişsizdir. Lakin Çin istehsalı olan peyvənd bütün bu amillər nəzərə alınaraq ölkəmizə gətirilir. Dünyada eləcə də Çində artıq milyonlarla insan  peyvənd etdirib".

Mütəxəssisin sözlərinə görə, vaksinə olan inamsızlıq tək koronavirusla bağlı deyil.Ölkə əhalisinin bir qismində təəssüf ki, bütün növ peyvəndlərə qarşı xof var:

"Elm qəbul edir ki, tək koranaya qarşı olan deyil, elə bütün peyvəndlər əks təsir göstərə bilər. Burada ciddi fəsadlardan söhbət getmir. Bəzi insanlarda qızdırma, baş və oynaq ağrısı kimi halların yaşanması normaldır.

Mən həkim olaraq inanıram ki,  vaksinasiya  yoluxma zəncirini qıracaq.

Yəqin ki bir müddət sonra özəl şirkətlər koronavirusa qarşı digər peyvəndləri də ölkəyə gətirəcək. Həmin peyvəndlər ödənişli olacaq, seçim yenə də əhaliyə qalır".

Digər müsahibimiz İnfeksionist Nicat Əzimli oldu. O bildirir ki, hazırda istifadə ediləcək peyvənd milyonlarla insan üzərində sınaqdan keçirilib:

"Əhali arasında yüksək fikir dolaşmasa da, əminik ki effektiv nəticə əldə olunacaq. Ümumiyyətlə peyvəndləri ölkə istehsalı və digər amillərə görə qiymətləndirmək yanlış düşüncədir. İşin içində olmayan insanlar təəsüf ki, məsələni səhv dəyərləndirir. Biz həkimlər olaraq, peyvəndin risqsiz olmasını sınaqlar əsasında hesablayırıq. Əks təsirə gəldikdə isə, yalnız və yalnız allergik reaksiyalardır. Bu da hər bir preparatda qarşılaşdığımız vəziyyətdir. Hər hansı bir risq olsaydı, bu zaman kütləvi istifadəyə icazə verilməzdi. Qalıcılıq və effektivlik isə zaman keçdikcə özünü göstərəcək".

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya kampaniyasının başlanmasına qərar verilib.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Ş.Mövsümov bildirib ki, ilk mərhələdə Covid-19 əleyhinə tibb işçiləri vaksinasiya olunacaq.

Oxunma sayı 370