Azərbaycanın siyasi partiyaları həmrəylik bəyanatı yaydılar

11:53 15.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair bəyanatı qəbul olunub.

Hafta.az xəbər verir ki, bəyanatda deyilir:

“İyul ayının 12-də Ermənistan hərbi qüvvələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərinə qəfildən və xaincəsinə hücum edərək növbəti hərbi təxribat törətmişdir. Azərbaycan Ordusunun təxirəsalınmaz və adekvat tədbirləri nəticəsində erməni tərəfinin hücumunun qarşısı qətiyyətlə alınmış, düşmənə layiqli cavab verilmişdir. Erməni tərəfi ciddi itkilər verərək geri oturmağa məcbur edilmişdir. Erməni hərbiçiləri iyul ayının 13-də və 14-də də döyüşləri davam etdirmiş, habelə Ermənistan–Azərbaycan sərhədlərinin digər istiqamətlərində təxribatlar törətməyə cəhdlər göstərmişlər. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli zərbələri nəticəsində düşmənin döyüş imkanları sarsıdılmış, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilmişdir. Düşmənə layiqli cavab verən Silahlı Qüvvələrimiz də təəssüf ki, itkilərə məruz qalmışdır. Lakin onların qısası yerdə qalmayıb. Şanlı hərbçilərimizin ölümünə bais olanlar həmişə olduğu kimi, ən ağır şəkildə cəzalarını alıblar. Allah şəhidlərimizə rəhmət etsin!

Qeyd etmək lazımdır ki, qanlı toqquşmalara yol verilməməsi naminə atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, erməni tərəfinin təmas xəttində və sərhəd zonalarında vaxtaşırı qanlı təxribatlar törətməsi pis adət halını almışdır. Erməni rəhbərliyi birinci dəfə deyildir ki, öz ölkəsi daxilində üzləşdiyi və həlli qarşısında aciz qaldığı ağır problemlərdən sərhəddə və ya təmas xəttində iyrənc hərbi təxribatlar törətməklə yaxa qurtarmağa çalışır. Ağır epidemioloji vəziyyətdən və sosial iqtisadi sıxıntılardan cana doymuş xalqın qəzəbindən yayınmaq üçün Paşinyanın diktatura rejiminin hərbi təxribatlara əl atması onun yürütdüyü siyasətin Ermənistanın əvvəlki xunta rejimlərinin yürütdüyü siyasətdən azacıq da olsa fərqlənmədiyinin göstəricisidir.

Azərbaycanın davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın uğurları və bütün bunların məntiqi nəticəsi olaraq dünya birliyinin ermənilərin mənfur siyasətinin həqiqi sifətini tanıması, habelə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xain və qisasçı erməni siyasi rejimini hərbi təxribatlar törətmək kimi təhlükəli və qanlı üsullara əl atmağa vadar edən digər səbəblərdir.

Növbəti erməni təxribatının münaqişə zonası olan Dağlıq Qarabağ bölgəsindən kənar sərhəd zonasında baş verməsi təsadüfi deyildir və onu törədənlərin məkrli və çirkin niyyətlərindən xəbər verir. İnsan tələfatları ilə müşayiət olunan, bölgədə gərginliyin, qarşıdurmanın və müharibə təhlükəsinin artmasını birbaşa hədəfə alan erməni təxribatlarının cilovlanması üçün dünya birliyinin, beynəlxalq təşkilatların, ələlxüsus vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun səsini ucaltmasının, təcavüzkarın yerində oturdulması üçün ən təsirli addımlar atmasının vaxtı çoxdan çatıb. Dünya nəhayət ki, erməni təxribatlarının və bu təxribatların arxasında duran Ermənistanın siyasi hakimiyyətinin artıq neçə illərdir bölgədə sülh və sabitliyə ən böyük təhlükəyə çevrildiyinin fərqində olmalıdır.

Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.

  1. Yeni Azərbaycan Partiyası – Əli Əhmədov
  2. AĞ Partiya – Tural Abbaslı
  3. Ana Vətən Partiyası – Fəzail Ağamalı
  4. Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli
  5. Azadlıq Partiyası – Əhməd Orucov
  6. Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov
  7. Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu
  8. Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev
  9. Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan
  10. Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev
  11. Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev
  12. Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov
  13. Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə
  14. Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov
  15. Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov
  16. Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov
  17. Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə
  18. Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova
  19. Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev
  20. Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə
  21. Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli
  22. Birlik Partiyası – Xudadat Xudiyev
  23. Böyük Azərbaycan Partiyası – Elşad Musayev
  24. Böyük Quruluş Partiyası – Fazil Mustafa
  25. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev
  26. Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev
  27. Demokratik Azərbaycan Dünyası Partiyası – Əlisahib Hüseynov
  28. Demokratik İslahatlar Partiyası – Asim Mollazadə
  29. Ədalət Partiyası – İlyas İsmayılov
  30. Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu
  31. Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev
  32. Qorqud Partiyası – Firudin Kərimov
  33. Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev
  34. Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev
  35. Milli Konqres Partiyası – İxtiyar Şirinov
  36. Milli Vəhdət Partiyası – Yunus Oğuz
  37. Müasir Müsavat Partiyası – Hafiz Hacıyev
  38. Müstəqil Xalq Partiyası – Əflan İbrahimov
  39. Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov
  40. Vəhdət Partiyası – Tahir Kərimli
  41. Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev
  42. Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı
  43. Yeni Zaman Partiyası – Musa Ağayev”.
Oxunma sayı 1946