“Azərbaycanın tərəqqisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır” - Millət vəkili

15:34 11.07.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın 50 illik dövrünü əhatə edən tarixi və siyasi taleyi, bu illər ərzində ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində baş vermiş dirçəliş, inkişaf və tərəqqi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimiz Azərbaycan naminə, bütöv, müstəqil Azərbaycan və azərbaycançılıq uğrunda çalışıb, mübarizə aparıb və qalib gəlib”. Bu fikirləri hafta.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın iyirminci əsrdəki inkişafının əsası 1969-cu ilin 14 iyulunda qoyulub: “Həmin tarixdə siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev, sözün həqiqi mənasında, böyük bir xalqın həyatında möhtəşəm dəyişikliyə nail olub, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görüb. 1969-cu ilə qədər SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir diyara çevrilib. Ona görə də 1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir. Heydər Əliyev öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılayıb, Azərbaycanı 1969-1982-ci illərdə inkişaf etmiş sənaye-aqrar respublikasına çevirərək, bugünkü müstəqilliyimizin təməlini qoyub. 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illərdə Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bütün bunlar Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin bəhrələri idi. Bundan başqa, 70-ci illərdə Bakıda, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri istifadəyə verilib. 1970-1982-ci illərdə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi. Azərbaycanda milli dəyərlərin qorunması, xalqın milli düşüncə tərzinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yalnız Heydər Əliyev kimi Vətəninə, xalqına bağlı, cəsarətli bir dövlət xadimi, siyasi lider reallaşdıra bilərdi. Bu istiqamətdə o dövrdə görülən işlərin bəhrəsini biz indi daha aydın dərk edirik. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycandakı memarlıq abidələrində bərpa işləri aparılıb, tarix və mədəniyyət abidələrinin pasportu hazırlanıb, görkəmli şair və yazıçıların yubileyləri keçirilib, tarixi şəxsiyyətlərin və xalq qəhrəmanlarının abidələri ucaldılıb, onların adlarını daşıyan yaşayış məntəqələri salınıb, milli varlığımızın, dəyərlərimizin və adət-ənənələrimizin təbliğinə xidmət edən filmlər çəkilib”.

A.Hüseynov qeyd edib ki, 1993-cü ilin yayında milli dövlətçiliyimiz ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalq yenidən nicatını Ulu Öndərin hakimiyyətə qayıdışında gördü: “Xalqın təkidi ilə dahi rəhbər Naxçıvandan Bakıya dəvət olundu. Vətəninin və xalqının taleyinə biganə qala bilməyən Ümummilli Lider 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya qayıtdı və bu qayıdış Vətənin xilası, xalqın qurtuluş tarixinə çevrildi, Azərbaycan 1969-cu ildən başlanan quruculuq yoluna döndü. Torpaqlarımızın işğalının qarşısı alındı, milli ordu yaradıldı, sabitlik təmin olundu. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilməsi Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verdi. Bir sözlə, 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinə səbəb oldu. Bu gün həmin ideyalar ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın qüdrəti gündən-günə artır”.

 

Siyasət rubrikasından digər xəbərlər