“Azərbaycanın təşəbbüsləri qitənin enerji xəritəsinə mühüm dəyişikliklər gətirir” – Hikmət Şikarov

14:45 19.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçib. Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonralarında müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanıb və bu imkanı reallığa çevirən Heydər Əliyev olub. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilib”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov səsləndirib. H.Şikarov deyib ki, müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasının əsas vasitələrindən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. “Hələ 80-ci illərin sonlarından etibarən aparılan danışıqlar artıq 1993-cü ilin yazında başa çatmaq üzrə idi. Həmin dövrdə Azərbaycan elə bir müqavilənin imzalanmasına yaxınlaşmışdı ki, o nəinki xalqın mənafelərini nəzərə almır, həmçinin ölkənin qiymətli təbii sərvətini talan edərək iqtisadiyyata böyük ziyan vururdu. Neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktik olaraq yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. 1994-cü il sentyabrın 20-də Bakıda Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan "Əsrin müqaviləsi" adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. "Əsrin müqaviləsi" adı ilə dünyada tanınmış bu müqavilənin imzalanması müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu”, - H.Şikarovun açıqlamasında deyilir.

YAP rəsmisi deyir ki, «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açıb. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini dünyaya göstərib, dövlət müstəqilliyinin mühüm təminatına çevrilib. Bu uğurlu strategiya nəticəsində nəinki neft sənayesini əhatə edən sahələr dirçəlib, həm də bütövlükdə ölkə iqtisadiyyatı inkişaf edib. Bu baxımdan, neft sənayesinin inkişafı qeyri-neft sektorunun dirçəlməsinə də ciddi təsir göstərib.

“Bu müqavilənin imzalanması nəticəsində 2009-2010-cu illərdə Azərbaycan inkişaf sürətinə görə, MDB məkanında ilk yerlərdə qərar tutmuşdu. Bu illərdən başlayaraq sərmayələrin böyük axını qeyri-neft sektoruna yönəldi. «Əsrin müqaviləsi»nin imzalanmasının ən böyük nailiyyəti o oldu ki, ölkəmiz ictimai-siyasi sabitliyə nail oldu, iqtisadi inkişaf başladı. Məhz bunun nəticəsidir ki, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə daxili və xarici sərmayələrin həcmi 2014-cü ildə 21 milyard dollar yüksəldi” deyən H.Şikarov əlavə edib ki, bütün bu nailiyyətlərin əsasında birmənalı şəkildə «Əsrin müqaviləsi» dayanır.

Müsahibimiz bildirir ki, “Əsrin müqaviləsi”nin əhəmiyyəti neft və qazın satışından əldə edilən maddi gəlirlərlə məhdudlanmır - müqavilənin sayəsində ölkəmiz xarici investorlarlar üçün etibarlı tərəfdaşa çevrilib. Eləcə də, “Əsrin müqavilsi” sayəsində Azərbaycan Avropanın enerji təhlükəsiziliyinin təminatında iştirak edir: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər keçmişdə ölkəmizin təşəbbüsləri regional kontekstdən kənara çıxmırdısa, indi mövqe, addımları və təşəbbüsləri qitənin enerji xəritəsinə mühüm dəyişikliklər gətirir. Ölkə başçısı hər zaman neftçilərlə görüşündə deyir ki, məqsədimiz neftdən gələn gəlirləri xalqın gələcək rifahına yönəltməkdən ibarətdir”.

H.Şikarov qeyd edir ki, iki il öncə sentyabrın 14-də Bakıda, Azərbaycan 6 ölkənin 11 şirkəti ilə 2050-ci ilədək "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsinə və neft hasilatının pay bölgüsünə dair yenidən işlənmiş saziş imzalayıb. “Bu saziş şübhəsiz ki, 1994-cü ildə imzalanmış müqavilənin yalnız zaman baxımından deyil, həm də geosiyasi, iqtisadi, mədəni və siyasi aspektdə davamıdır. Həmin il ölkəmiz üçün 2 milyardıncı ton neftin hasil edilməsi ilə də əlamətdar olub. Azərbaycanda ilk milyardıncı ton neft 1971-ci ildə çıxarılmışdı. Neftin ilk 1 milyard tonunu hasil etmək üçün Azərbaycan neftçiləri 1 əsr yol keçdilər. Amma 2-ci milyard tonu çıxarmaq üçün yarım əsrdən də az vaxt lazım oldu”, - YAP Pirallahı rayon təşkilatının sədri əlavə edib.

Oxunma sayı 159