Azərbaycanla sərhəddəki təxribata görə Ermənistan tam məsuliyyət daşıyır - Pakistan mətbuatı

12:24 15.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistanın Diplomatic News Agency, Dispatch News Desk xəbər agentliklərinin, həmçinin “Islamabad Post” qəzetinin veb səhifələrində Ermənistanın son günlərdə Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla bağlı məqalələr dərc olunub.

Hafta.az xəbər verir ki, məqalələrdə Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan ilə dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatdan bəhs olunur. Qeyd olunur ki, Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək üçün artilleriyadan istifadə edərək hücuma keçən düşmənin hücumunun qarşısı alınıb. Döyüşlərdə Azərbaycan ordusunun hərbçiləri şəhid olub, yaralananlar var.

Bildirilir ki, təxribatı törədən Ermənistan tərəfi iddia edir ki, guya Azərbaycan UAZ hərbi maşını ilə erməni mövqelərinə hücum edib, bu, çox gülünc və cəfəng səslənir. Əgər Azərbaycan Ermənistana hücum etmək istəsəydi, yüngül UAZ hərbi texnikasından deyil, ordunun sərəncamında olan hücum əməliyyatları üçün yararlı zirehli döyüş maşınları və digər dağıdıcı ağır hərbi texnikadan istifadə edərdi.

Ermənistanın bu təxribatı törətməkdə məqsədi xalqın diqqətini ölkənin daxilindəkı acınacaqlı vəziyyətdən yayındırmaq, həmçinin özünün dövlət sərhədində gərginlik yaratmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da münaqişəyə cəlb etmək idi. Ermənistan KTMT ölkələrini öz çirkin siyasətinin əsirinə çevirməyə və bu təşkilatın arxasında daldalanmağa çalışır. Lakin KTMT daxilində sağlam məntiq qalib gəldi və sözügedən məsələ ilə bağlı təşkilatın planlaşdırılan növbədənkənar Daimi Şura görüşü ləğv olundu. KTMT ölkələri də Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər.

Məqalələrdə, eyni zamanda, Azərbaycan ordusunun Aprel döyüşlərində qazandıqları parlaq qələbədən də bəhs olunur.

Həmçinin qeyd olunur ki, bu yaxınlarda qəbul edilmiş milli təhlükəsizlik strategiyasında özünün təcavüzkar siyasətini bir daha əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq və işğalçı qüvvələrini beynəlxalq səviyyədə tanınan ərazilərdən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək və bölgədəki gərginliyi artırmaq məqsədini açıq şəkildə nümayiş etdirir. Yazılarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bununla bağlı "Bir tərəfdən Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətə müraciət edir və qoşunların təmas xəttində atəşkəs rejiminin gücləndirilməsi üçün kömək istəyir, digər tərəfdən isə hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə hücum etməyə, mövqelərimizi ələ keçirməyə, mülki əhalini, kəndlərimizi təhlükəyə düçar etməyə can atır” fikirlərinə də yer verilib.

Bununla yanaşı, bildirilir ki, Ermənistanın bu təxribatı ATƏT-in Minsk qrupu həmsədrlərinin (Rusiya, ABŞ və Fransa) vasitəçilik etdiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların mahiyyətini və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinin icrasını ciddi şübhə altına qoyur.

Oxunma sayı 829
Siyasət rubrikasından digər xəbərlər