Azərbaycanlı 100 minə aldığı maşını PDM-lə əzdi - Günün təzadları

18:31 29.01.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanəsilli bloger Hüseyn Həsənov maraqlı addım atdı. Hafta.az-ın yazdığına görə, BAKU.WS xəbər verir ki, məşhur bloger yolda gedərkən qəfil maşını saxlayıb və qarşıda dayanan "VAZ 2115" markalı maşını almaq istədiyini bildirib. Avtomobilin sahibinə 100 000 rubl (2700 AZN) təklif edib. Sürücü isə dərhal razılaşıb və avtomobilini Hüseynə satıb. Daha sonra aldığı maşının üstündən PDM-lə (piyadaların döyüş maşını) keçən Hüseyn bu görüntüləri şəxsi “Instagram” hesabında paylaşıb. Hər zaman fərqli addımlar ataraq insanları təəccübləndirən bloger bu dəfə də ənənəsini davam etdirib. Qeyd edək ki, Hüseyn Həsənov Karina adlı blogerin çağırışına görə bu addımı atıb.

 

Əli ingilis qadını intihardan qurtardı

Britaniyada 45 yaşlı müsəlman taksi sürücüsü xanım müştərini özünü öldürməkdən  çəkindirməyi bacardı. Hafta.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, ibrətamiz olay  İngiltərənin Yorkşir qraflığında  baş verib. Əli Asik Halla  avtomobilinə minən ingilis qadını göstərilən ünvana  çatdırıb. Ancaq bir körpünün altında maşından düşən müştərisinin yaşayış binalarına getmək əvəzinə, kmsəsiz bir parka tərəf yönəlməsi onu şübhələndirib. 

Gecəyarıdan keçmiş idi və Əli qadın üçün nəsə bir təhlükə yaranacağını düşünərək onun arxasınca qaçıb.  Müsəlman kişi xanıma yetişdiyində, artıq onun kiçik hasarı aşaraq Hamber çayına atılmasına anlar qalıbmış.  Əli cəld qadının qolundan yapışaraq özünü çaya atmasına imkan verməyib. O, xilasetmə xidmətinin nömrəsini yığıb və polis gələnə qədər şaxtalı, küləkli bir havada qadını dilə tutaraq həyatına son verməkdən  çəkindirməyi bacarıb. 

Bir müsəlman olaraq gərəkli iş gördüyünü anlayan Əli deyir: "Mən o gecə qadının hara getdiyinə önəm vermədən çıxıb gedərək öz işimlə məşğul olsaydım və ertəsi gün o xanımın öldüyünü eşitsəydim, bunu  heç vaxt özümə bağışlamazdım...”.

 

Masallıda 16 yaşlı qız toyundan sonra öldürüldü

Masallı rayonunda yetkinlik yaşına çatmayan (16 yaşlı) qız ərə verildikdən bir neçə gün sonra öldü. Hafta.az-ın yazdığına görə, rayon Prokurorluğundan “Report”a bildirilib ki, qızın meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizasına təqdim edilib. Prokurorluqda da aparılmış müvafiq araşdırmalardan sonra  yetkinlik yaşına çatmayan qızın toyundan sonra qətlə yetirildiyi məlum olub. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Günün sonunda Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri Masallıda iki həftə əvvəl toyu olan qızın ölümü ilə bağlı birgə rəsmi məlumat yayıb. Məlumatda deyilir:"Yanvarın 29-da saat 11 radələrində Masallı rayonu Xoşçobanlı kənd sakini, 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin rayon mərkəzi xəstəxanasına daxil olması ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

 Masallı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin F.Qəmbərovanın 2 həftə əvvəl evləndiyi 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə F.Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib. İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

 

1 yaşlı uşaq narkotikdən zəhərləndi

Rusiyanın Sankt-Peterburq şəhərində azyaşlı narkotik maddədən zəhərləndi.  Hafta.az yazır ki, Musavat.com-un yaydığı məlumata görə, bu barədə “Nevskie Novosti” hüquq-mühafizə orqanlarına istinadla xəbər verib. Bildirilir ki, bir yaş altı aylıq uşaq pəncərənin kənarına qoyulan xaş-xaş tərkibli narkotik maddəni yeyib. Bundan sonra vəziyyəti ağırlaşan azyaşlı xəstəxanaya çatdırılıb. Faktla bağlı “Narkotik vasitələrin və ya psixotrop maddələrin həkim təyinatı olmadan istifadəsi” maddəsi ilə inzibati iş açılıb. Hazırda hadisənin təfərrüatı araşdırılır.

 

Bakıda uşaq 8 maqnit uddu

Bakıda daha bir uşaq maqnit uddu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, 5 yaşlı uşaq ehtiyatsızlıqdan 8 ədəd maqnit udub. Uşağın valideynləri həkimə müraciət ediblər. Məlum olub ki, maqnitlər uşağın nazik bağırsağını deşib. Həkimlər əvvəlcə qapalı əməliyyat edərək maqnitlərin 4-nü, daha sonra açıq əməliyyat həyata keçirərək digər 4 maqniti bağırsaqdan çıxarıb. Maqnitlərin yaratdığı fəsadlar aradan qaldırılıb.  Hazırda uşağın vəziyyəti yaxşıdır və müalicəsini evdə davam etdirir.

Qeyd edək ki, bir neçə gün öncə 2 yaşlı uşaq 5 ədəd maqnit udmuşdu.

 

Nəsimi rayonunda kişi arvadını dabankeşlə döydü

Bakının Nəsimi rayonunda döyülmə hadisəsi baş verdi. Hafta.az-ın yazdığına görə, APA xəbər verir ki, hadisə 5-ci mikrorayon, Cavadxan küçəsində yerləşən mənzildə qeydə alınıb. 1972-ci il təvəllüdlü K.Quliyeva həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı o, əri tərəfindən dabankeşlə döyülüb. Başından açıq kəllə-beyin travması alan qadın 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Oxunma sayı