Qahirə Universitetinin təşkil etdiyi "Şərq dilləri arasında qarşılıqlı tədqiqatlar" adlı beynəlxalq elmi konfransa təqdim olunmuş elmi məqalələr kitab şəklində çap olunub.
Hafta.az yazır ki, dünyanın müxtəlif ölkələrindən professorların təqdim etdiyi məqalələr arasında, Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun "Ərəb dilinin yayılmasında Azərbaycan tövhələri" sərlövhəli elmi məqalə də yer alıb.
Tədqiqatçı məqalədə ərəb dilinin inkişafında əvəzsiz xidmətləri olmuş azərbaycanlı alimlərdən geniş söhbət açıb. Ərəblərin azərbaycanlılar haqqında söylədikləri xoş fikirlərdən yazan tədqiqatçı, böyük alim Əbu Tahir əl-Siləfi və dahi şair əl-Buhturinin Azərbaycanı mədh edən şeirlərini də qeyd edib.
Əsərlərini ərəb dilində yazmış yüzlərlə azərbaycanlı alim və ədəbiyyatşünasların olduğunu qeyd edən S.Nəsirov, orta əsrlərdə yaşamış Azərbaycanlı şair Saib bin Fərrux haqqında xüsusilə geniş söz açıb.
S.Nəsirov məqalədə, Azərbaycanla Misir arasında tarixi və mədəni əlaqələrdən söhbət açarkən, azərbaycanlıların Misirin inkişafında əvəzsiz xidmətləri olduğunu bildirib. O, VII əsrdə ərəblərin Azərbaycana ilk gəlişində Misir və Şam qəbilələrinin ölkəmizə köçdüyünü qeyd edib.
Tədqiqatçı Azərbaycan və ərəb dilləri arasında bağlılıqlardan bəhs edərkən, dilimizdə çox sayda ərəb mənşəli sözlərin olduğunu bildirib və nümünələr göstərib.