Azərbaycanlı qadın Himalayı fəth etdi - GÜNÜN TƏZADLARI

18:39 30.09.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Güney Azərbaycandan olan Zəhra Neməti Himalayın 8 163 metr yüksəklikdə olan səkkizinci ən yüksək zirvəsi - Manaslunu fəth etməyə müvəffəq oldu. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, Azərbaycan vilayətinin Dağçılıq İdmanları Heyətinin yaydığı  məlumatda belə deyilir. İran Azərbaycanı dağçılıq idmanı sahəsində ölkənin birinci yerini almaqdadır. Əzim Qeyçisaz adlı digər təbrizli alpinist daha öncə Himalay dağlarının 8 min metrdən yüksək 14 zirvəsini fəth etmişdi. Zəhra Neməti Təbrizdə “Himalay” adlı dağçılıq klubunun üzvüdür. O, Türkiyə və Qafqaz bölgələrində bir neçə alpinist qrupun lideri olmuşdur. Neməti  Manaslu zirvəsini fəth etmək üçün avqust ayının ortalarında Nepala getmişdi. Manaslu zirvəsini ilk dəfə Yaponiyadan bir qrup alpinist 1956-da şimal-şərq marşrutu üzrə fəth edib.

 

ABŞ ordusu hücuma keçdi - Azərbaycan ordusu müdafiə olundu

ABŞ Avropa Komandanlığı (EUCOM) tərəfindən Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimi başa çatdı. Hafta.az-ın yazdığına görə, Virtualaz.org xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi hərbçilərimizin bu təlimlərdə uğurlu iştirakı haqda məlumat yayıb. Məlumatda deyilir ki, Azərbayanın sülhməramlı bölüyü, NATO tərəfdaşları və ABŞ ordusunun 4-cü piyada polkunun 1-ci batalyonu bu təlimlərdə mifik “Kittenze” şəhərinin işğalı üçün qarşıduran tərəflər rolunda çıxış edib. Təlimlər sentyabrın 3-dən 30-na qədər davam edib. İlk dəfə bu təlimlərdə Azərbaycan hərbçiləri qarşıduran qüvvələrdən biri qismində iştirak edirdi. Onların qarşıduran tərəflərdən biri kimi vəzifələri bundan ibarət idi ki, ABŞ ordusunun 173-cü piyada briqadasının əsgərlərindən və çoxmillətli tərəfdaşların qüvvələrindən ibarət qüvvələrin mifik şəhərin işğal edilməsinin qarşısını alsın. Məqsəd bölmələrin birgə yerüstü əməliyyatlar zamanı hazırlığını və qarşılıqlı əlaqə şəraitində fəaliyyətini yoxlamaq idi.

 

Kralın mühafizəçisi qətlə yetirildi

Ərəbistanı Kralı Salman bin Əbdüləzizin şəxsi mühafizəçisi qətlə yetirildi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, olay  bazar günü Ciddə şəhərində qeydə alınıb. Belə ki, briqada generalı Əbdüləziz bin Bəddah əl-Fağım dostu Turki Ben Abdel-Əzizin evinə qonaq gedib. Bu zaman general Əbdüləziz bin Bəddah əl-Fağımın digər dostu Mahmud Ben Maşaalla mübahisə edib. Mübahisədən sonra Mahmud Ben Maşaal evi tərk edib və silahla geri qayıdıb. O, atəş açaraq xidmətçini və generalı yaralayıb. Maşaal hadisə yerinə gələn hüquq-mühafizə orqanının əməkdaşları ilə də atışıb və öldürülüb. Bundan başqa, atışmada təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı da yaralanıb. Kralın mühafizəçisi xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Azərbaycanlı futbolçu Almaniyada dubl etdi

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniya çempionatında dubl etdi. Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, milliləşən yarımmüdafiəçi 2-ci Bundesliqada fərqlənib. O, şərəfini qoruduğu “Aue”nin Drezden “Dinamo”su ilə VIII turun ev matçında 13 dəqiqəyə 2 qol vurub. 17-ci dəqiqədə penaltini qola çevirən D.Nazarov 29-cu dəqiqədə fərqi artıraraq 4:1 hesablı qələbədə pay sahibi olub. 54-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanan yarımmüdafiəçi final fitindən 11 dəqiqə öncə əvəzlənib. Qeyd edək ki, “Aue” 8 oyundan sonra 14 xalla 4-cü pillədə qərarlaşıb.

 

Nərimanovda kirayənişin qız ev sahibini döydü

Bakının Nərimanov rayonunda iki qadın arasında dava düşdü. Hafta.az-ın yazdığına görə, APA xəbər verir ki, hadisə Təbriz küçəsindəki evlərin birində baş verib. 1996-ci il təvəllüdlü Gülüstan Xudiyeva kirayədə yaşadığı evin sahibi olan 1985-ci il təvəllüdlü Günel Məmmədova ilə mübahisə edib. Mübahisənin sonunda G.Xudiyeva ev sahibini döyüb. Qadın müxtəlif bədən xəsarətləri alıb. G.Məmmədova faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə şikayət edib.