“Azərbaycanlıları yaxından tanıyanda, onları o qədər sevdim ki...” – İsra Adil

15:50 24.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Müsahibim elə bir xanımdır ki, onun varlığı ilə ancaq fəxr edə bilərik. Qahirədə yaşayır, misirlidir və Misir vətəndaşıdır. Amma Azərbaycan dilini elə mükəmməl bilir ki, söhbət zamanı əcnəbi olduğunu heç cür ayırd eləmək mümkün deyil. Açıq deyirəm: bu gün sosial şəbəkələrdə bəziləri rus dilində danışmağı və təhsil almağı vacib hesab etdiyi halda, bu xanım Azərbaycan dilini, üstəlik, Azərbaycan mədəniyyətini, məişətini, tarixini də mükəmməl şəkildə öyrənməyə çalışıb. Söhbət filoloq, EPS" dillər mərkəzinin yaradıcısı, ərəblər üçün "Azərbaycan dilinin qrammatikası" adlı kitabın müəllifi, hazırda Qahirədə Azərbaycan dilinin tədrisi ilə məşğul olan xanım İsra Adildən gedir. Görürsünüz, Azərbaycanı misirlilər arasında təşviq eləmək üçün Mərkəz yaradıb, hətta kitab da yazıb, çap etdirib. Mən də indiki məqamda oxucularımıza çox maraqlı olacağını bilib, xanım İsra Adillə qısaca söhbət elədim. Nələrdən danışdıq, buyurun özünüz oxuyun:   

- Adım İsradır. 1996-cı ildə Misirin Qahirə şəhərində anadan olmuşam. İxtisasca ədəbiyyatçıyam - Qahirə universitetinin ədəbiyyat fakültəsini bitirmişəm.

- Harada işləyirsiniz, vəzifəniz nədir?

- Azərbaycan dili müəlliməsiyəm və işimdən çox məmnunam. Misirdə, ölkələrimiz arasında əlaqələri gücləndirmək, Azərbaycan dövlətini və dilini təbliğ və tədris etmək məqsədilə təsis olunmuş "EPS" dillər mərkəzinin yaradıcısıyam. Eyni zamanda, ərəblər üçün "Azərbaycan dilinin qrammatikası" adlı kitabın müəllifiyəm.

- Azərbaycan dilinə maraq hardandır sizdə? Niyə ingilis, ispan, fransız, Çin, yapon və sair xalqların dillərini yox, məhz bizim dili öyrəndiniz, özü də bu səviyyədə - heç bir azərbaycanlıdan fərqlənməyəcək qədər mükəmməl səviyyədə...

- Qahirə Universitetində oxuyarkən Səyyid Əl-Nəqşibəndi və Səlahəddin Əyyubinin əslən azərbaycanlı olduqlarını öyrəndim. Bundan sonra mən, Azərbaycanı və azərbaycanlıları daha da yaxından tanımaq istədim. Düşündüm ki, Azərbaycan dilini dərindən öyrənə bilsəm, məqsədimə çataram. Azərbaycan mədəniyyətini və azərbaycanlıları yaxından tanıyanda, onları o qədər sevdim ki... Sonra da Azərbaycana və azərbaycanlılara olan sevgimi misirlilərə çatdırmaq istədim. Tanıdığım misirlilərə Azərbaycanın görməli yerləri, tarixi abidələri və gözəl təbiəti haqqında həmişə danışıram. Azərbaycan dilinə sevgimi isə müəllifi olduğum kitabla əks etdirirəm.

- Məncə hər bir elmi, peşəni öyrənərkən bir müəllimə və ya müəllimlərə ehtiyac olur. Bu prizmadan yanaşsaq, müəlliminiz kim olub, neçə müddətə öyrənmisiniz dilimizi? Sadəcə məktəbdə öyrənmisiniz, yoxsa başqa bir tərəfdən də kömək olub?

- Universiteti bitirən kimi, öz üzərimdə çox işlədim, çalışdım ki, Azərbaycan dilini dərindən öyrənim. Hər gün azərbaycanlı dostlarımla yazışıb danışırdım, xəbərlərə və seriallara qulaq asırdım, kitabları oxuyurdum. Azərbaycan dilini yalnız üç ay ərzində öyrənə bildim. Sonra məşq etmək üçün Qahirədəki Azərbaycan diaspor mərkəzinə getdim. Orada İnarə müəllimə, çox sağ olsun, mənə həmişə kömək edirdi. Mən həqiqətən də, Azərbaycan dilini öyrənə bildiyim üçün çox sevinirəm. Çünki indi yeni bir ailə qura bildim, amma bu dəfə yeni ailəmin cinsiyyəti azərbaycanlıdır.

- Azərbaycanda oldunuzmu, oldunuzsa nə vaxt gəldiniz?

- Azərbaycanda təəssüf ki, olmamışam. Amma nə vaxtsa Azərbaycana gəlsəm, mütləq Qız qalasına, Şirvanşahlar sarayına, dünya abidələri siyahısına daxil edilmış Şəki xan sarayına gedəcəyəm, Qobustan ərazisində yerləşən qədim insan yaşayış məskənlərini, dünya ədəbiyyatının incilərindən sayılan dahi Nizaminin məqbərəsini ziyarət edəcəyəm, təbiəti çox gözəl olan yerlərə də baş çəkəcəm inşallah.

- Belə görürəm ki, Azərbaycan mədəniyyəti, məişəti haqda da mükəmməl məlumatınız var...

- Əlbəttə, var. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti haqda maksimum oxuyub-öyrənməyə çalışıram.

- Əvvəlki sualın davamı olaraq deyim ki, Azərbaycanda bəzi bölgələrdə dilimizin fərqli şivələri mövcuddur. Məsələn, Bakı şivəsi ilə Şəki bölgəsinin, yaxud Naxçıvan və ya Qazax, Lənkəran bölgələrinin danışığında fərq var. Yəni şivələri də öyrənmək çox maraqlı olardı sizə...

- Hə, bilirəm. Azərbaycanlı dostlarımın hamısı fərqli şivələrdə danışırlar. Onlarla danışa-danışa şivələri başa düşməyə başladım. Amma mən ədəbi və mədəni dildə danışmağı daha çox xoşlayıram.

- Maraqlıdır, Azərbaycanın Misirdəki səfirliyi ilə əlaqəniz varmı, yaxud da bizim oradakı Azərbaycan diasporu ilə... Hörmətli dostumuz Seymur Nəsirovu və rəhbərlik etdiyi diaspor təşkilatını nəzərdə tuturam...

- Xeyr, təəssüf ki, yoxdur.

- Məncə dil bilginizi daha da artırmaq üçün Azərbaycanda kurs keçsəniz yaxşı olardı...

- Əlbəttə, Azərbaycanla Misir arasında əlaqələri daha da gücləndirilmək üçün hədəflərimin sayı çoxdur. Bunlardan birini məhz EPS dillər mərkəzini təsis etməklə həyata keçirə bildim. Azərbaycan dilini öyrənməyə başlayanda Azərbaycanda kurs keçməyi çox istəyirdim, amma indi arzularım dəyişib. İstəyirəm ki, Azərbaycanda olub, çox sevdiyim abidələri və azərbaycanlı ailəmi görüm.

- Gələcəkdə Azərbaycan dilinin misirlilər arasında, məktəbdə, hansısa dərnək qurmaqla, kurs təşkil etməklə daha geniş təşviq etmək fikriniz varmı?  

- Əlbəttə var. EPS dillər mərkəzini təsis etməkdə məqsədim elə budur.

Oxunma sayı 7830