İdman Kompleksi, Bayraq Meydanı, yoxsa?..

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt

“Eurovision-2012“ müsabiqəsi Bakıda keçirilməyə də bilər

“Eurovision-2012“ beynəlxalq mahnı müsabiqəsinin keçiriləcəyi ünvan hələ müəyyənləşməyib. Hətta müsabiqənin Bakı şəhərində deyil, başqa bir regionda keçirilmə ehtimalı da var. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov bildirib ki, müsabiqənin indidən hansı şəhərdə və ya hansı yerdə keçirilməsi barədə konkret fikir söyləmək hələ tezdir: “Əlbəttə, Azərbaycan təkcə Bakı şəhərindən ibarət deyil. Ona görə də yerlə bağlı bütün variantlar nəzərdən keçiriləcək. Müsabiqənin keçiriləcəyi yeri indidən dəqiq deyə bilmərik“.

Tahir Məmmədov deyib ki, hazırda müsabiqənin keçirilə biləcəyi ünvanlarda təmir və yenidənqurma işləri aparılır. Onun sözlərinə görə, bu işlər başa çatdıqdan sonra təklif olunan yerlərlə bağlı yekun qərar qəbul ediləcək.
Xatırladaq ki, müsabiqənin keçirilməsi nəzərdə tutulan ən real yerlər arasında Tofiq Bəhramov adına Respublika Stadionu, Heydər Əliyev adına İdman-Konsert Kompleksi və Bayraq Meydanının adı çəkilir. Hazırda “Eurovision-2012“ beynəlxalq mahnı müsabiqəsinə hazırlıq tədbirləri çərçivəsində hər 3 ünvanda tikinti və təmir işləri aparılır. Heydər Əliyev adına İdman-Konsert Kompleksinin tutumu 7500-7800 nəfərdir. Almaniyada “Eurovision“ keçirilən yerin isə 30 mindən artıq tamaşaçı tutumu vardı.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində dəfələrlə Dünya və Avropa çempionatları keçirilib. Müsabiqənin keçiriləcəyi ünvanlardan biri ola biləcək Tofiq Bəhramov adına Respublika Stadionunda isə bu şəraiti yaratmaq üçün isə ilk növbədə arenanın üstü bağlanmalı və oturacaqlar dəyişdirilməlidir. Hazırda burada da təmir işləri gedir. Ərazidə tikinti-quraşdırma işlərinin müsabiqəyə qədər yekunlaşacağı deyilir.
Müsabiqənin keçiriləcəyi yerlər arasında Bakı Dövlət Sirkinin də adı çəkilirdi. Lakin sirkin yerləşdiyi binanın tamaşaçı tutumu cəmi 3000 nəfərdir. Üstəlik Bakı Dövlət Sirkinin texniki göstəriciləri də “Eurovision“ müsabiqəsi kimi möhtəşəm müsabiqənin keçirilməsi üçün məqsədəuyğun sayılmır.
Beləliklə, müsabiqə üçün ən münasib yerlərdən biri kimi Bayraq Meydanının adı daha çox hallanır. Artıq çoxfunksiyalı arenanın bünövrəsinin tikintisi başa çatmaq üzrədir. Bu arenanın “Eurovision-2012“ mahnı müsabiqəsinin keçiriləcəyi ünvan kimi seçilməsini aktuallaşdıran bir amil də var. Belə ki, Dövlət Bayrağı Meydanının yaxınlığındakı “Baku Crystal Hall“ idman kompleksi tikilir. Təxminən 25 min tamaşaçı tutumuna malik olacaq arenanın 2012-ci ilin aprel ayında istismara veriləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin Bakıda Dövlət Bayrağı Meydanında yeni idman-konsert kompleksinin tikintisi üzrə elan etdiyi tenderin qalibi Almaniyanın məşhur “ALPİNE Bau Deutchland AG“ şirkəti olub. “ALPINE Bau Deutschland AG“ şirkətinin layihə üzrə tərəfdaşı “gmp International GmbH“, İsveçrənin “Nüssli AG“ və “Basler & Hofmann AG“, eləcə də Avstriyanın “GmbH & Co. KG“ və “SSF Ingenieure AG“ şirkətləridir.
Nigar İxtiyarqızı
Oxunma sayı 239