Bacısıoğlu Qurban Məmmədovun Türkiyədə saxlanılmasından danışdı

15:56 17.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi  “Azərifreedom” kanalının rəhbəri Qurban Məmmədov Türkiyədə saxlanılıb. Bu barədə Qurban Məmmədovun oğlu Qoşqar Məmmədovun məlumat yaydığı bildirilib.

Qurban Məmmədovun bacısı oğlu Vüqar Məmmədov “Həftə içi”-nə açıqlamasında bildirib ki, onun Türkiyədə saxlanması ilə bağlı dolaşan fikirlər təzadlıdır. Belə ki, o, Q.Məmmədovun gah Türkiyədə saxlanıldığı, gah da Londona qayıtdığı barədə məlumatlar yayıldığını və hansının dəqiq olduğunu bilmədiyini deyib.  

“Qurban bəy 10 günə yaxın idi ki, mütəmadi olaraq öz televiziyası vasitəsi ilə Azərbaycana gəlmək istədiyini və təhlükəsizliyinin təmin edilməsi  ilə bağlı dövlətin ona dəstək durmasını xahiş edirdi. Qurban Məmmədov Azərbaycanda təhlükəsizliyi təmin olunacağı təqdirdə barəsində  müxtəlif ittihamlar irəli sürülməsinə baxmayaraq açığa çıxmaq istədiyini demişdi.

Lakin onun saxlanılması məsələsi tam aydın deyil. Amma hesab etsək ki, Qurban Məmmədov həqiqətən də Azərbaycana gələrkən Türkiyə sərhəddində tutulub, burda da qeyri-adi heç nə yoxdur. Çünki hər hansı bir şəxs interpol tərəfindən axtarışa verilirsə, harada olmasından asılı olmayaraq yaxalanaraq ekstradisiya olunmalıdır. Bu, beynəlxalq hüquqa əsasən qanunidir və bu məsələnin Türkiyə-Azərbaycan münasibətlərinə heç bir mənfi təsiri ola bilməz”.

V.Məmmədov bildirib ki, o,  Q.Məmmədovun İngiltərəyə qayıtması, hətta axşam efirə çıxacağı ilə bağlı məlumatlar alsa da, bu da dəqiq deyil.

“Mən Türkiyənin onu niyə geri qaytardığını deyə bilmərəm. Amma hər halda məsələni Azərbaycan, Türkiyə dövlətləri, İngiltərə daha yaxşı bilir. Yaxud Qurban Məmmədov Türkiyəyə qədər gəlibsə, ehtimal yarana bilər ki, artıq ona təhlükəsizlik təminatı verilib. Amma nəzərə almaq lazımdır ki, Q.Məmmədov Türkiyəyə gəlib. Türkiyə isə başqa bir dövlətdir. Ola bilsin ki, Q.Məmmədov İngiltərədə sığınacaq aldığına görə geri qaytarılıb. Dəqiq məlumatımız yoxdur”.

Sentyabrın 8-də Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata əsasən, Q.Məmmədov, Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham edilirlər.

Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və burada yaşayan vətəndaşlığı olmayan şəxslər ölkə hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycanın Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

Həmin şəxslər barəsində istintaq orqanının təqdimatına əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib və barələrində beynəlxalq axtarış elan edilib.

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.

Tahirə

Oxunma sayı 412