Badamdar qəsəbəsində abadlıq və yenidənqurma işləri sürətlənib - REPORTAJ

18:42 18.12.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Ölkə başçısı İlham Əliyevin və  Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq, Səbail rayonunun digər ərazilərində olduğu kimi, Badamdar qəsəbəsində də abadlıq, yenidənqurma və təmir-bərpa işləri geniş vüsət alıb.

Qəsəbənin yaşayış binalarının ərazisində çəpərlənmiş qanunsuz həyətlər tamamilə sökülüb, ərazi zibilliklərdən təmizlənərək yerində İDEA “Abad məhəllə” layihəsi çərçivəsində abad məhəllələr, parklar salınır.  Sözügedən qəsəbənin bütün küçələrinin yollarında asfaltlanma işləri aparılır, səkilər yeniləşir, yolların kənarlarında çoxlu sayda ağac və kol bitkiləri əkilib və əkilir də.

“Həftə içi”nin əməkdaşı olaraq yolumuzu sözügedən qəsəbədən saldıq. Badamdarda tikilən göydələnlər, salınan yollar, görülən abadlıq və yenidənqurma işləri qəsəbənin görkəmini tamamilə dəyişdirib, sanki göz oxşayır. Bir sözlə, qısa  zaman kəsiyində qəsəbədə çox böyük işlər görülüb. Rafiq İsgəndərov, 4 , Nəzərov küçəsi, 3 ünvanlarda abad məhəllə salınırdı. Bu işə böyük briqada, işçi qüvvəsi cəlb edilmişdi – işlər sürətlə aparılır, özü də keyfiyyətli, səliqəli və təmiz. İşlərin gedişatından da görünürdü ki, nəzarət çox güclüdür. Beşmərtəbəli binaların daxili yollarına və meydançalara asfalt döşənib, səkilər yenilənib, piyada yollara tamet düzülüb. Binaların fasadları rənglənib, dam örtükləri təmir edilib, dəmir seyf qapılar qoyulub. Binanın iç və çol divarları rənglənilib, mərtəbələrə qalxan pilləkənlər təmir edilib, ağ mərmər üzlüklər vurulub. Binaların dibinə yaxın ərazilərdə köhnə sınıq bordürlər çıxarılaraq mərmər daşlarla əvəz olunub, çoxlu sayda gül, kol və ağaclar əkilib. Binaların həyətində müasir tələblərə uyğun park salınır. Uşaqların oynaması üçün futbol meydançası tikilib, idman qurğuları, sürüşkənlər, yelləncəklər, turnirlərə kimi quraşdırılıb. Küçə işıqları quraşdırılacaq, göydələnlər və oturacaqlaradək qoyulacaq. Həqiqətən də sözügedən binalar tamamilə yeniləşib, salınan park və abadlıq işləri öz gözəlliyi ilə seçilirdi.

Elmir adlı sakin dedi ki, yaşadıqları qəsəbədə 20 ildə belə bir abadlıq işləri aparılmayıb: “Qəsəbənin küçələri baxımsız qalmışdı, yolları bərbad vəziyyətdə idi. Hər tərəf toz-torpağın, palçığın içində idi. Hələ Sovetlər birliyi dövründən yaşadığımız binaların həyəti bir qrup sakin tərəfindən çəpərlənmişdi:  “Bir qarış boş yer qalmamışdı ki, düşüb həyətdə rahat nəfəs alasan. Uşaqların oynamağa yerləri yox idi. Binalarda təmir işləri aparılmadığından, fasadları uçub-tökülürdü. Piyada, səki yolları dağılmışdı. Binanın giriş qapıları, çöl pəncərələri sınıq-salxaq idi.  Elə ki, Vüqar Zeynalov Səbail Rayon İcra Hakimiyyətinə başçı təyin edildi, qəsəbəmizin problemləri öz həllini tapmağa başladı. Başçı qəsəbəyə gəlib biz sakinlərlə görüşlər keçirdi. Badamdarın bütün küçələrini gəzib-dolaşdı, qəsəbənin vəziyyəti ilə tanış oldu. Onun rəhbərliyi altında qəsəbəmiz abadlaşır. Binalarımızda, artıq əsaslı təmir işləri aparılıb. Girəcəklərə müasirtipli nömrəli dəmir seyf qapılar qoyulub, pəncərələr dəyişdirilib, abad məhəllə salınır. Bur sözlə, biz sakinlərin firavan yaşaması və asudə vaxtlarında istirahəti üçün qəsəbəmizdə hər cür şərait yaradılır”.

Fəxri adlı sakin dedi ki, bütün yaşayış binalarının həyəti bir qrup sakin tərəfindən çəpərə alındığından narəmizlik baş alıb gedirdi:  “Artıq qəsəbədə aparılan yenidənqurma, abadlıq və təmir işləri biz sakinlərin ürəyincədir. Qəsəbəmiz gül-çiçəkli yaşıl bir ormana çevrilib. İşlər sürətlə aparılır və qısa vaxtda paytaxtın ən gözəl yaşayış məskənlərindən birinə çevriləcək”.

Sakinlər  göstərilən diqqət və qayğıya, aparılan abadlıq və quruculuq işlərinə görə, ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Səbail RİH başçısı Vüqar Zeynalova öz minnətdarlıqlarını bildirdilər.

Görülən işlərə nəzarət edən iş icraçısı Əvəz Vəliyev sözügedən qəsəbədə tikinti və abadlıq işlərinin Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aparıldığını söylədi. Onun sözlərinə görə, Sehran Məmmədov küçəsində abadlıq işləri bu ilin sonunadək başa çatdırılacaq. Hazırda Əli Nəzərov, Rafiq İsgəndərov küçələrində yaşayış binalarının həyətində abad məhəllə salınır: “Binalarda təmir-bərpa işləri artıq yekunlaşıb. Səkilər yenilənib. Daxili yollar və meydançalar təmir edilib, asfalt örtük vurulub.Yeni səki daşları düzülüb, sınıq bordürlər yeniləri ilə əvəzlənib.Yolların kənarlarına yaşıl qazon salınır,  ağac və kollar əkilir. Qəsəbədə çox iş görülüb. Əksər küçələrin binalaında təmir işləri aparılıb. Qəsəbədə yarmarka tikilib, küçələr abadlaşır. Əli Nəzərov küçəsində binaların fasadları təmir edilib, küçədə abadlıq işləri aparılıb.

Qəsəbənin Abbasqulu Abbaszadə küçəsində iyollar asfaltlanıb, səkilər çəkilib. İmaməddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar Badamdar qəsəbəsində çoxlu sayda ağac əkilib, yaşıllıqlar salınıb.Yeri gəlmişkən qeyd edim ki, rayon rəhbərliyi ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə yerindəcə mütəmadi tanış olur və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti ilə maraqlanır. Nəinki Badamdar qəsəbəsinin, habelə rayonun küçələri, hətta dalanları, evləri müasir tələblərə uyğun təmir olunur, illərlə asfalt çəkilməyən küçələrə asfalt çəkilir və kanalizasiya sistemi yenilənir”.

 

Oxunma sayı 107