Bakı-Dubay reysində erməni filmi göstərildiyi bilindi - Günün təzadları

18:26 25.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gündəlik Bakı-Dubay-Bakı aviareyslərini həyata keçirən “Fly Dubai” şirkətinin təyyarələrində erməni filmi - “Spitak”ın nümayiş etdirildiyi bəlli oldu.

Hafta.az yazır ki, bu barədə “Report”a Dubaydan Bakıya uçan təyyarənin sərnişinlərindən biri məlumat verib.

Sərnişin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı münaqişənin davam etdiyi şəraitdə belə hala rast gəldiyi üçün təəssüf hissi keçirdiyini bildirib və bu cür halın qəbuledilməz olduğunu vurğulayıb: "Görünür ki, Azərbaycana uçuşlar həyata keçirən “Fly Dubai” ölkəmizin maraqlarını nəzərə almır. Ermənistan 30 ilə yaxındır ki, Azərbaycan ərazilərinin 20%-ni işğal altında saxlayır, təcavüzkar siyasətini davam etdirir. Azərbaycana uçuşlar həyata keçirən şirkətlər, o cümlədən “Fly Dubai” belə məsələlərdə diqqətli olmalıdır. Həmin aviaşirkət Ermənistana uçuşlar həyata keçirsə belə, bu cür hal narazılıq doğura, vətəndaşların "Fly Dubai”dan imtina etməsinə səbəb ola bilər", - deyə o, qeyd edib. Report" məsələ ilə bağlı "Fly Dubai” şirkəti ilə əlaqə saxlayıb. Aviadaşıyıcının ictimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Houda Al Kaissi bildirib ki, “Fly Dubai”ın təyyarələrinin əyləncə sistemində 1 000 saatdan çox müxtəlif dillərdə kontent var və bu kontentlər bütün uçuşlar zamanı nümayiş edilir: "Bu məsələdə ölkələrdən asılı olaraq fərdi yanaşma yoxdur".

 

Erməni Tərtər rayonunda avto-qəzada öldü

Azərbaycan Respublikasının işğal altındakı ərazilərində sülənən daha bir erməni avtomobil qəzasında öldü.

Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, fevralın 24-ü axşam saat 20:30 radələrində Tərtər rayonunun işğal altındakı Ağdərə şəhərinin faktiki sakini, 36 yaşlı A.S.  “Mitsubishi L200» markalı avtomobillə qəza törədib. Şahidlər onu eyni rayonun Canyataq kəndi yaxınlığında avtomobili saxlayarkən görüblər. S.S. maşından düşüb, yanında olan sərnişin A.S. isə içəridə qalıb. Bu zaman avtomobil gözlənilmədən hərəkətə gələrək yolun kənarındakı dərin uçuruma yuvarlanıb və nəticədə erməni A.S. ölüb.

 

Kral oğlu ilə birgə zibil topladı

İordaniya Kralı Abdullah və oğlu Hüseyn Əqəbə körfəzinin dibindəki zibili toplamaq məqsədilə dalğıclıq etdilər. 

Hafta.az Rusiya mediasına istinadla  xəbər verir ki, Krallığın Dəniz  Mühitini Qoruma Təşkilatı bu prosesin video-görüntülərini  “Facebook” səhifəsində yerləşdirib. Video-yazıda monarxın oğlu və digər dalğıclarla birlikdə körfəzin dibindən butulka, qutu, banka və digər zibilləri topladıqları görünür. Təmizlik işləri  zamanı müsəlman(!) hesab edilən Kral Abdullah balıqçıların  toruna dolaşmış  bir  dəniz tısbağasını da xilas edib..

 

Antarktidada qırmızı qar yağdı

Hazırda yay fəslinin olduğu Antarktidada Ukraynanın “Akademik Vernadskiy” tədqiqat stansiyası yerləşən ərazidə qırmızı qar yağdı.

Hafta.az “Dəyərlər”ə istinadla  xəbər verir ki, bu barədə Ukrayna Elm və Təhsil Nazirliyi “Facebook” səhifəsində xəbər paylaşıb.

Bərk şaxtadan qorxmayan, bir qədər isinmə olanda sporaları böyüməyə başlayan “Chlamydomonas nivalis” adlı mikroskopik yosunların qara qırmızımtıl çalar verdiyi bildirilir.

 Nazirlik bənzər halların Arktikada, həmçinin yüksək dağlıq ərazilərdə də rast gəlindiyini qeyd edib.

 

Bakıda fəhlə faciəvi şəkildə öldü

Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 4-cü qapı küçəsində yerləşən metal qırıntılarınn qəbulu məntəqəsində qeydə alınıb. Həmin məntəqədə fəhlə işləyən, 1977-ci il təvəllüdlü Zaur Səlimov metal qırıntılarını yük maşınına yükləyən zaman 1973-cü il təvəlllüdlü Eldar Nəcəfovun idarə etdiyi "KamAZ-55111" markalı yük avtomobilinin altında qalaraq ölüb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

 

Oxunma sayı 33