Bakı-Sumqayıt yolunda yenidənqurma: son vəziyyət - REPORTAJ-FOTOLAR

14:21 13.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bakı-Sumqayıt yolunda yaranan tıxaclar artıq vətəndaşları da narahat etməyə başlamışdı. 20-30 dəqiqəlik yolu axşam saatlarında 1 saata getmək həqiqətən əzab verici idi.

Bununla əlaqədar olaraq vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədi ilə Prezident İlham Əliyevin Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı fərman verdi.

Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilometrliyindən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işlərinə başlanılıb.

Biz də bu gün görülən işlərlə bağlı məlumat almaq üçün Bakı-Sumqayıt yolunun yenidənqurma işləri aparılan ərazisində olduq. Burada texnikalar işləyir. Körpü olan ərazidə isə tamamilə yenilənmə işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə hafta.az-a  bildirdi ki,  qurum tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol 2 hərəkət zolağı enində genişləndirilir:

”Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır. Hazırda layihə boyu hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələrin qazılıb çıxarılması işləri gedir. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılır. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir. Analoji genişləndirmə işlərinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də aparılır. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndiriləcək. Bundan başqa, daha 2 hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılır. Genişləndirmə işləri zamanı qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi, həmçinin kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi işləri aparılır. Bundan başqa magistral yolda hər bir istiqamət üzrə 2 hərəkət zolağının xüsusi dəmir-beton maneələrlə digər zolaqlardan ayrılması nəzərdə tutulur. Həmin zolaqlara daxil olan avtonəqliyyat vasitələri heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər. Digər zolaqlarla hərəkət edən avtonəqliyyat vasitələrinin isə Biləcəri, Binəqədi və bu istiqamətdə olan qəsəbələrə, həmçinin Xırdalan şəhəri və ölkənin şimal-qərb istiqamətində maneəsiz hərəkəti təmin olunacaq. Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə magistral yolun sözügedən hissəsində əlavə geriyə dönüş yolunun inşası, magistrala Binəqədi və Biləcəri qəsəbələrindən alternativ giriş-çıxışına imkan verən mövcud yolların yenidən qurulması işləri də həyata keçiriləcək. Ümumilikdə dövlət başçısının tapşırığına uyğun olaraq, yolun sözügedən hissəsində yenidənqurma işlərinin 2020-ci ilin iyun ayına qədər yekunlaşdırılması nəzərdə tutulur”.

 

Sosial rubrikasından digər xəbərlər