Bakıda  3 tüfəng, 2 tapança, 2 bıçaq gəzdirən şəxs saxlanıldı – Günün təzadları

18:10 05.05.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Paytaxtda avtomobilində və üzərində çoxlu sayda silah-sursat gəzdirən şəxs saxlanıldı.

Hafta.az yazır ki, Baş İdarəyə Rəşad adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəşad Qasımov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Licenced Trodemarkof NEW” markalı tapança, 6 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd bıçaq aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı 1 ədəd nömrəsi silinmiş “TOZ 8” markalı ov tüfəngi, 1 ədəd “İJ-53” markalı pnevmatik tapança, 1 ədəd lüləsi və qundağı kəsilmiş “TOZ B” markalı ov tüfəngi, 1 ədəd “Gamo” markalı pnevmatik tüfəng, 14 ədəd patron və 1 ədəd bıçaq aşkar olunaraq götürülüb.

Faktla bağlı Rəşad Qasımov barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

 

Britaniyada müsəlmanların ac ingilislərə yardım etdiyi bilindi

Böyük Britaniyanın Koventri şəhərindəki müsəlman icması çətin karantin dövründə yerli əhaliyə kömək məqsədi ilə bir qida bankı təşkil etdi. 

Hafta..az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki, Ramazan ayının əvvəlindən bəri müsəlman fəallar ərzaq toplamağa başlayıblar. 

Bir həftə ərzində 50 qutu zəruri qida məhsulu toplanaraq ehtiyacı olan ailələrə verilib. 

Yerli məscidin imamı Şeyx Nabilin sözlərinə görə, “Əl-Mədinə” institutunun fəalları tərəfindən 50 yardım boğçası  bütün gigiyenik qaydalara  əməl edilməklə Koventri və Vorvikşir şəhərindəki yoxsulların ünvanlarına çatdırılıb. Lakin müsəlman cəmiyyətindən kömək istəyən hələ bir neçə onlarla insan var. 

"Bu işin ən xoş hissəsi uşaqların üzlərindəki təbəssümləri görməkdir"- müsəlman məscidinin rəhbəri belə deyir.

 

Astarada iki qardaşın evi eyni gündə qarət edildi

 

Astara rayonunun Ərçivan qəsəbə sakini E.Məstiyev Rayon Polis Şöbəsinə müraciət edərək axşam saatlarında evindən 300 manat pul və qızıl zinət əşyalarının oğurlandığını bildirdi.

Hafta.az yazır ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən “isti izlər”lə keçirilmiş tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Onların Ərçivan qəsəbə sakinləri Hüseyn Hüseynov və İmaməli Məmmədov olduqları müəyyən edilib. Aparılan araşdırmalarla həmin şəxslərin eyni gündə zərərçəkmişin qardaşının evindən də pul və qızıl-zinət əşyası oğurladıqları məlum olub. Oğurlanan qızıl əşyalar onlardan aşkarlanaraq maddi-sübut kimi götürülüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

4 il ölmüş sayılan futbolçunun sağ olduğu bilindi

Almaniyanın "Şalke" klubunun 2016-cı ildə ölmüş sayılan sabiq futbolçusu Xiannik Kambanın əslində ölmədiyi bəlli oldu.

Hafta.az yazır ki,  “Report"un "Bild"ə istinadla verdiyi məlumata görə, Kambanın 4 il əvvəl Konqoda avtomobil qəzasında dünyasını dəyişdiyinə dair xəbər yalan çıxıb.

33 yaşlı keçmiş müdafiəçi hazırda Rur regionunda ailəsi ilə birgə yaşayır. Prokurorluq futbolçunun keçmiş həyat yoldaşına qarşı işi araşdırır. Onun Kambanın ölümünü saxtalaşdırdıqdan sonra altırəqəmli məbləğdə sığortapulu aldığı bildirilir. Bu qadın sığorta agentliyinə ərinin öldüyünü təsdiqləyən sənədlər təqdim edib. Həmin sənədlərin saxta olduğu ehtimalı var.

Qeyd edək ki, Xiannik Kamba "Şalke"nin yetirməsi sayılır. O, Gelzenkirxen klubunun gənclərdən ibarət komandasında forma geyinib. Hazırda Kamba energetika şirkətində çalışır.

 

Yasamalda xarici şirkət rəhbərinin velosipedi oğurlandı

Bakıda oğurluq hadisəsi baş verdi.

Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, hadisə paytaxtın Yasamal rayonunda yerləşən marketlərdən birinin dayanacağında qeydə alınıb.

Belə ki, naməlum şəxs İtaliya vətəndaşı Sbercio Purinə məxsus dəyəri 500 manat olan velosipedi oğurlayıb. Xarici vətəndaş hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.

Qeyd edək ki, S.Purin "Silk Road Shipping" logistika şirkətinin rəhbəridir. O, 2010-cu ildən Bakı şəhərində yaşayır.

 

Binəqədidə ağacların dibini betonlayan şirkət 17 min cərimə olundu

Ekologiya Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə ağacların kəsilməsi ilə bağlı daxil olan məlumatlar əsasında aparılan araşdırma zamanı Binəqədi rayonu, 18-ci Dağlıq kücəsi 1 ünvanında “Mahal” MTK tərəfindən çoxrmərtəbəli yaşayış binasının tikintisi zamanı müxtəlif diametrli 8 ağacın kəsilərək dibinin betonlandığı və təbiətə 17 800 manat məbləğində ziyan dəydiyi müəyyən edildi.

Hafta.az-ın yazdığına görə, bunu Xidmətin rəisi Hikmət Əlizadə məlumat verib.

Onun sözlərinə görə, Binəqədi rayonu, 9-cu mikrorayon, Mirmahmud Kazımovski küçəsində isə müxtəlif diametrli 7 ağacın kəsildiyi və təbiətə 17 100 manat məbləğində ziyan dəydiyi məlum olub.

H.Əlizadə bildirib ki, hər iki fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarların tapılaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.

Nazirlik rəsmisi vurğulayıb ki, əsasən paytaxtda bəzi sahibkarlar, ayrı-ayrı şəxslər tərəfindən təəssüf ki, ağac kəsintisinə hələ də yol verilir: "Tikinti şirkətləri yaşıllıq sahələrinə həssas münasibət göstərmir, tikinti və abadlaşdırma zamanı yaşıllıqların yerləşdiyi ərazilər nəzərə alınmır. Ona görə də belələrinə qarşı ictimai qınağa və güclü təbliğat işinin aparılmasına ehtiyac var. Sahibkarlara müraciət edirik ki, yaşıllıq sahələrinin genişləndirilməsinə daha çox ehtiyac olduğu paytaxtda və Abşeron yarımadasında tikinti və abadlıq işləri apararkən yaşıllıqları nəzərə alsınlar, ağac kəsintisinə yol verməsinlər. Biz sahibkarlardan, tikinti şirkətlərindən ağac kəsməyi deyil, əksinə, ağac əkməyi, təbiətə töhfə verməyi gözləyirik”.

Oxunma sayı 47