Bakıda  karantin postunda taksi polis və hərbçini vurdu – Günün təzadları

18:22 21.04.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Paytaxtda yoxlama postunda polis və hərbçi avtomobillə vuruldu.

Hafta.az yazır ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 19-da saat 22 radələrində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi “London Taxi” markalı avtomobillə orada xidmət aparan Nəsimi RPİ-nin əməkdaşı X.Allahverdiyevi və DİN Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub.

Onlar DİN-in Hospitalına yerləşdiriliblər.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abbasov saxlanılıb.

 

Xəstədən test götürən həkim amansızcasına döyüldü

Rusiyanın Kirovo-Çepetsk şəhərində çağırışa gələn təcili tibbi yardım briqadasının həkimi amansızcasına döyüldü.

Hafta.az-ın yazdığına görə, Oxu.az “REN TV”-yə istinadla xəbər verir ki, həkimə hücum edən şəxslər spirtli içkinin təsiri altında olub.

Regional idarənin istintaq komitəsindən məlumat verilib ki, həkimlər xəstədən koronavirus testini götürmək məqsədilə sözügedən ünvana gəlib.

 

23 yaşlı futbolçu məşq zamanı öldü

Rusiyanın "Lokomotiv" (Moskva) klubunun yetirməsi İnnokenti Samoxvalov dünyasını dəyişdi.

Hafta.az-ın yazdığına  görə, "Report" Moskva təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, fərdi məşq zamanı halı pisləşən 23 yaşlı futbolçu qəflətən ölüb. Faciənin dəqiq səbəbi araşdırılır.

Ailəli olan gəncin özündən sonra azyaşlı övladı qalıb.

Qeyd edək ki, İnnokenti Samoxvalov "Lokomotiv"in farm-klubu olan "Kazanka"da çıxış edirdi.

 

Milyarderin koronaviruslu Nyu-Yorkda 16 milyonluq ev alacağı bilindi

“Amazon” qurucusu, milyarder Ceff Bezosun hazırda “COVID-19”-ın yayılması ilə mübarizə aparan Nyu-Yorkda "xəyal evi"ni inşa etməyə hazırlaşdığı bəlli oldu. 

Hafta.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə “New-York Post” məlumat yayıb. 

Məlumata görə, 20 aprel bazar ertəsinədək şəhərdə 14,5 min insan koronavirusdan ölüb. Ancaq dünyanın ən varlı adamlarından biri buna rəğmən Beşinci prospektdəki 212 nömrəli evin 20-ci mərtəbəsində üç otaqlı bir mənzil alıb. Daşınmaz əmlak 16 milyon dollar dəyərində qiymətləndirilir. Bezosun artıq bu binada 80 milyon dollarlıq bir mənzili, üstəlik, üç mərtəbəli penthausu və birbaşa onun altında iki mənzili var. Ayrıca o, bunları birləşdirmək üçün bir tikinti icazəsi də almağa çalışır.

"Düşünürəm ki, bu, Nyu-York əmlak bazarına inamı artıracaq. Çünki dünyanın ən varlı adamı bu şəhərə etibar edib, baxmayaraq ki, indi Nyu-York koronavirusun “paytaxtı”dır", - yerli rieltorlardan biri belə deyib.

 

Ronaldo Ronaldunu əsəbiləşdirdi

“Əlbəttə, Kriştianu Ronalduya əsl Ronaldonun mən olduğumu söylədikdə əsəbiləşir. İnsanları müqayisə etmək olmaz".

Hafta.az-ın Musavat.com-a istinadla verdiyi  məlumata görə, bu fikirləri Braziliya millisinin və İspaniya "Real Madrid"inin sabiq futbolçusu Ronaldu “Instagram”da Fabio Kannavaroya müsahibəsində deyib.

44 yaşlı keçmiş hücumçu Ronaldunun çox qol vurduğunu sözlərinə əlavə edib: "O, hər mövsüm inanılmaz sabitlik göstərir və bunun sayəsində futbol tarixində əbədi qalacaq. Messi kimi ən yaxşılardan biridir”.

Qeyd edək ki, Ronaldo 2002 – 2007-ci illərdə “Real Madrid”də çıxış edib. Kriştianu Ronaldu isə 2009 – 2018-ci illərdə Madrid təmsilçisinin formasını geyinib. Ronalduya ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın adı verilib. Hər iki oyunçunun latınca adı eyni cür yazılır.

 

Bu ölkədə 100-ə yaxın jurnalist koronavirusa yoluxdu

Rusiyada yüzə yaxın jurnalistin koronavirusa yoluxduğu bəlli oldu.

Hafta.az yazır ki, APA-nın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, bu haqda Rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Aleksey Volin mətbuat konfransında danışıb. 

Onun sözlərinə görə, 500-ə yaxın insan karantində və ya özünütəcrid şəraitindədir.

Nazir bu yaxınlarda Moskvada koronavirusa yoluxan jurnalistlərdən birinin vəfat etdiyini deyib.

Oxunma sayı 35