Bakıda 7-ci Polo Dünya Kubokunun keçiriləcəyi vaxt məlum oldu

16:34 09.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə 13-15 sentyabrda “7-ci Arena Polo Dünya Kuboku” turniri keçiriləcək.

Federasiyadan hafta.az-a verilən məlumata görə, hər il olduğu kimi bu il də ölkəmizin də yer aldığı turnirdə müxtəlif ölkələri təmsil edən komandalar iştirak edir.

Turnirdə Azərbaycan, Rusiya, Almaniya və İsveçrə yerli klub komandaları birincilik uğrunda mübarizə aparacaqlar. Hər komanda 3 oyunçu ilə təmsil olunur. Oyunlar “Elite Horse and Polo Club”da yerləşən meydançada hər gün saat 15:00-da baş tutacaq.

12 sentyabr saat 16:30-da “Fairmont” mehmanxanasında mətbuat konfransı və oyunçuların təqdimatı təşkil olunacaq.

Püşkatmanın nəticələrinə əsasən, ilk oyun Azərbaycanı təmsil edən “Elite Horse & Polo Club Baku” və İsveçrəni təmsil edən “Evviva Polo Club St. Moritz” arasında oynanılacaq.

Günün ikinci oyunu Almaniyanı təmsil edən “Los Nocheros Polo Club Münster” və Rusiyanı təmsil edən “Planernaya Polo Club Moscow” komandaları arasında olacaq.

 

Turnirin 2-ci günü - 14 sentyabr tarixində günün açılış oyunu İsveçrə təmsilçisi “Evviva Polo Club St. Moritz” və Almaniya təmsilçisi “Los Nocheros Polo Club Münster” arasında baş tutacaq. İkinci oyun isə təmsilçimiz “Elite Horse & Polo Club Baku” və “Planernaya Polo Club Moscow” komandaları arasında baş tutacaq.

Final günü, 15 sentyabrda üçüncülük uğrunda mübarizə 15:00-da başlayacaq. Final görüşü isə 16:15-də 2 ən güclü komanda arasında baş tutacaq. Turnirin qalibi bu görüş nəticəsində bəlli olacaq.

Onu da qeyd etmək lazımdır ki, 2020-ci il 10-20 sentyabr tarixlərində 8 komandanın iştirakı ilə gözlənilən Polo üzrə Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək.