Bakıda erməni qardaşlar toyuq oğurlayarkən tutuldu – Günün təzadları

18:18 14.04.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Suraxanı rayonu 31-ci Polis Bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində ev quşlarının oğurluğu ilə məşğul olan qardaşları saxladılar.

Hafta.az yazır ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, aprelin 9-na keçən gecə Yeni Suraxanı qəsəbəsində baş verən digər oğurluq hadisəsi zamanı 1966-cı il təvəllüdlü Rövşən Cəfərov və 1971-ci il təvəllüdlü Elçin Danilyan cinayət başında yaxalanıblar. Onlar 3-cü Köndələn küçəsində yaşayan Könül Əhmədovanın evinin həyətindən 220 manat dəyərində 8 toyuq və iki ördək oğurlayıblar.

İlkin araşdırma zamanı məlum olub ki, aprelin 8-də saat 8:00 radələrində həmin küçədə yaşayan Firdovsi Həsənovun həyətindən də altı toyuq oğurlanıb.

Hər iki qardaşın əvvəllər də narkotik maddə oğurlamaq və saxlamaqda ittiham olunduğu müəyyən edilib. Bundan əlavə, onların narkotik maddə istifadə etdikləri məlum olub.

Qardaşların bundan başqa cinayət hadisələri törətdiyi də məlum olub. Bu günə qədər onların 31 dekabr 2019-cu il, həmçinin 23 və 27 yanvar 2020-ci il tarixlərində Bakıda baş verən ev quşu oğurluqlarında iştirakı sübut edilib. Saxlanılan şəxslər əməllərini etiraf edərək, oğurlanmış bütün malları bazarda satdıqlarını deyiblər. Onların barəsində cinayət işi açılıb, istintaq davam edir.

Alınan məlumatlara görə, qardaşlar Sabirabad rayonunun sakinləridir. Rövşən evlənəndən sonra həyat yoldaşının soyadını götürüb. Sonradan cütlük boşanıb, amma həmin şəxs Cəfərov soyadını saxlamağa qərar verib. Elçin isə Danilyan soyadını dəyişməyib.

 

Deputatlar pandemiyaya görə maaşlarının azaldılmasını tələb etdi

Yaponiyada koronavirusun yayılması səbəbindən gəlirlərinin azalması ilə qarşılaşan ölkə vətəndaşları ilə həmrəylik üçün ölkə parlamentinin hər iki palatası deputatların maaşlarını 20 faiz azaltmaq barədə razılığa gəldilər. Bu qərar bir il ərzində qüvvədə olacaq.

Hafta.az yazır ki, Trend-in məlumatına görə, bu barədə “Kyodo” agentliyi xəbər yayıb.

Tərəflər arasında məsləhətləşmələrdən sonra müvafiq qanun layihəsi təsdiqlənmək üçün dərhal parlamentə təqdim ediləcək.

Hər iki palatanın deputatları hər biri 1 milyon 294 min yen (demək olar ki, 12 min dollar) alır. Parlament üzvlərinin maaşlarının azaldılması yolu ilə alınan vəsait infeksiyanın yayılması ilə əlaqədar müxtəlif məhdudiyyətlərdən yaranan itkilərlə əlaqədar əhaliyə kompensasiya və ödəmə üçün istifadə ediləcək. Oxşar tədbirlər Yaponiyada 2011-ci ildə baş verən sunami və Fukusima-1 qəzası ilə əlaqədar görülüb.

Tokioda və ölkənin digər altı prefekturasında aprelin 8-dən etibarən fövqəladə vəziyyət rejimi (EM) qüvvədədir. Bu ərazidə bir çox əyləncə məkanları, barlar və digər yerlər bağlanıb. Onların siyahıları prefekturanın qubernatorları tərəfindən müəyyən edilir və fövqəladə vəziyyət rejiminin tətbiqi şərtləri bölgələrə görə dəyişir. Hökumət əhalini xüsusi ehtiyac olmadan evdən çıxmamağa çağırır, lakin digər sərt məhdudiyyətlər hələ tətbiq olunmayıb.

Yaponiyada aşkar edilmiş koronavirus infeksiyası hallarının ümumi sayı, bir ay ərzində Yokohama limanında karantində saxlanılan Amerika Diamond Princess kruiz gəmisinin sərnişinləri və ekipaj üzvləri də daxil olmaqla 8.4 mindən çox olub. 158 koronavirus xəstəsi dünyasını dəyişib.

 

Trampın qızı da maska tikməyə başladı

ABŞ prezidenti Donald Trampın qızı İvanka koronavirusdan qorunmaq üçün maska tikməyə başladı.

Hafat.az Musavat.com-a istinadla xəbər verir ki, o, sosial şəbəkədə qızı ilə fotosunu paylaşıb və taxdığı maskanı özünün tikdiyini bildirib.

İvanka insanlara evdən çıxmamağı, məsafə saxlamağı və maska taxmağı da məsləhət görüb. O bildirib ki, insanlar evdən çıxarkən qaydalara əməl etməsələr, koronavirusdan xilas ola bilməyəcəklər. Qeyd edək ki, ABŞ prezidentinin qızı iş adamı Cared Kuşnerlə ailəlidir. Cütlüyün 3 övladı var.

 

Paşinyanın aşpazı koronavirusa yoluxdu

Ermənistanın baş naziri Nikol Paşinyanın aşpazı Xaçatur Barseqyan koronavirusdan müalicə olunur.

Hafta.az-ın yazdığına görə, “Report” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilib ki, aşbazdan ilk test bir ay əvvəl götürülüb və analizin nəticəsi müsbət olub. İndi infeksiyanın əlamətləri olmasa da, yeni testin mənfi nəticə verməsini gözləyirlər.

Onun təxminən bir ay əvvəl Razdanda toyda yoluxduğu ehtimal edilir.

Qeyd edək ki, Ermənistanda yoluxanların sayı 1 067-yə, ölənlərin sayı isə 16-ya çatıb.

 

2018-ci ildəki bir filmdə koronavirusdan bəhs edildiyi bilindi

Cənubi Koreyada “Netflix”də 2018-ci ildə nümayiş etdirilmiş "Terius mənim arxamda" serialında koronavirus epidemiyası haqqında əvvəlcədən xəbər verildiyi bəllin oldu.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Nəşr qeyd edib ki, hazırkı epidemiyanın serialda təsvir edilmiş epidemiya ilə qorxulu oxşarlığı var. Belə ki, serialda 10-cu saniyədəki epizodda tənəffüs sisteminə və ağciyərə hücum edən ölümcül xəstəliyin adı çəkilir.

Filmdəki epizodlardan birində həkim deyir: "Koronavirus tənəffüs sistemini zədələyir. Hər şeydən pisi odur ki, onun inkubasiya dövrü iki gündən iki həftəyə qədərdir".

Bu halda əlavə edilir ki, virus beş dəqiqə ərzində ağciyəri zədələyir.

O ki qaldı müalicəyə, həkim cavab verir ki, onun nə vaksini, nə də dərmanı var.

Bundan sonra infeksiyanın yayılmasının qarşısının alınması üçün qaydaların, o cümlədən əllərin yuyulması izah edilir.

Ancaq serialda koronavirus real həyatda olduğundan daha çox yoluxucudur.

Qeyd edək Britaniya kəşfiyyatı aprelin 5-də koronavirusun yayılması ilə bağlı iddia ilə çıxış edib. Birləşmiş Krallığın xüsusi xidmət orqanının iddiasına görə, infeksiya dünyaya laboratoriyadan sızıb.

 

Pandemiyaya rəğmən yüzlərlə insan eyni qaşıqla su içdi 

Bolqarıstanda ortadoksal xristianlara Pasxa bayramından əvvəl ibadət etmək üçün kilsəyə getməyə icazə verildi.

Hafta.az-ın yazdığına görə, “HaberGlobal” məlumat verir ki, koronavirus epidemiyasına baxmayaraq mərasimə gedən yüzlərlə insan din xadimlərinin onlara eyni qabdan, eyni gümüş qaşıqla verdiyi “müqəddəs suyu” içiblər.

Bolqarıstanın Baş naziri Boyko Borisov ölkədə bütün kilsələrin, sinaqoqların, məscidlərin bağlı olmasına baxmayaraq, ortodoksal kilsə rəhbərliyi ilə görüşəndən sonra onların kilsələrinin açıq qalmasına qərar verib.

Bütün dünya dövlətlərinin koronavirusla mübarizə apardığı vaxtda belə bir hadisənin baş verməsi ölkədə müzakirələrə səbəb olub.

Tibb işçiləri bu hadisənin ölkədə koronavirusun yayılmasının artmasına səbəb olacağını bildiriblər.

Baş verən hadisəyə cavab olaraq Bolqarıstan Baş naziri “Pasxa ibadətinizi evdə, bağçanızda edin, kilsəyə getməyin” çağırışı edib.

 

Lökbatanda pulu oğurlanan əcnəbi vətəndaş döyüldü

Bakıda əcnəbi vətəndaşın pulu oğurlandı.

Hafta.az yazır ki, "Report"un xəbərinə görə, hadisə aprelin 12-i paytaxtın Lökbatan qəsəbəsi ərazisində yerləşən "TIR parkı"nda qeydə alınıb.

Belə ki, Özbəkistan vətəndaşı, 1975-ci il təvəllüdlü İkramcan Rəsulovun idarə etdiyi TIR markalı yük maşınından özü ilə birlikdə gələn həmyerlisi, 1978-ci il təvəllüdlü Nor Camalov tərəfindən 1 100 ABŞ dolları oğurlanıb. O, daha sonra bu barədə Nor Camalova irad bildirdikdə həmin şəxs tərəfindən döyülüb.

İkramcan Rəsulov DİN-in "102" Xidmət Mərkəzinə müraciət edib.

Hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Sultan Laçın

Oxunma sayı 166