Bakıda kriminal avtoriteti qətlə yetirənlər məhkəmə qarşısında

14:25 03.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda kriminal avtoritetin qətlində ittiham olunan Zaur Yusifov və Həsən Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hafta.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, məhkəmə baxışı iyunun 9-na təyin olunub.

İttihama görə, ötən il mayın 9-da saat 23 radələrində Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı müxtəlif vaxtlarda Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

İstintaq zamanı cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən cinayətin digər iştirakçısı 1984-cü il təvəllüdlü Zaur Yusifov mayın 12-də şübhəli şəxs qismində tutulub.

Müəyyən edilib ki, 1958-ci il təvəllüdlü Əli Yusifovun oğlu Zaur və Həsən Tağıyevlə mərhum Emin Səfərov arasında olan münasibətlərdən məlumatı olmuş və tərəflər arasında barışıq olması üçün dəfələrlə səy göstərib.

Mayın 9-da saat 23:20 radələrində Ə. Yusifov yaşadığı evə gedərkən Emin Səfərovu Binəqədi rayonu İsrafil Həşimov küçəsində yerləşən 8 saylı binanın yaxınlığında “BMW X5” markalı avtomobilin sükanı arxasında görüb və avtomobilə əyləşərək ondan aralarında olan ədavətə son qoyulmasını xahiş edib.

 

Bu zaman Zaur və Həsən avtomobilə yaxınlaşaraq Emin Səfərova bıçaq zərbələri vurub.

O, münaqişənin qarşısını almaq istəyərkən özü də sağlamlığa yüngül zərərvurmaya aid bıçaq xəsarəti almış və yaşadığı evə gedərək daha sonra tibbi yardım almaq üçün oğlu Zamin Yusifov tərəfindən xəstəxanaya aparılıb.

Qətlə yetirilən Emin Səfərov kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınıb.

Qeyd edək ki, kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlinin sifarişçisi, qətlin icraçısı isə Həsən Tağıyev olub.

Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə),120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yenidən ittiham elan edilib.

Oxunma sayı 1123
Sosial rubrikasından digər xəbərlər