Bakıda meyitin cibindən pul oğurlandı - Günün Təzadları

18:15 19.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında ölən şəxsin cibindən oğurluq edildi. Hafta.az  yazır ki, bu barədə APA-ya mərhumun yaxınları məlumat verib. Onlar bildiriblər ki, şəkəri qalxdığı üçün xəstəxanaya gətirilən və dünyasını dəyişən, 1956-cı il təvəllüdlü Vaqif Ağayevin reanimasiya şöbəsində cibindən 560 manat götürülüb. Məsələ ilə bağlı xəstəxana rəhbərliyinə və polisə məlumat verilib. Qohumların iddiası ilə bağlı xəstəxanadan APA-nın sualına cavab vermək istəməyiblər.

 

ABŞ-da çoxarvadlılığa icazə veriləcəyi bilindi

ABŞ-ın Yuta ştatında qarşılıqlı razılıq əsasında çoxarvadlılığın dekriminallaşdırılması istiqamətində işlərin getdiyi bəlli oldu.  Hafta.az  xarici İslam saytlarına istinadən xəbər verir ki,  ştatın qanunvericilik məclisinin Senatı ilkin mərhələdə qanun layihəsini təsdiqləyib. Odur ki, bundan sonra yalnız tərəflərin qarşılıqlı razılığı ilə tətbiq olunan çoxarvadlılıq Yuta ştatında cinayət sayılmayacaq və hüquq xətaları kateqoriyasına daxil ediləcək.

Xatırladaq ki, ABŞ-ın hazırkı prezidenti D.Trampın da mənsub olduğu mormonlar  xristian məzhəbində müsəlmanlıqdakı kimi maksimum 4 deyil, istənilən sayda arvad saxlamağa icazə verilir.

 

Məşhur rejissor və  3 ailə üzvü koronavirusdan öldü

Heç bir xəstəxana qəbul etmədiyi üçün Çinin məşhur rejissoru  Çanq Kay ailəsi ilə birlikdə koronavirusdan öldü. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “Variety” nəşri  informasiya yayıb. Məlumata görə, ailədə ilk olaraq rejissorun atası xəstələnib. Lakin heç bir xəstəxana onu qəbul etməyib. “Atamda qızdırma, öskürək var idi, nəfəs almaqda çətinlik çəkirdi. Xəstəxanaya yollamaq istədik, ancaq heç bir tibb müəssisəsi onu qəbul etmədi. Bildirdilər ki, xəstəxanada yer yoxdur”,  - deyə Çanq ölümündən əvvəl gündəliyində yazıb. Bundan sonra ana da koronavirusa yoluxub. Onlara rejissorun bacısı qulluq edib. Əvvəlcə koronavirusdan rejissorun atası və anası, sonra isə bacısı ölür. Çanq isə onlardan təqribən, 20 gün sonra dünyasını dəyişib. Hazırda ailədə yeganə sağ qalan insan Çanqın xanımıdır. O, xəstəxanaların birində reanimasiyada yatır. Çanq Kay Çində məşhurluğu ilə yanaşı, “Hubey” kinostudiyasının xarici əlaqələr filialının əməkdaşı idi.

 

Bakıda evin zirzəmisindən meyit tapıldı

Bakıda evin zirzəmisində naməlum şəxsin öldüyü məlum oldu. Hafta.az yazır ki, “Report”un xəbərinə görə, hadisə fevralın 18-də, saat 22 radələrində, paytaxtın Nizami rayonu, Q.Qarayev prospekti ərazisində qeydə alınıb. Belə ki, 92 nömrəli evin zirzəmisində 50-55 yaşlarında üzərində xəsarət olmayan kişi meyiti aşkarlanıb. Hadisə yerinə və meyitə baxış zamanı həmin şəxsin gödəkcəsinin cibində içərisindən kəskin spirt iyi gələn plastik qab aşkar edilib. Həmin şəxsin səfil həyat tərzi (“bomj”) keçirməsi ehtimal edilir. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Binəqədidə dava zamanı 3 qardaş bıçaqlandı

Bakının Binəqədi rayonunda kütləvi dava düşdü. Hafta.az-ın yazdığına görə, APA xəbər verir ki, hadisə Mir Cəlal küçəsində baş verib. 1994-cü il təvəllüdlü Abışov Röyal Əli oğlu, Abışov Roman Əli oğlu və Abışov İmaməli Əli oğlu kütləvi dava zamanı bıçaqlanıb. Yaralıların hər üçü 1 saylı Xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralılardan R.Abışova ümumilikdə 6 bıçaq zərbəsi vurulub və vəziyyəti ağırdır.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

 

Usta maşın təkərinin partlaması nəticəsində öldü

Tovuzda bədbəxt hadisə baş verdi. Hafta.az yazır ki, APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Tovuzun Əyyublu kəndində qeydə alınıb. Kənd ərazisində avtomobil təmiri sexində işləyən, 1967-ci il təvəllüdlü Əlirzayev İlham Kamal oğlu təkəri təmir edərkən təkər partlaması nəticəsində ölüb.

Oxunma sayı 3