Bakıda nişan mərasimində bəyin əmisi döyüldü - GÜNÜN TƏZADLARI 

19:44 27.06.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Paytaxtda nişan mərasimində dava oldu. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsində baş verib. Belə ki, bəyin əmisi 1973-cü il təvəllüdlü Qalıyev Vüqar Paşa oğlu qonaqlar tərəfindən döyülüb. Qapalı kəllə-beyin travması alan yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.


Müsəlman qız intellektinə görə Eynşteyni üstələdi

Britaniyanın Eyslberi şəhərindəki orta məktəbdə təhsil alan 11 yaşındakı iranlı qız Tara Şərif zəka testində ümumilikdə 162 bal toplamaqla heyrətamiz bir intellekt koeffisenti (IQ) rəqəminə imza atdı. Hafta.az Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki, nəticədə bu müsəlman məktəbli qız göstəricilərinə görə, Stiven Hoking və Albert Eynşteyni geridə qoyub. Belə ki, bu məşhur alimlər eyni testdə 160 bal toplayıb. Tara Şərif İngiltərənin Oksford şəhərində qeyri-verbal sınaq testindən keçib. Qız müəyyən bir müddət ərzində suallara cavab verməli olub. İndi Tara Şərif yüksək IQ əmsalı olan insanlar üçün dünyanın ən böyük və ən qədim cəmiyyəti sayılan “Mensa”ya üzvlük üçün müraciət edə biləcək.


Siyasətçi canlı yayımda jurnalistə hücum etdi

Pakistanın hakim “Ədalət Hərəkatı” partiyasının liderlərindən biri Masrur Əli Siyal canlı yayımda jurnalist İmtiyaz Xana hücum etdi. Hafta.az yazır ki, “Sputnik Türkiyə”nin məlumatına görə, “Aftab Muqeri ilə xəbər xətti” adlı proqramda tərəflərin mübahisəsi sonradan əlbəyaxa davaya çevrilib. Davadan öncə Siyal jurnalistə üslubuna görə xəbərdarlıq etsə də, İmtiyaz Xan buna məhəl qoymayıb. Daha sonra texniki işçilər olaya müdaxilə edərək onları ayırıblar.


Salyanda “ciyər axşamı”ndan qayıdan oğlan traktorun altında qaldı

Salyan rayonunun Qarabağlı kəndində baş verən daha bir yol-nəqliyyat hadisəsi bu dəfə ölümlə nəticələndi. Hafta.az yazır ki, Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, traktorun kabinəsində “ciyər axşamı”ndan qayıdan Qarabağlı kənd sakini, 1995-ci il təvəllüdlü Orxan Elxan oğlu Əliyev ehtiyatsızlıqdan yıxılaraq təkərlərin altına düşüb. Bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alan O.Əliyev Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.


Mingəçevirdə içki məclisində ev sahibi döyüldü

Mingəçevirdə baş vermiş ölüm hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum oldu. Hafta.az xəbər verir ki, APA-nın Mingəçevir bürosunun məlumatına görə, cinayət hadisəsi içki məclisi zamanı baş verib. Belə ki, yüngültəbiətli qadınların da yer aldığı məclisdə kimliyi tam müəyyənləşdirilməmiş ev sahibi ilə qonaqlardan biri olan Zülfiqar adlı şəxs arasında yaranan mübahisə münaqişəyə çevrilib. Ev sahibi sərt şəkildə döyülüb və çoxsaylı xəsarətlər alıb. Bundan sonra o, silah götürərək atmaq istəyərkən qonaqlar onun üstünə atılaraq silahı əlindən almağa çalışıb. Qarışıqlıq zamanı silahdan açılan atəş nəticəsində güllə İncilli Akif təxəllüsü ilə tanınan şəxsə dəyib və o, hadisə yerində keçinib. Hazırda hadisə yerində araşdırma aparılır, ölənin, xəsarət alanların və münaqişə iştirakçılarının kimliyi müəyyən olunur. 
Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi başlanılıb.


Biləsuvarda xəstəxananın şöbə müdiri qəzada öldü

Biləsuvar rayonunda baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum oldu. Hafta.az yazır ki, "Report"un Muğan bürosu xəbər verir ki, rayonun İsmətli kənd sakini, 1996-ci il təvəllüdlü Məmmədov Asim Rasim oğlunun idarə etdiyi “VAZ-21015” markalı avtomobil həmkəndlisi, 1955-ci il təvəllüdlü Şakir İnşallah oğlu Dövlətovun idarə etdiyi “Lada Priora” markalı avtomobillə toqquşub. Nəticədə rayon sakinləri - “VAZ-21015” markalı avtomobildə olan 1944-cü il təvəllüdlü Şükufə Qəhrəman qızı Tağıyeva və 1961-ci il təvəllüdlü Hüseynova Güllübəyim Mehdi qızı hadisə yerində ölüblər. Onların meyitləri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qəzada xəsarət alan hər iki sürücü və İsmətli kənd sakinləri - 1993-cü il təvəllüdlü Tağızadə Araz Əsəd oğlu və 1979-cu il təvəllüdlü Əliyeva Məlahət Qurban qızı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, “Lada Priora” markalı avtomobilin sürücüsü, Şakir Dövlətov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiridir. Faktla bağlı araşdırmalar davam etdirilir.


Gömrük postu yaxınlığında yanğın oldu

İyunun 26-da Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postu yaxınlığında yerləşən avtomobil dayanacağında yanğın hadisəsi baş verdi. Hafta.az xəbər verir ki, bu barədə Musavat.com DGK-nın saytına istinadla məlumat verir. Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı qısa zaman ərzində alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, dayanacağın ərazisində yerləşən bir neçə avtomobilə maddi ziyan dəydi. Hazırda müvafiq qurumlar tərəfindən yanğının başvermə səbəbləri araşdırılır.