İran Azərbaycanla sərhəddə yeni keçid məntəqəsi açmaq istəyir

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Azərbaycan tərəfi İranın Ərdəbil ostanı ilə sərhəddə keçid məntəqəsi açmaq istəyərsə, İran hökuməti buna hazırdır. İRNA xəbər agentliyinin məlumatına əsasən, bunu İranın Ərdəbil vilayətinin valisi Hüseyn Sabiri deyib. Sabiri bildirib ki, o, yeni sərhəd keçid məntəqəsinin açılması üçün danışıqlar aparmaq məqsədilə İranın Azərbaycandakı səfirinə məktub göndərib. Onun sözlərinə görə, İranla Azərbaycan arasında yeni sərhəd keçid məntəqəsinin fəaliyyət göstərməsi hər iki ölkənin sərhədyanı zonalarında yaşayan əhalinin rifahının təmin olunmasına və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına kömək edə bilər.
H.Sabiri qeyd edib ki, İran Naxçıvana Azərbaycandan Biləsuvar sərhəd keçid məntəqəsi vasitəsi ilə daşınan yanacağı sərhəddə təhvil alıb, Culfa sərhəd keçid məntəqəsində Naxçıvana təhvil verə bilər. “Yanacaq mübadiləsi həm Naxçıvana yanacağın daşınmasını asanlaşdırar, həm də xərcləri aşağı salar. Bu da hər iki ölkənin xeyrinədir“, - vali deyib. Yeri gəlmişkən, elə həmin saytın məlumatına görə, dünən Astara məscidində günorta namazından sonra bölgənin dini rəhbərinin fitvası ilə bir qrup dindar şəhər küçələrinə çıxaraq Azərbaycan əleyhinə şüarlar səsləndirməyə başlayıb. Aksiya iştirakçıları orta məktəblərdə hicab qadağasının davam etməsi və bu qadağaya etiraz edən Azərbaycan İslam Partiyası rəhbərləri və dindarlar haqqında həbs qərarının çıxarılmasını pisləyiblər. İştirakçılar “Qadın hicabının götürülməsi İsrail rejiminin planıdır, onun əsas hamisi lənətlənmiş Amerikadır!“ və “Azərbaycan ibrət elə, ruhanini azad elə!“ şüarları səsləndiriblər.
Vüsal
Oxunma sayı 87