Bakıda Rumıniya Mədəniyyəti Günü qeyd olunub

14:41 15.01.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün – 15 yanvar tarixi rumın xalqının ən sevincli günlərindən biridir. Məhz bu tarixdə rumın xalqı Mədəniyyət Gününü qeyd edir.

Hafta.az yazır ki, Mədəniyyət Günü münasibətilə, Rumıniyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Azərbaycan Dillər Universitetində yaradılmış Rumıniya Dil və Mədəniyyət Mərkəzində tədbir keçirilib. Rumın dilini öyrənən tələbələrin və digər qonaqların iştirakı iklə keçirilən tədbirdə vizual sənət, fotoqrafçılıq, dilin müqayisəsi və təsiri, ədəbiyyat, tərcümə, folklor və adət-ənənələr, mədəniyyət sahəsinin tanınmış şəxsiyyətləri, eləcə də Rumıniya ilə Azərbaycan arasında mədəniyyət mübadiləsi və Rumıniya musiqisi daxil olmaqla bir çox mövzular müzakirə olunub.

1859-cu il yanvarın 15-də doğulmuş Mihay Emineskunun, tələbələr tərəfindən Azərbaycan dilində səsləndirilən şeirləri tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.

Ümumiyyətlə, Mihay Eminesku kimdir, onu cəmiyyətimiz nə qəədr tanıya bilib? Emineskunun bütün əsərləri - şerləri, romanları, qısa hekayə və nəşrləri – XIX əsrin ikinci yarısında cəmi 20 ili aşan bir dövrü əhatə edir. Buna baxmayaraq, o, özünün rumın dilinin zənginləşdirilməsi və müasirləşdirilməsinə verdiyi əvəzsiz töhvələrinə görə bu gün də Rumıniya mədəniyyəti mükəmməlliyinin əhəmiyyətli şəxsiyyəti olaraq qalır.

Bu yerdə, ötən il Rumıniya səfirliyinin facebook səhifəsində paylaşılan, Mihay Emineskunun “Luceafărul ” (Dan ulduzu) adlı şahəsərindən Azərbaycan dilinə çevrilmiş qısa bir parçanı  diqqətə çatdırmaq istərdim:

Bu bir nağıl idi, bənzərsiz nağıl,

Bu nağıl bir daha doğulan deyil.

Bu qədər qohumlar içində baxın,

Bir fidan şahzadə donunu geyir.

 

Ailənin bir danəsi,

Ulduz deyil, aydı qız.

Gözəllik ilahəsi,

İlahidən paydı qız.

 

Yarıqaranlıq, toran

Yatağını tərk edir.

İstəyi şahzadəsin,

Dan ulduzun görməkdir.

 

Uçur dan ulduzu qanadlanaraq,

Ruhunda azadlıq cövlan eyləyir.

Göylərdi dünyası,

Göylərdi allah! Göylər ola-ola,

Yeri neyləyir!

 

Nurlu ulduz topası

Yerdə, başının üstə.

O ömürlük yanası

Göylərin üzü üstə.

 

Geniş dünyada, allah!

Ulduzladı yarışı.

Qarmaqarışıq olan 

Nəğmələrin doğuşu.

 

Od salıb yeni ulduz,

Bərq vurdu təntənəylə.

Nura bələndi ulduz,

Qəm biçimli təşnəylə.

 

Can atdığı məkana bax,

Nə ölçüsü, sərhədi var.

Səy etmə gəl, ətrafa bax,

Əlçatmazdı qədim diyar.

 

Görünməzdi iç dünyası,

Dalğınlığı göyə oxşar.

Şair ruhlu ehtirası 

Od-alovla hey... qarışar.

 

Arzu edirik ki, Rumıniya Dil və Mədəniyyət Mərkəzi bundan sonra rumın mədəniyyətinin Azərbaycanda daha çox tanıdılmasına öz əvəzsiz töhfələrini verəcək.