Bakının Baş Planı rəqəmsal kadastr xəritəsi əsasında formalaşır

11:44 12.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır.

Əmlak Məsələləri Dövlət Komitəsindən hafta.az-a verilən məlumata görə, artıq Bakı şəhərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, rəqəmsal kadastr xəritələri tərtib edilib.

Rəqəmsal kadastr məlumatları bazası paytaxtın Baş Planının hazırlanması işində əsas istinad mənbələrindən biri hesab olunur. Bu məqsədlə şəhərin rəqəmsal kadastr məlumatları Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə elektron şəkildə təqdim olunub.

Bakının Baş Planının hazırlanmasında əsas istinad edilən bu bazada paytaxtda yerləşən əmlaklar, torpaq sahələri barədə müfəssəl məlumatlar yerləşdirilib. Belə ki, burada hər bir torpaq parselinin hüdudları, onların üzərindəki tikilinin ünvanı, mərtəbəliliyi, o cümlədən tikintialtı sahəsi, perimetri, koordinatları və s. barədə müfəssəl məlumatlar toplanıb. Eyni zamanda şəhərin kommunikasiya  infrastrukturu haqqında da dəqiq informasiya yer alıb. Məlumat bazasında yerüstü mühəndis-kommunikasiya xətləri əks olunub. Bu bazada torpaq, yaşayış binaları, istehsalat obyektləri, qeyri-yaşayış sahələri, o cümlədən təhsil, səhiyyə, məişət obyektləri barədə geniş informasiyalar öz əksini tapır. Həmçinin məlumat bazasında bir çox mühəndis-kommunikasiya infrastrukturu obyektlərinin mühafizə zonaları və zolaqlarının hüdudları əks olunub. Sosial təyinatlı obyektlərin yerləşməsinə dair məlumatların mövcudluğu onların xidmət radiuslarının təhlilinə, zəruri əlavə layihələndirmə işlərinin  lazımlılıq  dərəcəsinin müəyyənləşdirilməsinə imkan verir.

Kadastr məlumatlarına istinad edilməsi Bakının Baş Planının hazırlanması prosesində sosial-iqtisadi, ekoloji, texniki cəhətdən əsaslandırılmış layihə-proqnoz həllərinin tapılmasında əvəzsiz rol oynayacaq.

Sosial rubrikasından digər xəbərlər