Belqradda “Xəzərdən Dünyaya“ sənədli filminin ilk baxışı keçirilib

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
Belqrad şəhərində Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü və dəstəyi, Rusiya Federasiyasının Serbiyadakı səfirliyi ilə birgə bu səfirliyin nəzdindəki “Rus Evi“ndə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə“ kinostudiyasının istehsalı olan İkinci Dünya müharibəsində azərbaycanlılardan ibarət “223-cü Belqrad diviziyası“na həsr olunmuş “Xəzərdən Dünyaya“ adlı sənədli filmin ilk baxışı-təqdimatı keçirilib.
Tədbir Azərbaycan Prezidentinin 1293 Nli “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında“ 21 yanvar 2011-ci il tarixli sərəncamına əsasən, təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq təşkil edilib. Tədbirdə Azərbaycan və Rusiya səfirliklərinin əməkdaşları ilə yanaşı, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, Serbiyanın dövlət və hökumət qurumları, “1941-1945-ci illərdə Serbiya xalq azadlıq müharibəsi döyüşçüləri birliklərinin İttifaqı“nın və digər ictimai təşkilatların üzvləri, mədəniyyət və incəsənət xadimləri, Serbiyada akkreditasiya olunmuş xarici ölkələrin diplomatları iştirak ediblər.
Filmin rejissoru Tahir Əliyev çıxış edərək, filmin yaranma ideyasından, müxtəlif ölkələrdə apardıqları çəkilişlərdən bəhs edib və “Xəzərdən Dünyaya“ sənədli filminin qəhrəmanlarından biri “223-cü Belqrad diviziyası“nın döyüşçüsü olmuş 90 yaşlı Zülfəli Əliyevin Belqrad sakinlərinə məktubunu oxuyub.
Təqdimat mərasimi “223-cü Belqrad diviziyası“nın şanlı döyüş yolunu əks etdirən fotosərgi və kokteyl ziyafəti ilə davam edib.

Nigar
Oxunma sayı 94