Bakıxanovun natəmizlik içində olan küçələri... - REPORTAJ

19:42 11.03.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın bütün ərazilərində abadlıq, sanitar və təmizlik işləri aparılır. Amma Sabunçu rayonunun mərkəzi sayılan Bakıxanov qəsəbəsinin elə əraziləri var ki, nədənsə, bu qayğılardan kənarda qalıb.

Buna misal olaraq Məhərrəm Abışov küçəsini  göstərmək olar. Sözügedən küçədə yerləşən 9a, 9b, 40 saylı yaşayış binaları olan ərazilər tamamilə baxımsız qalıb.  Binaların həyəti və əraziləri natəmizlik içindədir. Bu günədək həmin həyətlərdə təmizlik, abadlıq işləri aparan olmayıb.

9a saylı binanın həyəti acınacaqlı durumdadır. Kökündən çıxarılmış və kəsilmiş iri ağacın oduncaqları və budaqları ərazidə qalıb.

Kərəm adlı sakin dedi ki,  9a və 9b saylı beşmərtəbəli yaşayış binalarının daxili yolları bərbaddır. Hər iki binanın zirzəmisi zibil və cirkab kanalizasiya suları ilə dolub.

Çirkab sular, artıq binanın özülünü oyaraq yararsız hala salıb. Binaların zirzəmilərində kanalizasiya xətti sıradan çıxdığından, çirkab sular birbaşa zirzəmilərə axır: “Gəlib binanın zirzəmisini təmizləyib, dezinfeksiya eləmirlər ki, insanlar yoluxucu xəstəliklərə tutulmasınlar. Ağaclarda budanma işləri aparılmır.  10 ədəd iri ağac budanmalıdır. Bu yaxınlarda paytaxtda əsən şiddətli külək onlardan birini yıxıb yerə aşırdı. Xoşbəxtlikdən  bədbəxt hadisə heç bir xəsarət yetirmədi. Gözləyirlər ki, külək  ağacları kiminsə üstünə aşırsın, ondan sonra gəlib budanma işləri aparsınlar. Necə vaxtdır, külək iri bir ağacı kökündən çıxarıb. Gəlib onu mişarladılar. Amma həmin kəsilmiş ağacın kök hissəsi və doğranmış oduncaq və budaqları hələ də ərazidə qalıb”. Sakin onu da dedi ki, kanalizasiya ilə bağlı aidiyyətı qurumlara  müraciət etmişik: “Cavabları bu olub ki, boru lazımdır, alın gətirin, biz də düzəldək.  Sakinlər öz vəsaitləri hesabına boru da alıb gətirdilər. Amma yenə də həminki vəziyyətdir. Çünki binanın  kanalizasiya xətti əsaslı şəkildə dəyişilməlidir”.

 Saknlər söylədilər ki, binaların həyəti  zəbt edilib. İstirahət və uşaqların oynaması üçün heç bir şərait yoxdur. Ətraf rayonların  qəsəbələrində yaşayış binaların  həyətlərində “Abad məhəllə”lər salındığı halda, təəssüflər olsun ki, son illər Bakıxanov qəsəbəsində biz bunu görmürük.

Həmin ərazidə yerləşən 40 saylı  ikimərtəbəli yaşayış binasının dibi ilə gedən su xətti partladığı üçün içməli su sözügedən binaların həyətinə axır.

Gördüklərimizə və sakinlərin iradlarına aydınlıq gətirmək üçün Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində olduq.

MKTB-dən “Həftə içi”nə bildirdilər ki, Məhərrəm Abışov küçəsində yerləşən yaşayış binaları sözügedən birliyin balansında deyil. Həmin binaların təmizlik və abadlıq işləri ilə 147 saylı MKİS  məşğul olur. Bakıxanov qəsəbəsindəki yaşayış binalarında, demək olar ki, dezinfeksiya işləri aparılıb. Bu işlər indinin özündə də davam edir. Bütün binalarda dezinfeksiya işləri aparılacaq.

Oxunma sayı 449