Bakıxanovun natəmizlik içindəki bərbad küçələri - REPORTAJ

18:17 11.10.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

“Payız-qış” qış mövsümü ilə əlaqədar olaraq paytaxtın rayon və qəsəbələrində abadlıq, tikinti  və təmir işləri aparılır. Eləcə də “Abad məhəllə” layihəsi çərçivəsində yaşayış binalarının həyətində təmizlik-sanitar işləri görülür, sakinlərin istirahəti üçün abad məhəllə, park salınır. Bu işlərin görülməsində yerli özünüidarəetmə qurumu olan bələdiyyələr daha yaxından iştirak edirlər.

Bu dəfə yolumuzu Sabunçu rayonunun mərkəzi sayılan Bakıxanov qəsəbəsindən, yəni  Bakıxanov Bələdiyyəsi yerləşən binanın yaxınlığındakı yaşayış binalarından saldıq. Əvvəlcə Xasməmmədov küçəsi, 28, 45 saylı binaların həyətində olduq. Baxımsızlıqdan binaların həyəti acınacaqlı vəziyyətdə idi. Hər tərəf natəmizlik içində idi,  ərazilər süpürülmədiyindən, hər yeri tikinti və məişət tullantıları cənginə almışdı. Zibil qutuları olmadığı üçün, sakinlər zibili hara gəldi atırdılar. Oturacaqların ancaq dəmir dirəkləri qalıb. Binaların fasadlarında və girəcəklərində təmir işləri aparılmayıb.  Məhəllədaxili yolların və meydançaların asfalt örtükləri sıradan çıxıb.

Aslan adlı sakin şikayətləndi ki, binamız təmir edilmir. Həyətdə heç bir şərait yoxdur: “Hər yerdə abad məhəllə salınır, bizim qəsəbə isə bundan çox uzaqdır. Hər tərəf natəmizlik içindədir. Həyətdə oturacaq da yoxdur ki, isti günlərdə təmiz hava qəbul edəsən. Uşaqlarımızın oynaması üçün bir dənə də olsun, meydança yoxdur. Binanın həyətindəki qarajlar və çəpərlər neçə vaxtdır sökülüb. Ərazi acınacaqlı vəziyyətdədir. Çəpərləri sökəndə dedilər ki, binaların həyətində təmizlik işləri aparılacaq. Ağac, qazon əkiləcək, sakinlərin istirahəti üçün park salınacaq, oturacaqlar, “söhbətgah”lar tikiləcək, idman qurğuları quraşdırılacaq. Bir sözlə, sakinlərin istirahəti üçün hər cür şərait yaradılacaq. Sözdən əmələ keçən yoxdur”.

Əhməd Ağayev küçəsi, 43 saylı binanın da həyətində olduq. Binanın həyəti zəbt edilib. Su çənlərinə kimi həyətə atılıb. Yaşıllıq olmadığından, binanın ön və arxa həyəti səhralığı xatırladır.

Məzahir adlı sakinin sözlərinə görə, tikilən gündən bu binada təmir işləri aparılmayıb: “7 mərtəbəli binadır, girəcəklərin daş pilləkənləri uçub-tökülür. Elə girəcək var ki, pilləkənlər çökür. Binanın dam örtüyü təmir edilmədiyi üçün, yağış suları mənzillərə axır. Zirzəmisi çirkab sularla doludur. Ağcaqanadların, siçan və siçovulların əlindən tərpənmək olmur. 104 ailə yaşayan binanın fasadları çirkab içindədir, təmir edib rəngləyən yoxdur. İstilik sistemi, kanalizasiya və su xətləri istismar müəddətini çoxdan başa vurduğundan sıradan çıxıb, yenisi ilə əvəz edilmir. Qışda istilik sistemi işləmədiyindən soyuq, şaxtalı havada beton divarlar arasında buz bağlayırıq”.

Sakinlər söylədilər ki, bu yaxınlarda Bələdiyyə seçkiləri keçiriləcək. Bizə Çağırış Vərəqəsi verəcəklər ki,  gəlin səs verin: ”Bakıxanov qəsəbəsində, təxminən, 90 min əhali yaşayır.  Çoxlu sayda ticarət obyektləri, şadlıq sarayları, iaşə obyektləri, zavod, fabrik, sexlər fəaliyyət göstərir. Bakıxanov Bələdiyyəsi maddi imkanlarına görə, Sabunçu rayonundakı  digər bələdiyyələrdən seçilsə də, sözügedən qurumun qəsəbədə fəaliyyəti görünmür. Qəsəbənin mərkəzi və bir-iki küçəsini çıxmaq şərti ilə, bütün küçələr bərbad vəziyyətdədir. Yaşadığımız binaların həyətində işıqlandırıcı belə yoxdur. Şikayətimizə də baxan yoxdur. Bələdiyyə sədri seçilən gündən bu günədək bircə dəfə də olsun həyətimizə gəlib problemlərimizlə maraqlanmayıblar. Həyətimizdən baxanda bələdiyyə binası görünür”.

Bakıxanov Bələdiyyəsinə getdik. Bələdiyyə yerləşən binanın həyətində qararəngli dəmirrəngli reklam lövhəsinə rast gəldik. Həmin reklamda qızılı hərflərlə yazılıb: “Bakıxanov Bələdiyyəsi Dizayn Layihə Təmir Tikinti və Xidmət MMC-nin xidmətləri, turizmin təşkili, Daşınmaz Əmlakın alqı-satqışı, bütün növ əmlakın sığortalanması, eskizlərin hazırlanması və hüquqi məsələlər, asfalt örtüyünün vurulması, fasad işləri, daxili təmizlik işləri ilə məşğul olur. Nədənsə, Bakıxanovun baxımsız qalmış küçələrində biz bu işlərə rast gəlmədik. Yaşayış binalarında təmir-bərpa və abadlıq işləri aparılmayıb. Bir neçə saat gözlədikdən sonra, Bələdiyyə sədri Ramiz Nəsibov gəldi. Bizi soyuq qarşılayan Ramiz Nəsibov vaxtının olmadığını, suallarınıza “Gedin müavinim cavab versin”, – dedi. Müavinin otağı isə bağlı idi. Bələdiyyə işçiləri sədr müavininin məzuniyyətdə olduğunu söylədilər.

Bizə elə gəlir ki, Sabunçu RİH başçısı Adil Vəliyev hənin binaların mövcud durumu ilə maraqlanacaq, binaların həyətində yaşıllıqların salınmasında, abadlıq və təmir işlərinin aparılmasında öz köməkliyini əsirgəməyəcək.