Banklarda 500 avroya 1 faiz komissiya tutulur - Ekspert

11:14 10.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan banklarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna 1 faizlik komisyon haqqı müəyyənləşdiriblər. Bu, o deməkdir ki, vətəndaş 500 nominallı avro əsginazı ilə əməliyyat aparırsa, o zaman əlavə olaraq 1 faiz ödəməlidir”.

Hafta.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov özünün sosial şəbəkə hesabında yazıb. Ekspert bildirir ki, 500 əsginazlıqlardan ibarət olan 50 min avronu hesabında yerləşdirmək istəyən vətəndaşımız həmin 500 avrodan birini banka “hədiyyə” etmək məcburiyyətindədir: “Bankların tədavüldə istifadəsi davam edən əsginaz üçün əlavə ödəniş müəyyənləşdirməsi bir daha göstərir ki, əksər banklarımızı sadəcə, necə olur-olsun gəlir əldə etmək maraqlandırır. Halbuki, bir müddət öncə Azərbaycan Mərkəzi Bankı 500 nominallıq avro əsginazlarının ölkədaxili istifadəsi ilə bağlı heç bir problemin olmadığını bəyan edib. Banklar heç bir iqtisadi əsas olmadan bu tip komisyon haqlarını müəyyənləşdirməsi sadəcə müştəri üçün əlavə xərc yaratmağa hesablanır. Bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər. Əslində belə xərclər müəyyənləşdirilən zaman həm Mərkəzi Bankın, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə mövcud qanunvericilik çərçivəsində müdaxiləsi çox vacibdir”.

Onun sözlərinə görə, Avropa Mərkəzi Bankı 4 may 2016-cı il tarixdə 500 avro nominallı əsginazın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul edib: “Bununla yanaşı, Avropa Mərkəzi Bankı tərəfindən 500 avroluq pul nişanının bütün kommersiya strukturlarının (o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əsginazlar kimi onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub. Avropa Mərkəzi Bankının və hətta Azərbaycan Mərkəzi Bankının açıqlamalarına baxmayaraq əksər banklarımız müştərilərin xərci hesabına yeni gəlir mənbələri axtarışını davam etdirirlər”.