Baş Nazir seçkiyə iti ilə gəldi – Günün təzadları

18:15 13.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın Baş Naziri Boris Conson parlament seçkilərində səsverməyə Dilan adlandırdığı itlə gəldi.

Hafta.az Azvision.az-a istinadla xəbər verir ki, Baş Nazir  həmin iti bu ilin sentyabrında sığınacaqdan götürüb. O, səs verdikdən sonra jurnalistlərə əl yelləyib və gedib. Consonun səs verdiyi seçki məntəqəsi Londonun Metodist kilsəsində yerləşir.

 

“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı

Tanınmış aktyor, “Uşaqlığın son gecəsi” filmində rol almış Atakişiyev Qorxmaz Ələkbər oğlu vəfat etdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu haqda məlumat hüquq-mühafizə orqanlarından bildirilib. Aktyorun meyiti Nərimanov rayonunda yaşadığı mənzildə aşkar edilib. İlkin məlumatlara əsasən, Qorxmaz Atakişiyevin ölümü meyitinin tapılmasından üç gün əvvəl baş verib. Sənətçi tək-tənha və acınacaqlı vəziyyətdə yaşayıb. Məlumata əsasən, Q.Atakişiyevin bir oğlu və qızı var, lakin övladlarının ataları ilə münasibətləri qaydasında olmayıb. Xatırladaq ki, Qorxmaz Atakişiyev “Uşaqlığın son gecəsi” filmində Zaur obrazının canlandırıb.

 

Moskvada Yunus Əmrənin büstünün qoyulacağı bilindi

Moskvanın “Muzeon” incəsənət parkında görkəmli türk şairi və mütəfəkkiri Yunus Əmrənin büstü qoyulacağı bəlli oldu. Hafta.az xəbər verir ki, bu barədə AzərTAc məlumat yayıb. Dekabrın 12-də Moskva şəhər Dumasının müvafiq komissiyası bununla bağlı qərar qəbul edib. Komissiyanın sədri İqor Voskresenski deyib: “Moskva Xarici İqtisadi əlaqələr və Beynəlxalq Münasibətlər Departamenti və Türkiyə Respublikasının Rusiyadakı səfirliyinin türk şairi Yunus Əmrənin büstünün qoyulması barədə müraciətini dəstəkləmək təklif olunur. Onun Türkiyə Respublikasının və Moskva büdcəsinin vəsaiti hesabına “Muzeon” incəsənət parkında qoyulması təklifi daxil olub. Moskvanın Arxitektura İdarəsi və Yakimanka rayon deputatlar şurasının bu təklifə etirazı yoxdur. Moskva Şəhər Mədəni İrs İdarəsi və Mədəniyyət Departamenti də təklifi dəstəkləyirlər”. Moskva Şəhər Mədəni İrs İdarəsinin məlumatına görə, büstün 2019-cu ildə keçirilən Rusiya və Türkiyənin çarpaz Mədəniyyət İli çərçivəsində qoyulması planlaşdırılır. Voskresenski əlavə edib ki, bu abidənin qoyulmasına cavab olaraq, Ankarada planetin ilk kosmonavtı Yuri Qaqarinin abidəsi ucaldılacaq. “

 

Sabirabadda qayın yeznəni avtomobillə vurdu

Sabirabad sakinini avtomobil vurdu. Hafta.az yazır ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən cümə axşamı gecə saatlarında Sabirabad rayonunun Moranlı kəndndə qeydə alınıb. Kənd sakini, 1981-ci il təvəllüdlü Əsədov Musa Ərzuman oğlu, qaynı – 1986-cı il təvəllüdlü Abbasov Elçin Səfəralı oğlunun idarə etdiyi “QAZ 31” markalı avtomobillə vurulub. Qohumların bildirdiyinə görə, iki aydır ki, yeznə ilə qayın arasında yaşanan münaqişə M.Əsədovun ağır xəsarətlər almasına səbəb olub. M.Əsədov Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun paytaxt xəstəxanalarından birinə göndəriləcəyi gözlənilir. Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Xızıda top mərmisi və 3 raket tapıldı

Xızı rayonunda top mərmisi və raketlər tapıldı. Hafta.az yazır ki, ANAMA-dan "Report"a verilən məlumata görə, dekabrın 11-də saat 17:10-da Dövlət Sərhəd Xidmətindən (DSX) Agentliyə Xızı rayonu, Sitalçay qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub. Məlumatın iş gününün sonunda daxil olmasını və ərazinin yaşayış sahəsindən uzaqda yerləşməsini nəzərə alaraq Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin əməkdaşları dekabrın 12-də həmin əraziyə göndərilib və otlaq sahəsinə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (“OF-26”), 1 ədəd 107 mm-lik raket (“TR-107”) və 2 ədəd partlamış-yanmış 122 mm-lik “9M22S” raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.