Azərbaycanda intihar faktları azalıb

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) intihar saylarının daha çox müşahidə olunduğu ölkələrin siyahısını açıqlayıb. Təşkilatın rəsmi saytının xəbərinə əsasən, əhalisi Azərbaycandan dəfələrlə az olan Ermənistanda baş verən intihar hadisələrinin sayı ölkəmizə nisbətən 3 dəfə çoxdur. Dünyanın ən çox intihar qeydə alınan ölkələrinin siyahısında Gürcüstan da var. Gürcüstanda hər yüz min nəfərə düşən intihar hadisələrinin sayı 8,8 nəfər təşkil edir. Qonşu ölkədə intihara daha çox kişilər meyillidir. Bu ölkədə intihar edənlərin 80 faizi kişilərdir. Reytinq cədvəli tərtib olunan zaman intihara cəhd halları nəzərə alınmayıb.
ÜST-nın açıqladığı siyahıya əsasən, postsovet məkanında intihar hallarının çoxluğuna görə, Litva (hər 100 min nəfərə 71,7 fakt), Rusiya (64,3 fakt) və Belarus (57,5 fakt) ilk üçlükdə təmsil olunur. Liderlərin siyahısında Latviya (48,2 fakt) və Macarıstan da (50 fakt) yer alıb. Gürcüstanla müqayisədə Azərbaycanda bu sahədə vəziyyət nisbətən yaxşıdır. Ölkəmizdə hər 100 min nəfərə 1,3 intihar faktı düşür. Ermənistanda isə bu göstərici 3,9 faktdır. Dünyada ən az intihar halları Cənubi Afrika Respublikası, İran, Yamayka, Haiti və Hondurasda qeydə alınıb. Qərbi Avropada isə bu sahədə ən yaxşı vəziyyət Avstriya, Danimarka, Almaniya və Norveçdədir.
ÜST-nın dünən açıqladığı digər hesabatda isə dünyada vərəmin yayılmasından söz açılır. Təşkilat vərəmə yoluxan və bu xəstəlikdən dünyasını dəyişən insanların sayının son onillik ərzində ilk dəfə azaldığı qənaətinə gəlib. Hesabata görə, əgər 2003-cü ildə vərəmdən 1,8 milyon şəxs ölübsə, 2010-cu ildə bu rəqəm 1,4 milyona kimi enib. Hesabatın Azərbaycana aid hissəsində isə bildirilir ki, müalicəyə müqavimətli vərəm növünün ölkədə təqribi artımı ötən illərlə müqayisədə bir qədər enərək 22 faiz təşkil edib. Müalicə məqsədilə istifadə olunan dərmanlar bəzən effekt vermədiyinə görə, vərəmə yoluxan insanların 56 faizi yenidən müalicə olunmaq zərurəti ilə üzləşir. Hesabata görə, ötən il Azərbaycanda 1700 nəfər müalicəyə müqavimətli vərəm növünün daşıyıcı olub. Ölkədə vərəmlə mübarizəyə isə dövlət səviyyəsində ayrılan vəsaitin artımı müşahidə edilir. Hesabata görə, HİV daşıyıcısı olan şəxslərin həm də vərəmə yoluxması halları Azərbaycanda kifayət qədər aşağıdır və 4 faizi belə aşmır.
Vüsal