Suriyada və Liviyada toqquşmalar səngimir

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
Ərəb Liqası Suriyada hökumətlə müxalif qruplar arsında davam edən qarşıdurmaya son qoymaq məqsədilə bir araya gələcəyini bildirib. Liqanın baş katibi Nabil Elabari deyib ki, qrup 15 gün ərzində dialoqa başlamağı planlaşdırır. O, Qahirədə ərəb xarici işlər nazirləri ilə keçirdiyi növbədənkənar iclasdan sonra danışıb. Elabarinin sözlərinə görə, Suriyada baş verənlərə göz yummaq olmaz. “Döyüşlər, zorakılıqlar və qətllərə görə üzülürük. Ərəb Liqasını və bütün ərəb ölkələrinin Suriyada böhrana son qoymaq barədə cavabdehliyi var“, - deyə o bildirib.
İclasda Suriyanın Ərəb Liqasındakı səfiri Yusif Əhməd bir daha iddia edib ki, zorakılıqların kəskinləşməsində xarici qüvvələrin əli var. Suriyada fəalların bildirdiyinə görə isə təhlükəsizlik qüvvələri və ordudan qaçdıqları güman edilən silahlı şəxslər arasında toqquşmalar zamanı hökumət qüvvələrinin beş əsgəri öldürülüb. Londonda yerləşən Suriya İnsan Hüquqları Monitorinq Qrupu toqquşmanın Homs vilayətində baş verdiyini bildirir. Vilayətdə hökumət qüvvələri ilə ordudan qaçdığı güman edilən əsgərlər arasında toqquşmaların artdığı müşahidə edilir. BMT-nin baş katibi Pan Gi Mun prezident Bəşar Əl-Əsədi vətəndaşların qətllərinə son qoymağa və insan hüquqlarının pozulduğuna dair iddiaların araşdırılması üçün beynəlxalq təhqiqata imkan verməyə çağırıb. BMT yeddi ay bundan əvvəl Suriyada hökumət ələyhinə nümayişlər başlayandan 3 mindən çox insanın həlak olduğunu bildirir. Suriyanın Homs şəhərində prezident Bəşər Əsədin tərəfdarları ilə əleyhdarları arasında şiddətli toqquşmalar yenidən baş qaldırıb. Böyük Britaniyada mərkəzləşən “Suriya İnsan Haqları Müşahidəçiləri“ adlı təşkilatın məlumatına görə, dünən baş vermiş toqquşmalarda 21 nəfər öldürülüb. Onların arasında dinc sakinlərlə yanaşı, təhlükəsizlik qüvvələrinin əməkdaşları da var.
Atışma zamanı ölənlərdən birinin Ukrayna vətəndaşı olan qadın olduğu bildirilib. Ukraynanın Xarici İşlər Nazirliyi bu faktı təsdiqləyib və araşdırmalara başlayıb. Homs şəhərinin bir sıra rayonlarına tanklar cəlb edilib. Suriya ordusu ilə Bəşər Əsəd əleyhdarları arasında toqquşmalarda müxalifət tərəfinə keçən keçmiş hərbçilər də var. Hökumət isə Homs və digər şəhərlərdə “silahlı terror qrulaşmalarının“ fəaliyyət göstərdiyini bəyan edir.
Suriyanın cənub əyaləti olan Darada əhali yenidən küçələrə toplaşaraq, Ərəb Liqasının son qərarını pisləyiblsər. Ərəb Liqasının son toplantısında xarici işlər nazirləri Suriyanı liqadan kənarlaşdırmaq təklifini qəbul etməyib. Bəşər Əsəd rejiminə müxalif olan Şam Xəbər Agentliyinin sosial şəbəkələrdə yaydığı son videoda yüzlərlə Suriya vətəndaşının şəhər küçələrində yürüş təşkil edərək, “Milyonlarla ərəb niyə səsini çıxarmır?“ “milyonlarla ərəb haradadır?“ kimi şüarlar səsləndirib. Ərəb Liqası Suriyanı sıralarından çıxarmasa belə, ölkə rəhbərliyinə atəşkəs imzalaması üçün 15 gün vaxt verib. Əks halda Ərəb Liqası növbədənkənar iclas çağırmaqla, Suriyanı daha sərt şəkildə cəzalandıracağı ilə hədələyib.
Liviyada isə Qəzzafi erasının son akkordları vurulur. Liviyada Qəzzafiyə sadiq şəhərlərdən olan Bəni Vəlidin tamamilə azad olunduğu haqqında xəbərlər yayılıb. Milli Keçid Şurasının hərbi rəsmiləri xəbəri təsdiqləyərək, artıq şəhərin 100 faizinin azad olduğunu bəyan edib. Şuranın qalib döyüşçüləri qələbəni özünəməxsus şəkildə göyə avtomat silahlardan atəş açmaqla və maşınlarının siqnallarını basmaqla qeyd edib. Allah böyükdür sədaları səsləndirən döyüşçülər çiyinlərindən silahı buraxmadan bayram əhval-ruhiyyəsi ilə bir-biriləri ilə qucaqlaşıb.
Döyüşlər başa çatsa da, xarici jurnalistlər şəhərdə böyük dağıntıları aşkar edərək, bəzi binaların NATO hava hücumlarından sonra hələ də yandığını qeyd edib. Bundan başqa, Bəni Vəliddə xeyli sayda bina yararsız hala düşüb, bəzi mağazalar qarət olunub. Qəzzafi qüvvələrinin sonuncu sığınacağı Sirt uğrunda döyüşlər isə sona çatmaq bilmir. Milli Keçid Şurası və NATO qüvvələri hələ də pərakəndə şəkildə müxtəlif məhlələrdə sərt müqavimət göstərən Qəzzafi tərəfdarlarını tam şəkildə zərərzisləşdirə bilmir. Dünən qiyamçılar əsas döyüşlərin getdiyi 2-ci rayona daxil olub. Əsas darvazadan içəri bir-bir daxil olan şura döyüşçüləri burada əlacsız vəziyyətdə susuz və qidasız qalmış ailələr aşkar edib. Qiyamçılar ailələri ərazidən maşınlarla uzaqlaşdırmazdan əvvəl onları içməli su ilə təmin edib. Milli Keçid Şurası və NATO Sirtin böyük hissəsinin ələ keçdiyini bildirsələr də, Qəzzafi tərəfdarlarının müqavimətini hələ də qıra bilməyiblər. Müvəqqəti hökumətin lideri Mustafa Əbdül Cəlil bu həftə Sirtin azad olunduğunu elan edəcəyinə ümid etdiyini bildirib.
Azad Əliyev
Oxunma sayı 163